“Mənim üçün Dario danışılası mövzu deyil”
Qış fasiləsində “Neftçi”də gözlənilməz ayrılıq reallaşdı. Komandanın liderlərindən olan Dario Federiko “ağ-qaralar”ı tərk etdi. Braziliyalı yarımmüdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək. O artıq “Daequ”nun üzvüdü. Darionun daha çox qazanc üçün Şərqi Asiyaya üz tutduğu birmənalıdı. Hər halda, onun gedişinin “Neftçi”yə 50 min dollar qazandırdığı da deyilirdi. Ancaq ən qəribəsi budu ki, Federiko gedəndən bəri “ağ-qaralar”ın rəhbərliyinə qarşı heç də xoş sözlər demir. Elə onun “qafqazinfo”ya son açıqlaması da bu qəbildəndi. Özü də “sambaçı” paytaxt klubunun idman direktoru Ceyhun Sultanovun adını çəkib, onun haqda heç də xoş olmayan sözlər söyləyib.
Odu ki, dünən Ceyhun bəylə əlaqə saxlayıb, Darionun açıqlamaları ilə bağlı fikirlərini öyrənmək istədik. Hər halda, klubla futbolçu arasındakı narazılığın səbəbi maraq doğurur. “Neftçi”nin idman direktoru qısa danışdı: “Açığı, bu haqda danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, mənim üçün Dario danışılası mövzu deyil. Müqavilədə nə olubsa, ona da əməl etmişik”.
FARİZ