Bu həftəsonu mərhum Anatoli Banişevskinin xatirəsinə həsr olunan ənənəvi turnirə start veriləcək. Bakı Kəndlər Futbol Federasiyasının əfsanənin 73 illiyi şərəfinə keçirəcəyi turnirin təşkili ilə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsində görüş olub. Yarışda 6 komanda iştirak edəcək. Təşkilatçılar püşkatma keçirərək, komandaları iki qrupa ayırıb. A qrupunda “Ələt”, “Hövsan” və “Qardaşlar”, B-də isə “Qobustan”, “Binə” və “Müşfiq” yer alıb. Qrup qalibləri finalda üz-üzə gələcək. Oyunlar fevralın 16-23-ü aralığında keçiriləcək. “Banişevski kuboku”nun təşkili üçün AFFA tərəfindən stadion, BŞGİBİ tərəfindən mükafatlar ayrılıb. Təhlükəsizlik, təcili yardım və başqa texniki məsələlərin həllini isə BKFF üzərinə götürüb. Oyunların təqvimi və stadionlar həftəiçi bəlli olacaq. Böyük ehtimalla turnir “Dalğa Arena”da baş tutacaq.
Yeri gəlmişkən, BKFF sözügedən iclasda həmçinin kənd və qəsəbələrin həvəskar komandaları arasında keçirilən “payız-yaz” birinciliyinin ilk dövrəsini də müzakirə edib. Hazırda fasilə verilən çempionatın ilk dövrəsində müşahidə olunan qüsurlar iştirakçıların diqqətinə çatdırılıb, ikinci dövrə ilə bağlı fikir mübadiləsi aparılıb.
MİRAĞA