Mayın 29-da Bakı möhtəşəm bir oyuna evsahibliyi edəcək. Söhbət Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın final matçından gedir. Növbəti 99 gün ərzində həlledici qarşılaşmaya hazırlıq kampaniyası çərçivəsində bir sıra tədbirlərin təşkili planlaşdırılır. Sırf bu oyunla bağlı yaradılan "Könüllülər Proqramı"nda müsahibə mərhələsinə start verilib. BOS-un məlumat mərkəzində keçirilən mərhələ martın 9-dək davam edəcək. Müsahibə mərhələsində namizədin dil bilikləri yoxlanılacaq, eləcə də əvvəlki tədbirlərdə təcrübəsi, final oyununda işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və başqa şəxsi bacarıqları əsas götürüləcək. 3000 nəfərə yaxın könüllünün dəvət olunduğu müsahibə mərhələsində yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edəcək. Final oyununa özəl hazırlanmış “Futbola səyahət” adlı oyun layihəsinə də artıq start verilib. AL-in tarixini yaxşı bilənlər üçün bu bir fürsətdi. Belə ki, oyunda 1971/72 mövsümündən başlayaraq bugünədək Avropa Liqası, eləcə də Azərbaycan futbolunun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq. İştirakçılar www.quiz.finalbaku2019.az keçidinə daxil olaraq oyunda iştirak edə, sualları hər kəsdən tez və dəqiq cavablayaraq siyahıda birinci ola və dəyərli hədiyyələr qazana bilərlər. Həmçinjn final oyununa ümumi oturacaqlar üçün biletlər martdan satışda olacaq. Hər kəs europaleague.tickets.uefa.com/lottery/welcome_en.html keçidinə daxil olaraq qeydiyyatdan keçə, şəxsi hesabını yaradaraq bilet sifarişi üçün müraciət edə bilər. Finalı izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona mayın 25-29-u aralığında fəaliyyət göstərəcək.