Millinin baş məşqçisi olacağı gözlənilən Nikola Yurçeviç artıq bir neçə gündü Bakıdadı. Xorvat mütəxəssis artıq premyer-liqanın 2 matçını da izləməyə imkan tapıb. Hadisələrin xronoloji ardıcıllığını nəzərə aldıqda artıq tərəflər arasında razılıq əldə olunduğunu, AFFA-nın yığmanın “sükan”ını məhz 52 yaşlı çalışdırıcıya həvalə edəcəyini düşünmək olar.
Bəs görəsən, Məşqçilər Komitəsinin üzvləri Yurçeviçlə görüşüblər? Sual verə bilərsiz ki, bu məsələ bizi niyə belə maraqlandırır? AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovla yolları ayrıdıqdan sonra hər dəfə mətbuata açıqlamasında yeni baş məşqçinin kim olacağı ilə bağlı Məşqçilər Komitəsinin üzvləriylə məsələhətləşdiklərini, onlarsız bir addım belə atmadıqlarını bildirib. Komitə üzvləri isə baş katibin söylədiklərini hər fürsətdəcə təkzib edib, assosiasiya rəsmilərinin kiminlə danışıq apardığından xəbərsiz olduqlarını söyləyiblər. Yuxarıda qeyd etdiyimiz kimi, Yurçeviç artıq bir neçə gündü paytaxtdadı və çempionatın iki oyununu da canlı izləyib. Bu müddətdə yeni baş məşqçinin komitə üzvləri ilə görüşüb-görüşmədiyini bilmək üçün Ağasəlim Mircavadovla əlaqə saxladıq: “Bu gün (dünən) günorta 2-yə qədər AFFA-da idik. Ancaq bizimlə heç kim görüşmədi. Bizə, ümumiyyətlə, heç kim heç nə deməyib. Ola bilsin, görüş təyinat rəsmiləşəndən sonra olacaq”.
Bu da baş katibin Məşqçilər Komitəsinə qoyduğu hörmət. Yurçeviçi 3 gündü yuxarı-aşağı gəzdirib, ölkənin futbol infrastrukturu və premyer-liqada çıxış edən komandalarla tanış olmağa şərait yaradırlar, ancaq komitə üzvləri ilə bir araya gətirmirlər. Çox maraqlıdı, “ağsaqqalar” təyinatdan narazı qalsalar, necə olacaq? Baş katib seçimini onlara necə əsaslandıracaq?
RƏŞAD