“Futbol+”ə dəstək verənlərin sırasına daha bir futbolçu qoşulub. Qara Qarayevin ardından yığmanın digər üzvü Ruslan Abışov da qəzetimizin taleyinə həssas yanaşıb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyo Fondunun bu ilin ikinci rübü üçün KİV layihələrini maliyyələşdirərkən yalnız ictimai-siyasi qəzetlərə üstünlük verəcəyi qərarı idman mətbuatında və sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Çünki bu halda “Futbol+” avtomotik qıraqda qalır. Belədə qəzetimizin kollektivi ölkə prezidenti İlham Əliyevə müraciət ünvanladı. Ruslan Abışov isə həmin məktubun mətnini “dəstək olaq” haştaqı ilə “feysbuk” hesabında paylaşıb. “Neftçi”nin kapitanı üz səhifəsində şəkli olduğu “Futbol+”in 5 il öncəki sayının fotosunu da paylaşıma əlavə edib. Təbii, Ruslana bu həssas jestinə görə təşəkkür edirik.