Rüstəm Məmmədov: “Obradoviçin özü futbolçularımızı iş başında görməlidi”
Elçin Dərhagquliyev: “Belə münasibət göstərmək yığmanın baş məşqçisinin özünün özünə etdiyi hörmətsizlikdi”
Milan Obradoviçin açıqladığı növbəti siyahı da birmənalı qarşılanmadı. Ötəndəfəki toplanışdan əvvəl Bakıya yeni gəldiyindən, köməkçisi Elbrus Məmmədovun məsləhəti əsasında addım atmaqla yadda qalmışdı. Və belədə U-21-ə “Sumqayıt-2”dən 7 futbolçunun cəlb olunması hardasa anlaşılan idi.
Təəssüf ki, budəfəki durum da əvvəlkindən fərqlənmədi. Serbiyalı mütəxəssisin elan etdiyi siyahıda yer alanların böyük əksəriyyəti yenə Elbrus Məmmədovun sərəncamında top qovanlar oldu. Digərləri isə “Neftçi-2”, “Qarabağ-2”, “Keşlə-2”də oynayanlar və MOİK-in futbolçuları. Bu da o deməkdi ki, Obradoviç növbəti dəfə əsas komandaların əvəzedici heyətlərindən başqa komandalarda top qovanlara etimad göstərmədi. Halbuki “Şüvəlan”, “Qaradağ Lökbatan”, “Zaqatala” və “Turan Tovuz” kimi kollektivlərdə bacarıqlı gənclər var. Ən azı dəvət etmək, sınamaq olardı. Buna da ehtiyac duyulmadı.
Odu ki, Obradoviçin növbəti dəfə sərəncamında görmək istəmədiyi futbolçuların baş məşqçiləri ilə əlaqə saxlayıb, onlara yenidən tribuna vermək qərarına gəldik.
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov ötən açıqlamasından fərqli, bu dəfə səbirli davranmaqla yadda qaldı: “Elbrus Məmmədovun bir ay əvvəl dediklərimizə hansı cavab verdiyini qəzetinizdə oxumuşdum. Yaya qədər başqa komandaların futbolçularının da yığmaya dəvət olunacağını bildirmişdi. Yəqin ki, qarşıdakı aylarda dediyi kimi olar. Hər halda, gözləmək məcburiyyətindəyik. Fikrimcə, indiki məqamda Milan Obradoviçin özü futbolçularımızı iş başında görməlidi. Deyək ki, yanvardakı toplanışda serbiyalı çalışdırıcı yeni gəlmişdi, heç kimi tanımırdı. Artıq çempionat da davam edir, oyunlar keçirilir. Əsas istəyimiz birinci divizionun qarşılaşmalarını izləməsidi. Bəlkə də oyunçularımız baş məşqçinin futbol fəlsəfəsinə, taktikasına uyğun gəlməyəcək, bu başqa məsələ. Kor-koranə, tanımadan-bilmədən dəvət göndərməsinin də tərəfdarı deyiləm. Futbolçu özünü oyunda daha yaxşı göstərir, nəinki toplanışda. Ona görə də istəyimiz Obradoviçin “Zaqatala”nın iştirakı ilə keçirilən görüşlərə baxmasıdı. Bir-iki futbolçunu gözaltı etsə, gec-tez onu sərəncamında görmək istəyəcək.
Bəzi futbolçularımız qripə yoluxub. Bu dəqiqə əsas diqqətimizi bu problemin həllinə yönəltmişik deyə, açığı, U-21-lə bağlı müzakirələrimiz olmadı. “Qaradağ Lökbatan”la oyundan sonra yığmanın heyətinə baxdım, əsasən premyer-liqada oynayan, əsas komandalarda məşq edən uşaqlardı. Ona görə də nəsə demək çətindi. Hazırda gözləmə mövqeyindəyik. Xeyr, indiyə qədər U-21-in məşqçilərindən heç kim mənimlə əlaqə saxlamayıb, məlumat istəməyib. Həmin fikrimdə qalıram ki, 3-4 futbolçumuzu diqqətdə saxlamağa, yoxlamağa dəyər. Onsuz da aşağı dəstədə top qovan oyunçuların səviyyəsində ciddi fərq yoxdu. Biri digərindən hansısa cəhətdə üstün ola bilər. Amma kəskin fərq yoxdu. Ötən dəfə və budəfəki toplanışda əsasən əvəzedici komandaların futbolçuları və MOİK-də çıxış edən “Qəbələ”lilər iştirak edəcək. İnşallah, növbəti toplanışlarda “Şüvəlan”dan, “Zaqatala”dan, “Qaradağ Lökbatan”dan, “Turan Tovuz” və ”Kəpəz”dən olanlar da iştirak edəcəklər. Ən azı bu komandaların şərəfini qoruyanları da sınamaq lazımdı. Hər halda, ən yaxşısını Obradoviç bilər”.
Mövzunu diqqət mərkəzində saxlayan və bu səbəbdən bizdən zəng gözləyən “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev isə sualı eşidən kimi “partladı”: “Yanvarda Antalyada baş tutan toplanışdan sonra nə zəng vuran olub, nə də maraqlanan. Üç gün əvvəl budəfəki hazırlıq prosesində iştirak edəcək futbolçuların siyahısı açıqlandı. Açığı, yenə əlim üzümdə qaldı. Futbolçuların kimlikləri ilə işim yoxdu. Məşqçilər heyəti var, özləri bilər. Məni maraqlandıran əsas sual siyahının açıqlandığı tarixdi. Hesabat turunun mərkəzi qarşılaşması cümə günü “Qaradağ Lökbatan”la “Zaqatala” arasında keçirildi. Oyun başa çatandan bir az sonra uşaqlar U-21-in heyətinin açıqlandığını dedilər. Halbuki qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bizim oyunu mütləq və mütləq yığmanın məşqçilərindən biri izləyəcək. Bir nəfər də gəlmədi. Ötən mövsüm “Neftçi” İK-nın U-17 komandasını çalışdırırdım. Elə oyun yox idi ki, ora millilərin baş məşqçiləri – Zaur Həşimov, Ramin Quliyev, ən pis halda köməkçiləri gəlməsin. Hər oyunumuzu izləyirdilər, hansı qarşılaşmaya gedirdik, qarşımıza çıxırdılar. Açığı, başqa oyunlarda olmasa da, “Zaqatala” ilə görüşdə kiminsə olacağını düşünürdüm. Çünki hər iki komandada yığmaya namizəd uşaqlar var. Bu cür soyuq münasibət özümə də maraqlıdı. Elbrus Məmmədovla çox yaxşı münasibətim var. Ona görə niyə belə olduğunu özüm də başa düşə bilmirəm.
“Sumqayıt-2” ilə oyunu səbirsizliklə gözləyirəmmi? (gülür) Gizlətmirəm, fikrimdən keçib. Amma indidən intriqa yaratmağın tərəfdarı deyiləm. İnşallah, aprelin 5-də bu komandanı qonaq edəcəyik. Sübut etməli heç nə yoxdu. Sadəcə, adama pis gəlir, qəlbimə toxunur. Çağırmırlar, canları sağ olsun. Heç olmasa, maraqlanardılar, fikrimi soruşardılar. Səmimi deyirəm, artıq U-21-dən əlimi üzmüşəm. Ardıcıl iki toplanışda eyni futbolçular dəvət alırsa, deməli, baş məşqçi seçimini edib. Heç olmasa, Bakıdakı toplanışa dəvət edib yoxlayardılar. Nə turnirdi, nə də U-21 yoldaşlıq görüşü keçirəcək. Görünür, 100 faiz qərarlarını veriblər. Görəsən, Obradoviç öz-özünə demir ki, gedim divizionun prinsipial oyununa baxım. Bəlkə “papaq altında” bunlardan da güclü futbolçular var. Çağırıb, yoxlasınlar, baxsınlar da. Bunu da etmirlərsə, heç olmasa, oyunumuza baxsınlar. O uşaqlar da millinin çalışdırıcısını stadionda görüb daha da həvəslənsinlər. Gəlib baxsın, bəlkə heç bəyənməyəcək. Çempionat görüşlərinə gəlməmək “sizin futbolçulara ehtiyacımız yoxdu” deməkdi. Belə münasibət göstərmək yığmanın baş məşqçisinin özünün özünə etdiyi hörmətsizlikdi. Mən bunu belə qəbul edirəm. Budəfəki toplanışa başqa komandalardan olanları da dəvət etmək olardı. Yenə də sağ olsunlar”.
HƏBİB