Ağatahir Əzimov: “5-in 4-ə” taktikasını Alesio daha yaxşı bilir”
Fevralın 19-u və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq 19 yaşadək futzalçılardan ibarət yığma hazırlığı davam etdirir. Dünən birinci liqada “Standard”la oyuna çıxan U-19 bu gündən məhz yoldaşlıq görüşlərinə səfərbər olacaq. Yığmanın baş məşqçisi Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibə verərək komandadakı son durum, əsas millinin baş məşqçisi Joze Alesio da Silvanın dəstəyi və başqa məqamlar haqda danışıb.
- Hazırlıq necə gedir?
- Uşaqların qidalanmasından tutmuş məşq üçün zalın ayrılmasına qədər hər şey bizi qane edir. Geyimlərlə təmin edilmişik. Narahat doğuran məqam bir-iki nəfərin zədəli olmasıdı. Sabah (bu gün) isə daha bir oyunçu komandaya qoşulacaq.
- Zədələri ciddidi?
- Müalicə olunurlar. Ancaq Türkiyə ilə oyunlara çatıb-çatmayacaqlarını bilmirik.
- Əsas millinin baş məşqçisi Joze Alesio da Silva da məşq prosesində iştirak edir. Faydalana bilirsiz?
- Məsləhətlər verir, müəyyən taktiki çalışmalarla bağlı fikrini öyrənirik. Xüsusilə də “5-in 4-ə” oyun üslubunu o daha yaxşı bilir.
- Türkiyə yığması ilə bağlı məlumat əldə etmisizmi?
- Hollandiya ilə oyunun videoyazısına baxmışıq. Ötən il bizim U-17 yığmamızı böyük hesabla udan komandanı 3:1 hesabı ilə yeniblər. Udublarsa, deməli, zəif rəqib deyillər.
- U-19-un qeyri-rəsmi olsa da, doğma meydanda ilk oyunudu. Bu amil həyəcan yaradır?
- İlk oyunumuz olsa da, nəticə vacib məqamdı. Komanda qələbə qazanmalıdı ki, özündə inam hiss etsin. Gürcüstanla yoldaşlıq oyununda qələbə qazandıqdan sonra sanki uşaqlara əlavə güc gəlmişdi, özünəinam artmışdı. Rəsmi oyunlar ərəfəsində də bunu etməliyik. Elə də çox vaxtımız qalmayıb. Təxminən bir aydan sonra Avropa çempionatının qarşılaşmaları keçiriləcək.
- Yeri gəlmişkən, Gürcüstanla keçirilmiş yoldaşlıq oyunlarından sonra komandada irəliyə doğru dəyişiklik hiss olunur.
- Heyətimiz, demək olar, eynidi. Əlbəttə, inkişaf var. Problem ondadı ki, bu uşaqlar futzal məktəbi görməyiblər. Dünənə qədər biz əlifbanı – top saxlamağı, ötürmə verməyi öyrədirdik. İndi-indi taktiki çalışmalara başlamışıq.
- Uşaqların özündə futzala maraq varmı?
- Var, oynadıqca, məşq etdikcə maraq artır. “Keşlə” klubu hazırda komandaya cəlb etdiyimiz oyunçuları rəsmi matçlara qədər bizim sərəncamımıza verib. Yəni onlar öz komandalarının oyunlarına görə düşərgəni tərk etməyəcəklər. Bizimlə məşq edirlər və bütün diqqətləri Avropa çempionatına yönəlib. Buna görə klub rəhbərliyinə təşəkkür edirik.
- Rəsmi oyunlardakı rəqiblərlə bağlı hansı məlumatları toplamısız?
- Sloveniyanın Bosniya və Hersoqovina ilə oyununu izləmişəm. Fransa ilə qarşılaşmalarının da videoyazısını göndərəcəklər. İntizamlı komandadı. Görünür ki, uşaq məktəbi keçiblər. Yəni futzal oynamağa indi başlamayıblar. Onlarla qarşılaşma çox çətin olacaq. Ümumi dəyərləndirsək, komandamız rəqiblərlə eyni səviyyədədi. Cənubi Kipri izləməmişəm. Düzdü, onlar ilkin mərhələdən vəsiqə qazanıblar. Ancaq güclərini bilmirəm. Bəlkə uşaq məktəbləri daha yaxşı işləyir? Çalışacağıq məlumat əldə edək. Hollandiyanın isə Türkiyə ilə qarşılaşmasına baxmışıq. Cənubi Kipr istisna olmaqla, qalan iki komanda haqda müəyyən qeydlərim var.
- Birinci liqada çıxış etməyiniz komandaya əlavə üstünlük qazandırır?
- Təbii ki, oyun təcrübəsi qazanırıq. Üstəlik, özümüzdən böyüklərə qarşı mübarizə aparırıq. Ötən həftə “Green Log”la qarşılaşdıq. Güclü heyətləri var. Onlarla sona qədər oynadıq, qorxmadıq. Bu turda isə liderlər qrupunda yer alan və təcrübəli oyunçulardan qurulmuş “Standard”la üz-üzə gələcəyik. Uşaqlarda bir qədər təcrübə və ustalıq çatmır. Çünki yaratdığımız imkanların hamısını realizə edə bilmirik. Bu məqam da yekunda nəticəyə təsir edir. Bunları düzəltmək üçün vaxt lazımdı.