Ayxan Abbasov: “Bu, məni narahat edən məqamlardan biridi”
Oyun başa çatandan sonra konfrans otağına qaydalara uyğun olaraq, qonaqların baş məşqçisi Qurban Qurbanov daxil oldu. Təcrübəli çalışdırıcı öncə qarşılaşma ilə bağlı fikirlərini dilə gətirdi, daha sonra suallarımızı cavabladı: “Çətin səfər oyunu idi. Vacib 3 xal qazandıq. Tək qələbəyə yox, həm də göstərdikləri xarakterə görə futbolçularımı təbrik edirəm. İkinci qola qədər oyunun tempi aşağı düşmədi. Hər iki komanda adına sevindirici hal idi. Bu gün futbol oynamaq üçün hər şey var idi. Azarkeşlərin dəstəyi, qazonun durumu, oyun…
- “Sumqayıt”ın start heyəti sizi təəccübləndirmədi?
- Qətiyyən. Açığı, bu sistemi gözləyirdik. Düşünürdük ki, Atilla Yıldırım da heyətdə olacaq və iki hücumçu ilə oynayacaqlar. Ancaq bu sistemi, bu oyunu gözləyirdik.
- İkinci hissədə futbolçularınız daha arxayın görünürdülər. Nə ilə bağlı idi?
- Arxayınlıq deməzdim. Sadəcə, hesabda geri düşən komanda daha çox hücum etməyə çalışır. İkinci hissədə Ayxan Abbasov əvəzetmələrlə sistemi dəyişdi. Bu məqamın da müəyyən rolunun olduğunu düşünürəm. Ola bilsin, 2-ci qolumuzdan sonra müəyyən arxayınlaşma oldu. Daha doğrusu, futbolçular rahat oynamağa başladılar.
- Şahruddinin adının iştirak ərizəsində olmamasını “Neftçi”ylə oyunda zəif çıxışı ilə əlaqələndirmək olar?
- Xeyr, qətiyyən. Belə şeylərə görə futbolçunu uzaqlaşdırmırıq. Dünən məşqin sonunda diz nahiyəsindən zədə aldı. Ümid edirik ki, ciddi bir şey olmayacaq.
- Mahir Mədətovun zədəsi nə yerdədi?
- Bu gün də fərdi məşq edirdi. 2-3 günə kollektiv çalışmalara qoşulacaq.
- Tərəddüdə səbəb olan ilk qol zamanı nə düşündüz?
- Orda mübahisəlik heç nə yox idi. Orxan Məmmədov da epizoda yaxın idi. Ona görə də duruma soyuqqanlı yanaşdım. Hətta dördüncü hakim Rauf Cabbarovla da danışdım, o da problem olmayacağını dedi. Ola bilsin, laysmanın məsələyə müdaxiləsinə görə durğunluq oldu. Futbolçularımız hətta əllə VAR sistemini işarə etdilər (gülür). Rəqib futbolçular da qol olduğunu deyirdilər.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsız...
- Çox ciddi rəqibdi. Qış fasiləsindən sonra hər iki oyunu qələbə ilə başa vurublar. İkinci yarıya ciddi hazırlaşıblar. Vaxtımız var, bu oyunun yorğunluğunu çıxarıb, növbəti tura hazırlaşacağıq.
- Reynaldonun durumu sizi qane edir?
- Hələ ki yox. Bir neçə məşqdi komandaya qoşulub. Düşünürəm ki, yaxın vaxtlarda daha yaxşı durumda olacaq.
Qurbanovdan sonra kamera və mikrofonlar önünə Ayxan Abasov keçdi. O da öncə oyunla bağlı düşündüklərini söylədi: “Qarabağ” oyuna çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. Bəlkə də istək çox olduğundan ilk 15-20 dəqiqədə lazım olan oyunu sərgiləyə bilmədik. İlk 45 dəqiqədə üstünlük rəqibin tərəfindəydi. Fasilədən sonra dəyişikliklər etdik, məncə, yaxşı oynadıq. Bir qol çatmadı. Peymanın zədələnməsi də bizə müəyyən problemlər yaratdı. Ancaq yenə də uşaqlara ikinci hissədəki oyuna görə təşəkkür etdim. Əlbəttə, qış fasiləsindən sonra keçirdiyimiz hər iki oyunda məğlub olmağımız məni üzür, belə olacağını gözləmirdik. Lakin qarşıda xeyli matç var və düşünürəm ki, vəziyyətdən çıxa biləcəyik.
- Təcrübəli futbolçuları ehtiyatda saxlayıb əsas heyətdə bəzi gənclərə yer verməyiniz nə ilə bağlı idi?
- Əfranın şəxsi problemi var idi və buna görə də həftəiçi bir neçə məşqdə iştirak edə bilməmişdi. Atilla xəstələnmişdi deyə, adını iştirak ərizəsinə sala bilmədik. Rail də tam hazır deyildi. Sağ olsun, zədəli vəziyyətdə də olsa, komandaya kömək etdi. Ona görə də əvəzetmələrə əl atmaq məcburiyyətində qalmışdıq.
- İki oyunda qol vura bilməyən Peyman Babayidən razısız? Hətta bir epizodda ürəyinin bulandığına işarə edib əvəzlənməsini istədi.
- Həmişə demişəm ki, bizim çempionat çətindi. Peymanda potensial, istək var. Bəli, əvəzlənməsini istədi. Ancaq bu, əzələsinin dartılması ilə bağlı idi. Ona vaxt lazımdı. Hamı kimi, ona da inanıram.
- Ardıcıl iki məğlubiyyət futbolçularınıza necə təsir edir?
- Fərq etmir, hansı rəqibə uduzursan. Hər bir yenilgi xoşagəlməzdi. Ancaq hər bir məğlubiyyətdən dərs çıxarmalıyıq. Lakin unutmayaq ki, ikinci yarıya “Qəbələ” və “Qarabağ”la oyunlarla başladıq.
- İlk və ikinci 45 dəqiqədə iki fərqli “Sumqayıt” izlədik. Doğrudanmı “Sumqayıt”a Əfransız çətindi?
- Əfran bu gün ən yaxşı futbolçularımızdandı. Hücumlarımızı əsasən onun üzərində qururuq. Ancaq unutmayaq ki, ilk hissədən sonra hesabda geridəydik. Bu üzdən də irəli atılmışdıq. Həm də fasilədən sonra futbolçular “ayıldı”. Bütün hallarda Əfran təcrübəli oyunçudu. O, bizim üstünlüyümüzdü.
- Qəbələdə də, burda da Rəşad Əzizli uzaqdan qol buraxdı. Mehdi Cənətova güvənmək fikriniz varmı?
- Mehdiyə güvənirik, ona əsas heyət üzvü gözü ilə baxıram. Məğlub olmuşuqsa, hamımızın günahı var. Rəşadda böyük səhv görmürəm. Qarşıdakı oyunlarda Mehdini də, Rəşadı da görəcəyik.
- “Sumqayıt”da uzaq məsafədən zərbələrə rast gəlmirik. Nə ilə bağlıdı?
- Sizinlə tam razıyam. Bu, məni narahat edən məqamlardan biridi. Bunun üzərində işləyirik. Bu gün rəqib əksər hallarda zərbəyə imkan vermirdi. Ancaq fürsətlər var idi. Yaxşı zərbə vura bilən futbolçularımız var. Təəssüf ki, istifadə etmədilər.
HƏBİB
Yeri gəlmişkən...
"Qarabağ" “feysbuk” hesabında Rail Məlikova təşəkkür edib. Ağdamlılar təcrübəli müdafiəçinin hərəkətini yüksək qiymətləndirib. Xatırladaq ki, Ozobiçin zərbəsindən sonra top "Sumqayıt"ın qapı torunu deşərək, keçib. Orxan Məmmədov qolu qeydə almaqda tərəddüd edib. Yan xətt hakimi ilə məsləhətləşmədən və futbolçuların özlərinin də qolun olduğunu təsdiqləməsindən sonra o, mərkəzi göstərib. Bu zaman epizoda yaxın olan Məlikov referiyə yaxınlaşaraq, topun tora içəridən daxil olduğunu təsdiqləyib.