U-21-də növbəti dəfə “Sumqayıt-2”nin hegemonluğu
U-21 dünən növbəti toplanışa start verib. Milliyə dəvət alanlar üç gün ərzində Milan Obradoviçin rəhbərliyi altında məşq etməklə bir növ növbəti seçmə mərhələyə hazırlaşacaq. Hazırlıq prosesi ilə işimiz yoxdu. Baş məşqçi yenidisə, istəsək də, istəməsək də, milli üzvlərini hər ay sərəncamında görmək istəyəcək. “Ənənə”nin kökü hələ Berti Foqts əsas yığmaya rəhbərlik edən dövrdən elə qoyulub ki, mərəzdən qurtulmaq mümkün deyil.
Bu yerdə əsas narazılıq doğuran məqam toplanışa cəlb olunan futbolçular, lap dəqiq desək, onların hansı komandalarda oynaması ilə bağlıdı. Maraq üçün yanvarın 21-24-ü aralığında U-21-in Antalya toplanışında iştirak edən futboçulçularla budəfəki toplanışa dəvət alanların adlarına nəzər yetirdik. Üstünlüyü yenə də Obradoviçin köməkçisi olan, eyni zamanda “Sumqayıt-2”yə cavabdehlik daşıyan Elbrus Məmmədovun rəhbərliyi altında top dalınca qaçanlar təşkil edir. Nə az, nə çox - 7 nəfər “Sumqayıt-2”nin üzvüdü. Eynilə ötən ay olduğu kimi. Həm də eyni futbolçulardı.
Serbiyalı mütəxəssisin ötən ay sərəncamında gördüyü gənclərlə indikilər arasında ciddi fərq yoxdu. Yalnız 3 dəyişiklik diqqəti çəkir. Yanvarda Əsgər Hüseynov, Qədir Bayramlı və Emil Qasımov da U-21-ə çağırılanlar arasındaydısa, bu dəfə onların yerini Rəhman Daşdəmirov, Əli Şirinov və əvvəlki hazırlıq prosesində zədə səbəbindən iştirak edə bilməyən Hacıağa Hacılı tutub. Bu isə o deməkdi ki, Obradoviçin növbəti seçmə mərhələdə komandasında görmək istədiyi yığma üzvlərinin adı böyük ölçüdə məlumdu. Və buna seleksiya xarakterli təlim-məşq toplanışı deməyə adamın dili gəlmir.
Halbuki yanvar toplanışı üçün siyahı açıqlanandan sonra “Zaqatala” ilə “Qaradağ Lökbatan”ın baş məşqçiləri Rüstəm Məmmədov və Elçin Dərgahquliyev qəzetimizə açıqlamasında əcnəbi çalışdırıcını seçiminə görə qınamışdılar. Onların fikrincə, adı çəkilən komandaların hər birində kifayət qədər bacarıqlı gənclər var ki, U-21-ə dəvət almaq onların da haqqıdı. Obradoviçlə danışmaq, həmkarlarının narazılığına münasibət öyrənmək imkanımız olmadığından, məlum məsələ ilə bağlı köməkçisi Elbrus Məmmədovu danışdırmışdıq. Elbrus bəyin dediklərini bir daha yada salaq: “U-21 yeni baş məşqçinin rəhbərliyi altında birinci dəfə yığışır. Bütün namizədləri birdən çağırmaq, 50-60 nəfəri aparıb bir oyunda hamısına şans vermək mümkün deyil. İlk olaraq, əsasən premyer-liqada çıxış edən futbolçulara üstünlük verdik. Sonra divizionun lider komandalarına nəzər saldıq, seçimimizi onların heyətindən etdik. Lider deyəndə ilk “üçlüy”ü nəzərdə tuturam. Bu komandalar isə “Sumqayıt-2”, MOİK və “Neftçi-2”di. Əsas heyətdə özünə yer edən, premyer-liqada oynayan futbolçular var. Belədə biz növbəti toplanışlarda ancaq boş yerlərə namizəd axtaracağıq. Həmkarlarıma demək istəyirəm ki, bir az səbrli olsunlar. Bizim iyun-iyul ayına kimi vaxtımız var. Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağrılanlar olacaq. Təbii ki, kimi bəyənib-bəyənməmək Milan Obradoviçin rəyindən asılı olacaq, son sözü o deyəcək”.
Bu da Elbrus bəyin dedikləri. Daha doğrusu, ağ yalanı. Həmkarlarına səbrli olmağı məsləhət görən, növbəti toplanışlarda “Zaqatala”, “Qaradağ Lökbatan” kimi komandalardan da futbolçuların U-21-ə dəvət olunacağına dair açıqlama verən mütəxəssisin dediyi həyata keçmədi. Tək bu yox, heç digər komandalardan da çağırılanlar olmadı. Obradoviçin sərəncamında yenə “Sumqayıt-2”nin 7 futbolçusu olacaq. Digər komandalardakı futbolçularla məşqçilər isə Elbrus bəyin məsləhəti əsasında hələ çox gözləməli olacaqlar. Heyətin tən yarısı “Sumqayıt”la “Neftçi”nin üzvləridisə, başqalarına nə ehtiyac? Düz demirəm, Elbrus Məmmədov?
HƏBİB