Sizin reklam burada

Yığma üzvləri darmadağından danışdı

Baxış Sayı:363

Yığma üzvləri darmadağından danışdı
Musa Qurbanlı: “Onlara qarşı var gücümüzlə mübarizə aparacağıq”
AÇ-nin elit mərhələsinə hazırlaşan yığmanın hazırda İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olduğunu bilirsiz. Vüqar Məmmədin yetirmələri artıq iki yoxlama oyununda qüvvəsini sınayıb. Fevralın 12-də İspaniya U-19-u ilə qarşılaşan milli 2 cavabsız qolla məğlub oldu. Halbuki həmin oyunun qolsuz bitən ilk yarısında millimiz penaltidən yararlana bilməmişdi. Kamran Quliyev fürsəti qaçırmışdı. Srağagün isə U-19 “Ranero”nun (İspaniya) müvafiq yaş qrupu ilə üz-üz gəldi. Məmmədin komandası bu dəfə 6:1 hesablı qələbə qazandı. Maraqlıdı ki, “Ranero” ilə görüşdə də milli penaltidən yararlana bilməyib. Bu dəfə Murad Mahmudov bəxtsizliklə üzləşib. Həmin oyundan sonra futbolçular AFFA-nın saytına danışıblar.
Musa Qurbanlı: “Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqincə mübarizə apardıq. “Ranero” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdu. Qarşıda bizi Şotlandiya ilə çətin matç gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik. Avropa çempionatının elit mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı da var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdı. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit mərhələdə bizə faydalı olacaq”.
Zahid Mərdanov: “Oyuna yaxşı köklənmişdik. Sevindirici haldı ki, meydanı böyükhesablı qələbə ilə tərk etdik. İstədiyimiz oyunu nümayiş etdirib qalib gələ bildik. Uzun müddət idi zədədən əziyyət çəkirdim. Oyun təcrübəmin azlığı istər-istəməz çıxışıma təsir etdi. Bununla belə, məşqlərdə səylə çalışıram. Ən qısa zamanda formamı tam bərpa edib komandaya daha çox faydalı olacam”.
Nail Alışov: “Komanda olaraq AÇ-nin elit mərhələsinə səylə hazırlaşırıq. Təlim-məşq toplanışı çərçivəsində İspaniya, Şotlandiya kimi güclü rəqiblərlə qarşılaşırıq. “Ranero” ilə oyuna gəlincə, sevindirici haldı ki, komandamız böyükhesablı qələbə qazandı. İlk hissədə bir qədər gərginlik olsa da, sonradan toparlanmağı bacardıq. Bu qələbə futbolçuların özünə olan inamını daha da artırır. Fikrimcə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərə bildi”.
Yeri gəlmişkən, Vüqar Məmməd daha öncə Antalyada təlim-məşq toplanışında olduqları zaman Türkiyənin "Sabah" nəşrinə müsahibə verib. O, yığmanın hazırkı durumundan və gələcək planlarından danışıb: “Komanda olaraq Antalyanı çox bəyənirik. Onsuz da Türkiyəni bəyənməmək mümkün deyil. Avropa və Asiyanın bir çox klub və yığma komandaları təlim-məşq toplanışı keçmək üçün buranı seçir. Bir növ yoxlama görüşünün keçirildiyi möhtəşəm məkandı. Antalyada məşq və oyunlar üçün çox stadion var ki, ən əsas da budu. Üstəlik, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Yanvarda Antalya toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşləri bizim üçün çox faydalı oldu. Millimiz çətin dönəmdən keçir. İspaniya toplanışından sonra martda Bakıda toplaşacaq və AÇ-2019-un elit mərhələsinə qatılmaq üçün Rusiyaya gedəcəyik. Rusiya, İrlandiya və Rumıniya ilə bir qrupda yer alacağıq. İnşallah, bu qrupdan da çıxacağıq. U-19 olaraq yığma səviyyəsində Azərbaycanın ən yaxşı nəticəsini göstərmişik”.
Yığmanın çalışdırıcısı məşqçilik karyerasından da danışıb: "2000 və 2001 təvəllüdlü uşaqlarla 4 il əvvəl U-16-da çalışmağa başladım. 2016-cı ildə bu heyət U-17-ni təşkil etdi. Həmin il seçmə mərhələnin startına ayyarım qalmış AFFA məni bu komandaya təyin etdi. Qrupumuzda çox güclü komandalar var idi - İngiltərə, Avstriya və ev sahibi Rumıniya. Qısamüddətli hazırlıq keçməyimizə baxmayaraq, qrupda yaxşı oyunlar keçirdik və 3-cü yeri tutduq. 2017-ci ildə U-15 və U-16 yığmalarını çalışdırdım. Həmin ilin sonunda isə U-19-a keçdim. Bu komandanı köməkçilərimizlə birlikdə çox yaxşı tanıyırıq. Bu milli ilə bu günə qədər dayanmadan irəliləyirik. Əvvəllər "Trabzonspor" və "Altınordu"da təcrübə keçdim. Bunlar mənim üçün böyük qazanc oldu. Bu klublardan millimizə oyunçular qazandırdıq. Hazırda yığmaya dəvət etdiyimiz futbolçular çox yaxşı yerlərə yüksələ bildilər. "Beşiktaş", "Trabzonspor", "Qalatasaray" və "Altınordu" kimi klubların əsas komandalarına çıxanlar oldu. Hətta bəziləri Türkiyə yığmasında oynayır. Bəziləri isə Azərbaycanın U-21 millisində çıxış edir. 2017-ci ildə U-17-lər arasında AÇ-nin seçmə mərhələsi ərəfəsində "Altınordu"nun prezidenti Seyid Mehmet Özkan mənə azərbaycanlı futbolçulara sahib çıxmağı, onlara dəyər verməyi və üzərlərində çox çalışmağı məsləhət gördü. O, hazırda "Altınordu"da türkiyəli futbolçuları yetişdirməklə məşğuldu. Həmin oyunçuların harda olduqlarının da şahidiyik. Mehmet bəyin bir cümləsi məni çox təsirləndirdi. Azərbaycanlı futbolçuların daha bacarıqlı olduqlarını düşünərək, onların uğur qazanmasına çalışıram... Bizim millidə ölkəmizdə premyer-liqadan, birinci diviziondan, Almaniya, Rusiya, Litva və İngiltərə çempionatlarından futbolçular var. Müəyyən sistemimiz mövcuddu. Bütün futbolçular klublarında ən yaxşı şəkildə oynadıqdan sonra yığmaya dəvət edilirlər. Bundan başqa, bizim üçün 5 önəmli meyar var: texniki, taktiki, fiziki hazırlıq, ictimai fəallıq və psixoloji vəziyyət. Klub məşqçiləri ilə məsləhətləşərək, bu meyarlar üzrə çalışırıq. Hər yaş qrupunun asan və çətin tərəfləri var. Fikrimcə, əvvəlcə gördüyün işi sevməlisən və çox intizamlı olmalısan. Bundan sonra kriteriyalara ayıracaqsan və vəziyyətdən həm fərdi, həm kollektiv şəkildə çıxacaqsan. Bu, çətin olduğu qədər, həm də zövqlü işdi".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR