Sizin reklam burada

Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək

Baxış Sayı:476

Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək
İK-nın sərt üzünü görənlər narazı deyil
Frits Stuxlik nə yuxu görübsə, qış fasiləsindən sonra qaydalara kifayət qədər ciddilik gətirməyə nail olub. Dekabra qədər Əsasnamədə yazılan tələbələrə bu dərəcəcədə həssas yanaşılmırdısa, indiki durum tam fərqlidi.
Təsəvvür edin, 10 gün əvvəl “Qarabağ” – “Neftçi” qarşılaşmasından öncə meydan sahiblərinin fiziki hazırlıq üzrə məşqçisi Mario Dobromirov hakimlər otağına girib söz soruşduğu üçün kluba cərimə kəsilmişdi. “Qəbələ” rəsmiləri “Sumqayıt”la ev oyunundan əvvəl ehtiyat hakim üçün bayraq qoymadığından, bölgə təmsilçisi nə az, nə çox – 1600 manat cərimələnmişdi. Elə həmin tur “Keşlə” – “Səbail” oyunundan sonra tanınmış həmkarlarımızdan biri akkreditasiyasını özü ilə götürmədiyindən mətbuat konfransına buraxılmamışdı. Avstriyalı mütəxəssislə Hakimlər Komitəsində yer alanlar bu cür məsələlərə həssas yanaşmaqla yadda qalmaqdadı. Bununla da bir növ Xaqani Məmmədovun ölənlərinə rəhmət oxutdururlar.
Hesabat turu da bu baxımdan xali olmalıdı. Bu dəfə İntizam Komitəsinin cəza “yağış”ında birinci divizion təmsilçiləri “islandı”. “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət verildi, “Turan Tovuz”la “Ağsu” müxtəlif səbəblərdən pul cərimələrinə layiq görüldülər (bu haqda daha ətraflı başqa yazıda oxu - H.).
Düzdü, başbilənlər bu cür davranmaqla həm premyer-liqada, həm də aşağı dəstədə peşəkarlığın əsas tutulduğunu göstərməyə çalışırlar. Adi bayrağın hakimlər otağına vaxtında qoyulmamasında görə də cəza kəsilirsə, vəziyyətin ciddiliyini anlamaq çətin deyil. Bu məqsədlə son turda cəza və cərimələrlə üzləşən birinci divizion klublarının rəsmilərinin fikirlərini öyrənməyi lazım bildik.
Səbuhi Məmmədov, “Keşlə”nin mətbuat katibi: “Əvəzedici komandada Ülvi İbrahimov adlı futbolçumuz var. Əslində onun futbolka nömrəsi “40”dı. Lakin təqdim olunan protokolda nömrəsi “32” gedir. Əvəzedici komandanın rəsmiləri protokolu dolduranda Ülvinin adının qarşısında “x” işarəsini qoymayıblar. Belə deyim, səhvə yol veriblər. Bu da protokolların yeni olmasına görədi. Halbuki qışa qədərki durum fərqli idi. İntizam Komitəsinin qərarı açıqlanandan sonra protokola baxıldı və bizimkilərin səhvə yol verdiyi aşkarlandı”.
Rüfət Quliyev, “Ağsu”nun baş məşqçisi: “Günah özümüzdə olub. Ona görə də hansısa narazılığımız yoxdu, cərimə də ödəməliyik, ödəyəcəyik. Futbolçuların səhvi ucbatından yaranan gecikmə idi. Geyim formasına riayət etməmişdilər. Halbuki hər dəfə oyundan əvvəl həm biz, həm də dördüncü hakim onlara lazım olan tapşırıqları veririk. Və dönə-dönə tapşırırıq ki, diqqətli olsunlar. Getrlər butsun içində sürüşür deyə, topuqdan kəsib başqa corab geyinirlər. Hakim də bunu görüb irad bildirdi. Futbolçuların həmin problemi aradan qaldırıb meydana çıxması təxminən 10 dəqiqəlik yubanmaya səbəb oldu. Burda hansısa yenilikdən söhbət gedə bilməz. Qayda-qanundu, əməl etməlisən, vəssalam. Əksinə ən kiçik detallara belə fikir vermələri xoş haldı. Peşəkar futbolçulardı, hər şeyin fərqinə varmalıdılar. Səhvlərdən nəticə çıxarmalı və gələcəkdə belə halların baş verməməsinə çalışmalıyıq. O ki qaldı məlum cərimənin kim tərəfindən ödənilməsinə, klub rəhbərliyi hər zaman büdcədən ödəyib. Amma bu dəfə fərqli olacaq. Bu işdə faktiki intizamsızlığa yol verilib. Futbolçulara dəfələrlə məlumat verilsə də, bildiklərini ediblər. Ona görə də cəriməni futbolçuların özləri ödəyəcəklər. 8-9 nəfərdilər, özləri bilirlər. Vərəqə və ya oyunla bağlı cərimələr olanda, klubdan ödənilir. Lakin burda söhbət ayrı-ayrı şəxslərin məsuliyyətsizliyindən gedir. Sabah hansısa oyunçumuz hakimlə, yaxud rəqib futbolçuyla intizam qaydalarından kənar davransa, cəriməni özü ödəyəcək. Bu barədə müqavilədə xüsusi bənd var”.
Süleyman Tağıyev, “Turan Tovuz”un mətbuat katibi: “Lazımi inventar deyəndə, yan xətt hakimi üçün nəzərdə tutulan bayraq nəzərdə tutulur. Bu baxımdan diqqətsizliyə yol verilib. Ona görə də 160 manat cəriməni qəbul edirik. Videoyazının təqdim etməməyə gəlincə, bu da texniki problemlərə görə baş verib. Halbuki oyun 90 dəqiqə lentə alınıb. Hətta həmin disk bu dəqiqə ozümüzdə var. Sadəcə, dediyim kimi, texiniki problemə görə vaxtında aidiyyatı şəxslərə təqdim olunmayıb. Hər iki halda cərimə ilə razılaşırıq. Nöqsanların aradan qaldırılmasına çalışacağıq”.
Etibar İbrahimov, “Kəpəz”in baş məşqçisi: “Yeni protokol ilk dəfə tətbiq edilirdi. Məşqçimiz Tariyel Hüseynov bu məsələ ilə bağlı Bakıya yollanıb lazım olan məlumatı əldə etmişdi. Əfsuslar olsun ki, səhv buraxıldı. Təbii ki, səhv varsa, bu, hamımıza aiddi. Sırf Tariyel Hüseynovun boynuna atmaq lazım deyil. İnşallah, belə səhv bir də təkrarlanmaz. Ziyabil Məmmədov adlı futbolçumuz var. Çempionatın ilk yarısında, "Səbail"lə oyunda üz nahiyəsindən aldığı zədəyə görə əməliyyat olunmuşdu. Uzun müddət yaşıl meydanlardan kənarda qaldığı üçün lisenziyası kənarda qalmışdı. Həmin vərəqə ilə bağlı problem yarandı. Futbolçu sonuncu turda qayıtmışdı, protokolda adı qeyd olunmuşdu və oynayacağı bilinirdi. Sadəcə, futbolçunun əsas heyətdə və ya ehtiyat oyunçular skamyasında olacağı ilə bağlı protokolda xüsusi qeyd edilməli idi ki, həmin qeyd edilməmişdi. Hakimlərə də haqq qazandırmaq lazımdı ki, biz daha məsuliyyətli olmalıyıq. Məşqçimiz səhv etsə də, bu hamımıza aiddi. Səhv varsa, günahkar hamıdan öncə baş məşqçidi".
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR