Ötən həftənin ilk günündə AFFA İcraiyyə Komitəsi (İK) bir araya gəldi və yığmanın yeni baş məşqçisi müəyyənləşdi. Millinin “sükanı arxasına” keçən Nikola Yurçeviç ertəsi gün mətbuat konfransı keçirdi. Hələ İK xorvat mütəxəssisin təyinatını təsdiq etməzdən öncə o, Bakıda idi. Hətta premyer-liqanın 16-cı turunun 2 oyununu da canlı izləmişdi. Düşündük ki, yığmanın ona tapşılacağı dəqiqləşmədiyi halda Yurçeviç çempionatımıza belə can yandırırsa, təyinat gerçəkləşəndən sonra 52 yaşlı mütəxəssis stadionlarda “kök salacaq”. Ancaq...
Premyer-liqanın 17-ci turundakı oyunlardan heç birində xorvat çalışdırıcı gözümüzə dəymədi. Səbəbini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Məlum oldu ki, Yurvçeviç vətəninə qayıdıb. O, bu həftənin sonunda Bakıya dönəcək. Yadınızdadısa, Yurçeviç keçirdiyi mətbuat konfransında uşaqlarının təhsili ilə bağlı onları Azərbaycana gətirməyəcəyini demişdi. Ancaq çox güman, həftəsonu xorvat mütəxəssis Bakıya tək qayıtmayacaq. Belə ki, çalışdırıcı həyat yoldaşı ilə birgə ölkəmizə təşrif buyuracaq. Yeri gəlmişkən, Firuz bəydən Yurçeviçlə rəsmi müqavilənin bağlanıb-bağlanmadığını da soruşduq. Məlum olduğu kimi, tərəflər hələ ki rəsmi sənədə qol çəkməyiblər. Bu proses baş tutduqdan sonra çalışdırıcnın illik maaşı da açıqlanacaq. AFFA rəsmisi Yurçeviç Bakıya qayıtdıqdan sonra müqavilənin imzalanacağını bildirdi.
Sonda daha bir məqamı yada salaq. Yurçeviçin iki köməkçisinin yerli mütəxəssislər olacağını bilirsiz. Yığmanın baş məşqçisi özü mətbuat konfransında bunu demişdi. Ancaq hələ ki onun köməkçilərinin kimlər olacağı da bilinmir. Firuz bəy bu məsələnin də dəqiqləşmədiyini söylədi. Onu da qeyd edək ki, müxtəlif namizədlərin adı çəkilir. Bunlar Elxan Abdullayev, Nazim Süleymanov, Arif Əsədov və Vəli Qasımovdu. Hansı ki, onların əksəriyyəti vaxtilə əsas komandada köməkçi kimi çalışıblar. Adı çəkilənlər hazırda işszidi. Odu ki, onlardan hansınısa Yurçeviçin məşqçilər korpusunda görsək, təəccüblənmərik.
FARİZ