Növbəti toplantı martda keçiriləcək
AFFA rəhbərliyinin “xeyir-duası” ilə yaradılan və hər ay toplantısı keçirilməsi nəzərdə tutulan Klublar Komitəsi (KK) ilk vaxtlarda ssenariyə uyğun fəaliyyət göstərsə də, zaman keçdikcə cızılan xətdən kənara çıxmağa başladı. Artıq komitənin toplantıları hər ay yox, bəzən rübdə bir dəfə keçirilir ki, bu da nəzərdə tutulan plana uyğun gəlmir.
Hazırda rəhbərsiz qalan KK-nın son toplantısı 2018-ci il dekabrın 4-də baş tutub. Tarixə nəzər yetirdikdə də görmək olar ki, yanvar ayı boşa verilib, fevralın da yarıdan çoxu geridə qalıb. Ancaq komitəyə üzv olan elita təmsilçilərinin bir araya gəlib, üzləşdikləri, onları narahat edən problemləri müzakirə etmək, narazı qaldıqları məqamlarla bağlı İcraiyyə Komitəsinə müraciət ünvanlamaq həvəsi yoxdu. Bir sözlə, KK heç bir əhəmiyyəti olmayan quruma çevrilib.
Xatırladaq ki, dekabrda baş tutan son toplantıda AFFA-nın baş katibi Elxan Məmmədov, müavini, Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Frits Stuxlik, PFL-in baş direktoru Məlik Həsənov, Texniki İdman şöbəsinin rəisi Nihad Məmmədov iştirak etmişdi. Onu da qeyd edək ki, məhz həmin toplantıda komitəyə rəhbərlik üçün müxtəlif namizədlərin adları səslənsə də, heç kim sədr postuna keçmək istəməmiş və nəticədə bu iş katibliyə, daha dəqiq desək, komitənin katibi Zaur Hacı-Məhərəmmova həvalə olunmuşdu.
KK-nın növbəti toplantısının nə vaxt keçiriləcəyini bilmək üçün dünən Zaur bəylə əlaqə saxlamağı lazım bildik. Onun məsələyə reaksiyası isə belə oldu: ”Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı UEFA-dan xeyli sayda nümayəndə Azərbaycana gəlib. Bu gün başımız o işlərə qarışdığından Klublar Komitəsinin növbəti iclası ilə bağlı məsələ gündəmdə deyil. Böyük ehtimalla komitənin 2019-cü il üçün ilk toplantısı martda baş tutacaq. İclas martın 5-də də ola bilər, 12-də də. Tarixlə bağlı klublara müraciət edəcəyik. Hansı tarix bütün klublar üçün əlverişli olsa, onda da toplantı keçiriləcək. Komitənin rəhbərsiz qalması AFFA tərəfindən heç də xoş qarşılanmadı. Katiblik institutunun yolverilməz olduğu bildirildi. Ona görə də komitənin AFFA-nın Hesabat Konfransından sonra keçiriləcək iclasında mütləq yeni sədr seçiləcək. Məsələ ilə bağlı əlavə məlumat assosiasiyanın saytında yerləşdiriləcək və ictimaiyyətə dəqiq məlumat veriləcək”.
RƏŞAD