“Yaxın bir-iki ay ərzində boş yerimiz yoxdu”
Xəbər verdiyimiz kimi, “Futbol+” KİVDF Müşahidə Şurasının yanvarın 31-də verdiyi qərarla bu ilin 2-ci rübündə KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqədə iştirak hüququnu itirib. Bununla bağlı artıq qəzetdə müntəzəm yazılar getsə də, ictimaiyyəti durumdan xəbərdar etmək və kollektivin mövqeyini publikaya çatdırmaq üçün bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirməyi düşünürdük. Xatırladaq ki, Mətbuat prospekti, 529-cu məhəllə, bina, 23 ünvanında yerləşən bu qurumun belə görüşlər üçün nəzərdə tutulan üç zalı var. Çərşənbə günü BMM ilə əlaqə saxladıq, tədbiri cümə günü, saat 11-12 aralığında 50-60 nəfərlik, icarəhaqqı 60 manat olan zalda keçirməyi razılaşdırdıq. Onlar da bizdən mətbuat konfransının KİVDF Müşahidə Şurasının son qərarı ilə bağlı olduğunu öyrənib, ertəsi, yəni dünən cavab verəcəklərini bildirdilər. Dünən səhər saatlarında “Futbol+”in kommersiya direktoru Cəsur Məmmədova 0502459494 nömrəli telefondan zəng gəldi və... Davamını oxuyub, qərar verin.
- Salam, Cəsur müəllimdi?
- Bəli-bəli, eşidirəm.
- Beynəlxalq Mətbuat Mərkəzindən narahat edirəm sizi. Tədbirlə bağlı əlaqə saxlamışdız.
- Bildim.
- Biz yerlərə baxdıq. Hələ ki boş zalımız yoxdu.
- Nə vaxt boş olacaq?
- Yaxın bir-iki ay ərzində boş yerimiz yoxdu.
- Bu nə deməkdi? Məgər konfrans zalları iki ay məşğul olur?
- Müqavilə ilə bəzi təşkilatlarla işləyirik. Onlar zalları sifariş ediblər.
- Bir ay öncədən bu müəyyənləşir?
- Müqavilə ilə götürüblər.
- Belə başa düşdüm ki, sizə deyiblər ki, onlara yer verməyin. Elədi?
- Yox-yox, bizə heç kim elə söz deməyib.
- İki ay əvvəldən kim mətbuat konfransı üçün zal sifariş edir?
- Dediyim kimi, bəzi şirkət və təşkilatlar ilə müqavilə əsasında işləyirik. Onlar sifariş edib.
- Şənbə günü heç bir şirkət mətbuat konfransı təşkil etmir. Şənbə gününə də boş zalınız yoxdu?
- Xeyr, boş yerimiz yoxdu.
- Belə çıxır ki, boş zal ancaq apreldən sonra olacaq.
- Dəqiq deyə bilmərəm. Həmin vaxt zəng edərsiz. Boş zalımız olsa, keçirərsiz.
- Deməli, ancaq müqavilə ilə işlədiyiniz təşkilatlara yer var. Başqa təşkilatlara yer yoxdu.
- Xeyr.
- Çox sağ olun.
- Siz də sağ olun.
İki ay ərzində günün butün saatlarında konfrans zalının dolu olmasına ancaq beşikdə uyuyan bəbələr inana bilər və təbii ki, biz də BMM-in bu hoqqasına inanmadıq. Demək olar, yüzdəyüz əminik ki, bu qurumu yönəldənlər “Futbol+”in haqq səsinin bütün ölkəyə yayılmasını istəmədi. Qoy olsun, uzağı gələn həftə mətbuat konfransını keçirəcəyik. Yamanlıq isə BMM-ə qalacaq.
HUŞƏNG
P.S. Səbəb-nəticə əlaqələri axtarmaq istəməsək də, gerçəklik budu ki, KİVDF də məhz həmin binanın 3-cü mərtəbəsində yerləşir.