Deviç bu dəfə “Sabah”a “qəbir qazdı”
61. Sabah (Bakı) – Qəbələ 0:1 (0:1)
30. Saşa Stamenkoviç – 5,0
25. Vanderson Silva – 5,0
5. Kərim Diniyev – 5,0
13. Filip İvanoviç – 5,0
11. Elgün Nəbiyev – 5,0
91. Coşqun Diniyev – 5,0
(4. Tərzin Cahangirov, 74) – 4,5
15. Erik Ramos – 5,5
22. Miloş Bosançiç – 4,5
(8. Elşən Abdullayev, 46 - qiymətsiz /97. Emil Qasımov, 60) – 4,5
7. Rəşad Eyubov – 5,0
10. Cavid İmamverdiyev (k) – 5,0
9. Marko Deviç – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
6. Vadim Abdullayev
21. Novruz Məmmədov
27. Bəxtiyar Soltanov
33. Eltun Turabov
88. Elçin Əsədov
77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Erik Ramos
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov – 5,5
3. Voislav Stankoviç – 5,5
27. Bəhlul Mustafazadə - 5,5
2. Amin Seydiyev – 5,5
4. Elvin Camalov – 5,0
(88. Sabien Lilay, 68) – 5,0
14. Cavid Hüseynov (k) – 5,5
9. Davit Volkov – 5,5
(21. Atakora Lalavele, 77) – qiymətsiz
17. Ceyms Adeniyi – 5,5
28. Stiven Jozef-Monroz - 5,5
(11. Asif Məmmədov, 88) – qiymətsiz
10. Rauf Əliyev – 6,0
Ehtiyat oyunçular
1. Anar Nəzirov
5. Rasim Ramaldanov
18. İlqar Qurbanov
8. Qismət Alıyev
7. Roman Hüseynov
98. Rövlan Muradov
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Rauf Əliyev
Qol: R.Əliyev, 31 (C.Adeniyi).
Vərəqələr: M.Deviç, 17 (qeyri-idman hərəkəti). R.Eyubov, 29 (qeyri-idman hərəkəti). C.Diniyev, 47 (qeyri-idman hərəkəti). A.Seydiyev, 53 (qeyri-idman hərəkəti). E.Camalov, 57 (qeyri-idman hərəkəti) – sarı. M.Deviç, 45+1(qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev (hamısı Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
9 fevral. Masazır. Əlincə Arena. 600 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun mərkəzi oyununda mövsümün ikinci yarısına qələbə ilə başlayan komandalar üz-üzə gəlirdi. “Qəbələ” eyni xala malik olduğu rəqibini üstələməklə turnir cədvəlində onu geridə qoymaq haqda düşünürdü. “Sabah” isə kubokun 1/4 finalındakı məğlubiyyətlərin (0:1, 0:1) də əvəzini çıxmaq niyyətində idi. Ancaq debütant oyuna iki ciddi itki ilə çıxmışdı. Bu qış məhz “qırmızı-qaralar”dan transfer edilən Təmkin Xəlilzadə “sarı” limitini doldurduğu, Məqsəd İsayev isə ötən matçda “qırmızı” aldığı üçün “Əlincə Arena”dakı qarşılaşmanı buraxırdı.
Ümumi dəyərləndirsək, hansısa komandanın aşkar üstün olduğunu deyə bilmərik. Ancaq “Qəbələ”nin yaratdığı qol vəziyyətləri yetərincə ciddi, həmçinin say baxımından çox idi. Hesab açılana qədər Ceyms və Rauf diqqət mərkəzinə düşmüşdü. Adeniyiyə Kərim, Əliyevə isə Saşa mane olmuşdu. 31-ci dəqiqədə “qırmızı-qaralar” arzuladığı qolu vurdu. Əslində həmin vaxt “Sabah” hücumda idi. Lakin Marko künc bayrağının yaxınlığından topu meydanın mərkəzinə tərəf qaytardı, belədə debütant əks-hücumda yaxalandı. Adeniyi irəli ötürmə etdi, Rauf isə sürətini işə salıb rəqib qapısına doğru şığıdı. Onun son vuruşu zamanı top Stamenkoviçin ayağına dəysə də, tora daxil oldu. Fasilə ərəfəsində Əhmədovun komandası daha bir zərbə aldı. Cavid cərimə meydançasının həndəvərindən qapını nişan aldı, Dmitri topu qaytardı, qapıçı ikinci dəfə “kürə”ni əli ilə uzaqlaşdıraraq ona Markonun yiyələnməsinə imkan vermədi. Bu epizodda Deviç yerdə qalıb, penalti tələb edincə, hakim ona ikinci sarı vərəqəni göstərdi. Özü də forvard 17-ci dəqiqədə də eyni səbəbdən qarşısında “sarı” görmüşdü. Düzdü, ədalət təmsilçisinin qərarına səhv deyə bilmərik. Hakimi aldatmağa cəhdin “mükafat”ı “sarı”dı. Lakin belə bir oyunda hakim vərəqə verməsəydi belə, çətin ki, onu qınayan tapılacaqdı. Dəfələrlə olub ki, hakim simulyasiya edən futbolçuya əli ilə “qalx” işarəsi verib və “sarı”sız ötüşüb.
Təbii, azlıqda qalan “Sabah”ın ikinci yarıda vəziyyəti xeyrinə dəyişəcəyi asan məsələ deyildi. Düzdü, ötən turda “Zirə” ilə matçda bundan da erkən “qırmızı” ilə debütant çətin duruma düşmüş, lakin qələbə qazanmağı bacarmışdı. Sadəcə, bu dəfə komanda həm əsas qol silahını itirdi, həm hesabda geridə idi, həm də rəqibin kimliyi məsələsi var idi. Əhmədov hücum xəttini gücləndirmək üçün Elşəni döyüşə atdı, ancaq yarımmüdafiəçi çox keçmədən zədələnib, yerini gənc Emilə verdi. Bir sözlə, bu matçda hər şey “Sabah”ın əleyhinə işlədi. İkinci yarıda “Qəbələ”nin hesab arasındakı fərqi artıracağını düşünənlər isə yanıldı. Doğrudu, “qırmızı-qaralar”ın heyətində həm Əliyev, həm də Adeniyi təhlükəli vuruşlarla yadda qaldı. Lakin ilk epizodda qeyri-dəqiqlik, ikincidə isə Saşa qola imkan vermədi. Son dəqiqələr daha həyəcanlı keçdi. İtiriləsi bir şeyin olmadığını düşünən meydan sahibləri irəli atıldı. Hətta uzatma dəqiqələrində Stamenkoviç də hücuma qoşuldu. Bu zaman “Qəbələ”nin əks-hücum şansı yarandı. Saşa qapıya qaçıb çatdıra bilməyəcəyini anlayıb meydanın mərkəzində topu almaq istəsə də, Hüseynov ona imkan vermədi və “kürə”ni Atakoraya çatdırdı. Sonuncu bir qədər irəlilədi, “mərmi”ni “çərçivə”yə ünvanladı, ancaq Tərzin topu qaytardı. Bu vaxt Ceyms təkrar zərbəylə toru silkələsə də, hakim ofsayda işarə edib qolu qeydə almadı. Beləliklə, sonu dramatik alınan matçda sevinən tərəf qonaqlar oldu. Dekabrdakı kubok oyunlarını da nəzərə alsaq, “Qəbələ” ardıcıl 4-cü matçda 1:0 hesabıyla qələbə qazandı.
FARİZ
Reaksiyalar
Sənan Qurbanov: “Çempionatın ikinci yarısına ev oyunundakı qələbə ilə başladıq. Odu ki, səfər matçında daha məsuliyyətli olmalıydıq. Hər an konsentrasiyanın itirilməsindən ehtiyatlanırdıq. Sırf bu məqamda hansısa səhvə yol vermədikləri üçün futbolçularıma təşəkkür düşür. Sürətli rəqib qarşı oynayırdıq, “Sabah”ı təhlil etmişdik. Bu komanda ötən turda azlıqda qalsa da, oyun intizamını bir an belə pozmamışdı. Uşaqlar verdiyim tapşırıqların öhdəsindən gəldilər, əsl xarakter göstərdilər. Sonda ajiotaj böyük idi. Qapımız qarşısında qol epizodu yaranmasa da, hay-küylü qarşılaşma oldu. Bu üzdən oyunu sakitləşdirmək istəyirdik, bəzən alındı, bəzən yox. Ən əsası qələbə qazandıq. Deməzdim ki, bizdə oyun intizamsızlığı var. Hər şeyi təhlil edirik. Sadəcə, daha çox qələbə qazanmaq istəyi bəzən hay-küyə gətirib çıxır. Ümumilikdə komandanın oyunundan razıyam, intizam baxımından hansısa problem görmədim... Aqressiv və narahat görünürdüm? Səbəbi təkcə konsentrasiya ilə bağlı idi. Narahatlığımı ilk dəqiqədən futbolçulara aşılamağa başladım. Uşaqlar da bunu anladı, lazım olanı etdi. “Qəbələ”nin adına layiq oynamağa çalışırıq. Hər bir matçda diqqətli olmalıyıq”.
Elşad Əhmədov: “Belə oyun haqda danışılası çox şey var. Ancaq qısa danışacam. Artıq ikinci matçda 10 nəfərlə qalırıq. Bunu komandadakı intizamsızlıqla əlaqələndirməzdim. Uzaq idim, Deviçin 2-ci “sarı”sının olub-olmadığını deyə bilmərəm. Təkrara baxandan sonra dəqiq söz söyləmək olar. Azlıqda qaldığımız hər iki oyunda uşaqlar sona qədər vuruşdular. Sadəcə, bu gün hesabda da geridyədik. Futbolçularıma “sağ ol” düşür ki, “Qəbələ” kimi komandaya qarşı bir nəfər əskik olmağa rəğmən, belə oyun göstərdilər. Hələ ki transfer çalışmamız tamamlanmayıb. Azad agent statsuna malik futbolçu axtarırıq. Ola bilsin, hücumçu transfer edək... Deviçin ötən oyunda simulyasiya etdiyini deməzdim. Hakim epizoda yaxın idi, qərar verdi. Deviç kimi futbolçunun Azərbaycanda oynaması qürurvericidi. Onun “Sabah”da olması bizim üçün daha yaxşıdı. Təki belə legionerlər olsun ki, gənc futbolçularımız onların yanında təcrübə qazansınlar. Markoya cəza vermək haqda düşünmürük”.
FARİZ
Gözdən qaçmadı
* Deviç ilk “sarı”nı qarşısında görəndən sonra hakimin əlini sıxdı. Bu, hücumçunun simulyasiya etdiyinin etirafı və ədalət təmsilçisinin doğru qərar verdiyinə işarə idi. Ancaq Səbuhi Bayramov həmin an Deviçi meydandan kənarlaşdırdı. Ona görə yox ki, futbolçu hakimin əlini sıxa bilməz. Sadəcə, forvardın geyimində nəsə problem var idi və onu aradan qaldırmaq üçün meydanı qısa müddətə tərk etməli oldu.
* Oyunun sonlarına yaxın “Qəbələ”nin sənəd üzərində baş məşqçisi, əslində isə Sənan Qurbanovun köməkçisi olan Zaur Həşimov hakimə kəskin etiraza görə tribunaya qovuldu. Hərçənd 4-cü hakim Həşimovu texniki zonadan uzaqlaşdırmaq üçün xeyli səy göstərməli oldi. Lakin bunlar fayda verməyincə, baş hakim məsələyə müdaxilə etdi və Zaur bəy tribunanın yolunu tutdu.
* Qarşılaşmadan sonra Hakimlər Komitəsinin sədri Frits Stuxlik hakimlər otağına daxil olmaq istəyirdi. Amma qapının qarşısında dayanan polis avstriyalı sabiq referini içəri buraxmadı. Baxmayaraq ki, Stuxlikin boynundan vəsiqə asılmışdı. Asayiş keçikçisi yalnız AFFA nümayəndəsi icazə verdikdən sonra qapını komitə sədrinin üzünə aça biləcəyini söylədi. Məsələ də məhz polisin dediyi baş verdikdən sonra həllini tapdı.