Yığmanın AÇ-2020-nin seçmə mərhələsinə Xorvatiya ilə oyunla start verəcəyini bilirsiz. Bu qarşılaşma martın 21-də Zaqrebdə baş tutacaq. Lakin həmin "pəncərə" zamanı milli seçmə mərhələ çərçivəsində cəmi bir oyun keçirəcəyindən yoldaşlıq oyunu üçün imkan yaranmışdı. Hələ xeyli öncə həmin ərəfədə yığmanın yoxlama matçı keçirib-keçirməyəcəyini AFFA-dan soruşmuşduq. Amma həmin vaxt belə bir qarşılaşmanın reallaşacağı dəqiqləşməmişdi. Artıq assosiasiyanın saytı bu haqda məlumat yayıb. Belə ki, yığma martın 25-də Litva ilə yoldaşlıq oyununda üz-üzə gələcək. “Bakcell Arena”da keçiriləcək oyun saat 18.00-da start götürəcək. Bu, millinin yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama matçı olacaq.
Yığmanın indiyədək Litva ilə iki dəfə qarşılaşdığını bildirək. Tərəflər 1998-ci ildə beynəlxalq turnirdə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanmışıq. Litva 10 il sonra yoldaşlıq oyununda həmin məğlubiyyətin əvəzini çıxıb (1:0).
Yeri gəlmişkən, millinin seçmə mərhələdəki rəqibi Xorvatiyanın Gürcüstanla yoldaşlıq görüşü planlaşdırılıb. Qarşılaşma noyabrın 19-da - tsiklin son oyun günündə baş tutacaq.
FARİZ