Topaz premyer-liqasında 17-ci tur arxada qaldı. Dörd oyundan birində qolsuz heç-heçə, qalan üçündə isə minimalhesablı qələbələr qeydə alındı. Açılış oyununda "Sumqayıt"la üz-üzə gələn "Keşlə" qalib gəlməklə nəinki sonuncu pillədən qurtuldu, hətta 6-cı yerə yüksəldi. Paytaxt təmsilçisinin avrokubok mübarizəsinə qoşulmaq yönündə ən ciddi sınağı bu həftəsonu olacaq. Belə ki, 18-ci turda rəqib "Qəbələ" olacaq.
Liderlik mübarizəsində vəziyyət daha da gərginləşdi. "Neftçi" Zirədə büdrəməklə "Qarabağ"la xal fərqinin minimuma enməsinə şərait yaratdı. Əslində "Qarabağ" daha çətin sınaq qarşısında idi. Çünki rəqib son vaxtlar yüksəlişdə olan "Qəbələ" idi. Ancaq Qurban Qurbanovun komandası prinsipial rəqiblə dueldən qalib ayrılmağı bacardı. "Neftçi" isə autsayderin müqavimətini qıra bilmədi. Onu da qeyd edək ki, lider növbəti turda "Səbail"lə, izləyicisi isə "Sabah"la qarşılaşacaq. Hansı ki, premyer-liqaya son iki mövsüm diviziondan yüksələn bu komandalar məhz bu turda "Bayıl Arena"da üz-üzə gəlirdi. "Səbail" göstərdi ki, avrokuboklara iddiasının arxasında real güc dayanır. Komanda nəticəyə oynaya bilir. Yeri gəlmişkən, Aftandil Hacıyev həftəiçi transfer etdikləri hər iki legionerə - Oke Akpoveta və İriberri İmanolaya debüt imkanı verdi. Həm özünün turu maksimum nəticə ilə başa vurması, həm də "Qarabağ"ın "Qəbələ"ni üstələməsi "Səbail"ə 3-cü pillədə möhkəmlənməyə şərait yaratdı.
Topaz premyer-liqası
3-cü dövrə, 17-ci tur
16 fevral
Keşlə - Sumqayıt 2:1
Zirə - Neftçi 0:0
17 fevral
Səbail - Sabah 1:0
Qarabağ - Qəbələ 2:1
1. Neftçi 17 11 5 1 29-11 38
2. Qarabağ 17 11 4 2 37-16 37
3. Səbail 17 8 3 6 20-16 27
4. Qəbələ 17 6 5 6 20-20 23
5. Sabah 17 6 2 9 14-22 20
6. Keşlə 17 4 3 10 18-29 15
7. Sumqayıt 17 4 3 10 14-25 15
8. Zirə 17 3 5 9 14-27 14
Bombardirlər: Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) -7, Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi) - 6.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Növbəti turun oyunları: 23 fevral - Qəbələ – Keşlə, Sabah – Qarabağ; 24 fevral - Neftçi – Səbail, Sumqayıt – Zirə.