Sizin reklam burada

Miloş Velebit kimdi?

Baxış Sayı:836

Miloş Velebit kimdi?
Məlum olduğu kimi, fevralın 11-də AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirildi. Düzdü, orda daha çox maraq doğuran məsələ əsas yığmanın baş məşqçisinin təyinatı idi. Bununla belə, toplantıda digər millilərlə bağlı da qərar verildi. Əslində Milan Obradoviçlə Samir Əliyevin uyğun olaraq U-21 və U-19-u çalışdıracağı da bilinirdi. Sadəcə, sözügedən təyinatlar təsdiqləndi. U-17 və U-18-in baş məşqçisinin kim olacağı hələ dəqiqləşməyib. Hazırda 19 yaşlıları AÇ-nin elit mərhələsinə hazırlaşdıran Vüqar Məmmədin U-17-də olacağı ilə bağlı informasiyalar dolaşır. Hər halda, bu iki milli ilə bağlı suallara qarşıdakı günlərdə aydınlıq gələcək.
Ən aşağı yaş qrupu üzrə yığmalara gəlincə, U-15 və U-16 Obradoviçin həmyerlisi, başqa bir serbiyalı mütəxəssis Miloş Velebitə tapşırıldı. Özü də Velebitin işi təkcə bu iki yığmanı çalışdırmaqla məhdudlaşmır. O, eyni zamanda, 15, 16, 17, 18 və 19 yaşadək futbolçulardan ibarət millilərin əlaqələndiricisi kimi fəaliyyət göstərəcək. Bu isə o deməkdi ki, uzun illər Azərbaycanda olan, ancaq futbolçumuza hansısa xüsusi qatqısı olmayan Bernard Lipperti serb mütəxəssis əvəzləyəcək. Təbii, ən aşağı yaş qruplarına rəhbərlik edəcək birinin əsas və U-21 istisna olmaqla, bütün millilərdə əlaqələndirici kimi fəaliyyət göstərməsi özü də qəribə məntiqdi. Çünki adətən, bu funksiyanı ən yuxarı yaş qrupunun baş məşqçisi və ya tam başqa biri yerinə yetirir. Bu məsələnin başqa bir tərəfi.
İndi isə Velebitin karyerasına nəzər salaq. Əlbəttə, həm iki yığmanın baş məşqçisi, həm də millilərin əlaqələndiricisi kimi fəaliyyət göstərəcək mütəxəssisin bundan öncəki məşqçilik yolu maraq doğurur. Ancaq bir məsələni də qeyd edək. Əslində qeyd etdiyimiz vəzifələrin Velebitə həvalə olunması səbəbsiz deyil. U-21-in Obradoviçə tapşırılmasından sonra daha bir serbə sadaladığımız işlərdə etimad göstərilməsi aşağı yaş qruplarında Serbiya təcrübəsinin "hakimiyyət dövrü"nün başlaması deməkdi. İstər Samir Əliyev, istərsə də U-17 və U-18-in çalışdırıcıları onların "çaldığı havaya oynamalı" olacaq. Bəlkə də baş məşqçisi qeyri-müəyyən olan yığmalara da serb gətirildi. Nə bilmək olar?! Özü də Serbiyada uşaq futbolunda tətbiq edilən proqramın müəlliflərindən olan Velebitin ölkəmizdə də eyni sistemi qurmaq fikrində olduğu deyilir. Çox güman, AFFA məhz bu məqamı da nəzərə alıb.
Velebitin karyerasına gəlincə, məşqçiliyə 2005-ci ildə Serbiya U-17-sində başlayıb. Bundan başqa, ölkəsində U-19 millisində və "Banat”da köməkçi-məşqçi, U-16, U-18 və U-19 millilərində, həmçinin "Smederevo"da baş məşçqi olub. Ölkəsinin U-20 yığmasında köməkçi-məşqçi kimi çalışıb. Özü də bu komanda ilə 2015-ci ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında qalib olub. 39 yaşlı mütəxəssisin son iş yeri Yunanıstan superliqasında çıxış edən "Ksanti" olub. O, burda Milan Rastavatsın köməkçisi işləyib. Göründüyü kimi, aşağı yaş qruplarında təxminən 15 illik təcrübəsi var. İnanaq ki, həmin təcrübənin faydasını bizim yığmalar da görəcək. Ona da ümid edək ki, Velebit ölkəmizdə pulunu qazanıb "papağını günə yandıranlardan" olmayacaq.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR