Sizin reklam burada

Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu

Baxış Sayı:410

Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu
Vüqar Məmməd: “Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar”
Avropa çempionatının elit mərhələsinə hazırlaşan U-19 yoxalama oyununda qüvvəsini sınayıb. İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan yığma iki gün öncə, Bakı vaxtı ilə saat 20.00-da İspaniya ilə üz-üzə gəlib. Öncə hər iki komandanın heyətini diqqətinizə çatdıraq.
Azərbaycan: Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Qurbanlı.
Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov, Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Əkbər Vəliyev.
İspaniya: Arnay Tenas, Xuan Miranda, Viktor Şust, Rikard Sançes, Erik Qarsiya, Antonio Blanko, Alexandro Orelyana, Arnay Piqmal, Serxio Qomes, Pedro Ruis, Roberto Lopes.
Ehtiyat oyunçular: Unay Vensedor, Viktor Qomes, Hüqo Killamon, Alvaro Qarsiya, Mohammed Muxlis, Nil Ximenes, Alexandro Kantero, Alexandro Markes, Antonio Aranda, Abel Ruis.
Görüş pireneylilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Halbuki matçın qolsuz bitən ilk yarısında Vüqar Məmmədin yetirmələri fərqlənməyə yaxın olub. U-19-un heyətində Kamran Quliyev 25-ci dəqiqədə özü qazandığı penaltidən yararlana bilməyib. İspanlardan isə 63-cü dəqiqədə Alexandro Kantero, 11 dəqiqə sonra onun adaşı Alexandro Markes fərqlənib. Qeyd edək ki, milli bu gün “Ranero”nun (İspaniya) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Həmin matç Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Reaksiyalar
Vüqar Məmməd: "Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm. Oyun çox surətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik".
Kamran Quliyev: “Avropa çempionlarına qarşı əlimizdən gələnin artığını etməyə çalışdıq. 0:2 hesabı ilə uduzmağımıza baxmayaraq, komanda olaraq rəqibə layiqincə müqavimət göstərdik. AÇ-nin elit mərhələsində uğur qazanmaq üçün belə güclü rəqiblərlə qarşılaşmalıyıq. Penalti epizoduna gəlincə, futbolda bu cür hallar olur. Hər bir futbolçunun başına gələ bilər. Əlbəttə, penaltini qola çevirsəydim, komanda yoldaşlarımda qələbəyə inam artacaqdı. Qismət deyilmiş”.
Turan Vəlizadə: “Yaxşı təşkilanmış kollektivə qarşı mübarizə apardıq. İlk 10 dəqiqədə İspaniya yaxşı oynasa da, sonradan təşəbbüsü ələ almağı bacardıq. Fasiləyədək oyuna nəzarət edən tərəf biz idik. Oyunumuzda yeganə çatışmayan qol idi. Belə oynasaq, elit mərhələdə uğurlu nəticə qazana bilərik. Belə sürətli oyunlar komandanın inkişafına daha çox təkan verir. Kollektiv olaraq çox yaxşı futbol oynadığımızı düşünürəm”.
İbrahim Hüseynov: “Dünyanın aparıcı klublarının üzvlərindən təşkil olunmuş komandaya qarşı oynadıq. Onlara qarşı mübarizə aparmaq bizim üçün böyük təcrübə oldu. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanmağı bacardıq. Penaltini dəqiq yerinə yetirsəydik, fasiləyə üstün yollana bilərdik. İkinci hissədə rəqib bir neçə əvəzetmə edərək oyunda dönüş yarada bildi. Nəticədə yorğunluğumuzdan istifadə edib iki qol vurmağı bacardılar”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR