Elbrus Məmmədov: “Siyahımızda 50 namizəd var”
Fevralın 10-12-si aralığında Bakıda təlim-məşq toplanışı keçirən 21 yaşadək futbolçulardan ibarət yığma artıq qısa hazırlığı başa vurub. Məlum olduğu kimi, 3 günlük prosesə əsasən Antalyaya aparılan futbolçular cəlb olunmuş, legionerlər bu dəfə də dəvət edilməmişdi. Xüsusilə divizionun liderlərinin üzvlərinə qapı açan məşqçilər korpusunun bu seçimi "Zaqatala", "Qaradağ Lökbatan" kimi klubların etirazı ilə müşayiət olunur.
Baş məşqçi Milan Obradoviçin köməkçisi Elbrus Məmmədovla əlaqə saxlayıb, həm hazırlığı dəyərləndirməsini, həm də həmkarlarının narazılığına münasibət bildirməsini xahiş etdik: "Budəfəki toplanış əsasən taktiki tapşırıqların icrasının təkmilləşdirilməsinə xidmət edirdi. Antalyada vaxtımız çox olmamışdı. Hətta keçirilən yoxlama matçını təhlil edə bilməmişdik. Baş məşqçi həm "Spartak"ın əvəzediciləri ilə oyunda buraxılan səhvləri, həm də sıxıntı yaşanılan taktiki planları yığma üzvlərinə çatdırdı, müəyyən məşqlər icra olundu. Faydalı məşq prosesi oldu. O ki qaldı yığmaya oyunçu seçimi ilə bağlı iradlara, bu, sırf baş məşqçiyə aid məsələdi. Mən Antalyadan dönəndən sonra qəzetinizə açıqlamamda demişdim ki, yığmanın qapısı bütün namizədlərə açıqdı və zamanı gələndə milli formanı haqq edən hər bir futbolçu düşərgəyə cəlb olunacaq. Siyahımızda 50 namizəd var. Orda həm legionerlər, həm son iki toplanışda iştirak edənlər, həm də irad səsləndirən komandaların üzvləri də var. Təbii ki, əsas üstünlüyü lider komandaların üzvləri təşkil edir. Real durumu qənaətbəxş olan digər namizədlər isə ehtiyac duyulacağı halda cəlb olunacaq. Məşqçilər korpusu daim namizədləri izləyir, nəzarətdə saxlayır. Ola bilər, "Sumqayıt-2"nin oyunu ilə üst-üstə düşdüyünə görə hansısa görüşdə iştirak edə bilməyim, amma ayrı-seçkilikdən, biganəlikdən söhbət gedə bilməz".
Elbrus bəydən onu da öyəndik ki, martda növbəti, daha uzunmüddətli toplanış olacaq: "Düzdü, hələ detallar tam müəyyənləşməyib. 10 günlük toplanış olmalıdı və mümkündü ki, yeni simalar da cəlb ediləcək. Gələn aydakı hazırlıq prosesi çərçivəsində yoxlama oyunu da keçiriləcək".
MİRAĞA