Almaniyanın 2-ci bundesliqasında 21-ci turun oyunları keçirilib. Dmitri Nazarovun formasını geydiyi "Ertsgebirge" öz meydanında turnir cədvəlinin sonuncusu "İnqolştadt"ı qəbul edib. Qonaqlar gözlənilmədən 3:0 hesablı qələbə qazanıb. Nazarov matçı ehtiyat oyunçular skamyasından izləyib. Hazırda "Ertsgebirge" 22 xalla 13-cü yerdə qərarlaşıb.
İspaniya sequndasının 25-ci turunda "Alkorkon" "Kadis"i qəbul edib. Meydan sahibləri ilk hissədə hesabı açsa da, qonaqlar son 6 dəqiqədə 2 qol vuraraq 2:1 hesablı qələbə qazanıb. "Alkorkon"un heyətində Eddi İsrafilov 90 dəqiqə meydanda olub. Hesabında 38 xalı olan "Alkorkon" turnir cədvəlində 8-ci pillədədi.
Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” evdə “Osmanlıspor”la qarşılaşıb. Meydan sahibləri 2 cavabsız qolla məğlub olub. Dənizin adı iştirak ərizəsinə daxil edilməyib. “Gənclərbirliyi” növbəti məğlubiyyətin ardından 41 xalla 3-cüdü.
Həmin birinciliyin başqa bir qarşılaşmasında "Boluspor" "Afyet Afyonspor"u qəbul edib. Meydan sahiblərinin heyətində Ufuk Budak 90 dəqiqəni əvəzedilmədən keçirib, oyun isə 1:1 hesabı ilə başa çatıb. 21 turdan sonra "Boluspor" turnir cədvəlində 8-ci yerdədi.
Portuqaliya sequndasının 21-ci turunda Renat Dadaşovun formasını geydiyi "Eştoril" "Kova da Pyedade" ilə üz-üzə gəlib. Hər hissədə bir qol vuran "Eştoril" 2 cavabsız qolla qalib gəlib. Renatın adı isə matçın "18-liy"ində olmayıb. Bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran "Eştoril" 3-cü pilləyə yüksəlib.