Sizin reklam burada

“Səbail” Akpovetanın keçidini elan etdi

Title
“Səbail” Akpovetanın keçidini elan etdi
"Səbail", nəhayət, Oke Akpovetanın transferini həll edə bilib. Bayıl təmsilçisi bir müddət əvvəl anlaşdığı, ancaq sənəd problemi üzündən yubanan nigeriyalı hücumçunun keçidini rəsmən açıqlayıb. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 27 yaşlı forvardla cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, İsveçin "Eskilstuna" klubuyla müqaviləsini pozaraq ölkəmizə sərbəst futbolçu kimi gəlib. Beləliklə, “Səbail” bir həftə ərzində iki hücumçu transferi həyata keçirdi. Bundan əvvəl heyətə cəlb olunan forvard argentinalı Imanol İriberri idi. Onunla da bu mövsümün sonuna - mayın 31-dək müqavilə imzalanıb.
Qeyd edək ki, bu, Akpotevanın ölkəmizdə ikinci legioner həyatı olacaq. Afrikalı forvard bunadək 2014-cü ildə "Rəvan"şərəfini qorumuş, 4 ay ərzində meydana çıxdığı 11 matçda 1 qol vurmuşdu. Akpoveta həmçinin 2009-11-ci illərdə Nigeriyanın “Uarri Volves”, 2011-14-cü illərdə Danimarkanın “Brondbü”, 2014-15-də “Bröndsxey”, 2015-16-da “Lünqbü” klublarında, 2016-cı ildə İsveçin “Frej”, “Dalkurd”, 2017-də “Helsinborq” və 2018-də “Eskilstuna” klublarında çıxış edib.
Onu da əlavə edək ki, "Səbail" qış dönəmində dörd yeni futbolçunu heyətinə qatıb. İmanol və Akpovetadan əvvəl yerli müdafiəçi Elvin Yunuszadə və ukraynalı qapıçı Aleksandr Rıbka Bayıl təmsilçisinin sıralarına qoşulmuşdu.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.