Sizin reklam burada

Bordin “Forza Neftçi”yə hədiyyə edə biləcəkmi?

Title
Bordin “Forza Neftçi”yə hədiyyə edə biləcəkmi?
Bu gün Topaz premyer-liqasında 16-cı tur start götürəcək. İki gün davam edəcək tur Masazırda başlayacaq, Bayılda bitəcək. Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
3-cü dövrə, 16-cı tur
9 fevral
61. Sabah – Qəbələ
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 1:+1=0-0, 1-0.
2018/19 – 1:0.
Cəzalılar: Məqsəd İsayev, Təmkin Xəlilzadə (hər ikisi “Sabah”).
“Futbol+”in proqnozu: 30-40-30
Masazır. Əlincə Arena. Saat 16.00
Cari mövsümdə artıq 5-ci dəfə qarşılaşacaq “Sabah”la “Qəbələ” bu dəfə “Əlincə Arena”da üz-üzə gələcək. Hər iki komanda mövsümün ikinci yarısına qələbə ilə başlayıb. Eyni xalla 4-5-ci yerləri bölüşən tərəflərin duelini “mövqe savaşı” da adlandıra bilərik. Sənan Qurbanov ilin ilk səfərindən 3 xalla ayrılsa, həm rəqibini keçəcək, həm də 3-cü pillədəki “Səbail”ə yaxınlaşacaq. Elşad Əhmədovun komandası isə həm də kubokun qisasını almağı düşünür.
Debütant bölgə təmsilçisi ilə qarşılaşmaya çətin şərtlər altında çıxacaq. Məsələ burasındadı ki, “Sabah” iki aparıcı heyət üzvünün xidmətindən məhrumdu. Məqsəd İsayev qırmızı, Təmkin Xəlilzadə isə 4-cü sarı vərəqə üzündən cəzalıdı. Beləliklə, qışda tərk etdiyi sabiq komandası ilə görüşü buraxacaq Təmkin mövsümdə 3-cü dəfə belə halla üzləşir. O, “Qəbələ”də oynadığı vaxt 2 dəfə qırmızı vərəqə alaraq, cəzalı duruma düşüb.

62. Sumqayıt – Qarabağ
Hakimlər: ORXAN MƏMMƏDOV, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+3=2-7, 5-21.
2011/12 - 0:0; 2012/13 - 1:6; 2013/14 - 0:3, 1:0; 2014/15 - +:- (texniki nəticə top fərqində nəzərə alınmayıb),1:2; 2015/16 - 1:0, 0:2; 2016/17 – 0:2, 0:4; 2017/18 – 1:1, 0:1.
Cəzalılar: Qara Qarayev, Mahir Mədətov (hər ikisi “Qarabağ”).
“Futbol+”in proqnozu: 25-30-45
Sumqayıt. Kapital Bank Arena. Saat 18.30
Günün digər qarşılaşması Sumqayıtda baş tutacaq. Son illərin dəyişməz çempionu “Qarabağ” “gənclik şəhəri”nə səfərə çıxacaq. Ən azı birgünlüyə liderə şərik olmaq imkanına malik Qurban Qurbanovun yetirmələri mövsümün ikinci yarısında ilk qələbəsini qazanmalıdı. Ötən həftə “Neftçi”ni məğlub edə bilməyən “Qarabağ” digər komandalarla görüşdə xal itirməməli, prinsipial rəqibinin büdrəməsinə ümid etməlidi. Turdan-tura “avrokubok zonası”ndan uzaqlaşan Ayxan Abbasovun yetirmələri isə Qəbələdəki məğlubiyyətdən sonra xal qazanmağa köklənib. Maraqlıdı ki, Qurban Qurbanov xoşladığı 13 rəqəmini dəyişmək üçün mübarizə aparacaq. Belə ki, bu rəqiblə son üç görüşdə “quru” hesablı qələbə qazanan “Qarabağ” 13 matçdı meydanı qolsuz tərk etmir. O da maraqlıdı ki, “Sumqayıt” 13 oyundu ağdamlılara qalib gələ bilmir. “Gənclik şəhəri” təmsilçisi bu dəfə “Qarabağ”ın itkilərindən faydalana bilər. Məsələ burasındadı ki, çempion “Neftçi” ilə görüşdə qırmızı vərəqə alan Qara Qarayev və 4-cü xəbərdarlıqla üzləşən Mahir Mədətovu itirib.

10 fevral
63. Neftçi – Keşlə
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 27:+16=7-4, 50-27.
1999/2000 - 5:1; 2000/01 - 7:2; 2003/04 - 2:1; 2004/05 - 1:1; 2005/06 - 1:1; 2006/07 - 0:1; 2007/08 - 2:0; 2008/09 - 1:3; 2009/10 - 2:1; 1:0; 2010/11 - 1:1; 0:0; 2011/12 - 0:1, 2:1; 2012/13 - 2:0, 2:0; 2013/14 - 3:1, 2:2; 2014/15 - 0:0, 0:2; 2015/16 - 1:1, 4:2; 2016/17 – 2:1, 2:1, 2017/18 – 3:1, 3:2; 2018/19 – 2:0.
Cəzalı: Anton Krivotsyuk (Neftçi).
“Futbol+”in proqnozu: 45-35-20
Bakı. Bakcell Arena. Saat 14.00
İkinci oyun günündə iki paytaxt derbisi baş tutacaq. Öncə Bakının premyer-liqadakı iki ən yaşlı klubu meydana çıxacaq. Çempionatın lideri “Neftçi” autsayderlər sırasında yer alan “Keşlə”ni sınağa çəkəcək. Tərlan Əhmədovun yetirmələri “Səbail”lə qarşılaşmada darmadağın yaşadıqdan sonra lideri büdrətməklə xal hesabını artırmalıdı. “Ağ-qaralar” isə “Qarabağ”la xal fərqinin “əriməməsi” üçün mütləq qalib gəlməlidi. Roberto Bordinin yetirmələri fasilədən sonra tribunaya dönən və bu gün ad gününü qeyd edən “Forza Neftçi”yə hədiyyə etməyə borcludu. Prinsipcə, bunu etmək çətin olmamalıdı. “Səbail”lə oyun “Keşlə”də ciddi problemlərin olduğunu göstərdi. “Neftçi” üçün isə qırmızı vərəqə cəzalısı olan Anton Krivotsyukun yoxluğu ciddi itki olmamalıdı.

64. Səbail – Zirə
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 3:+1=0-1, 0-2.
2017/18 – 0:1, 0:1; 2018/19 - +:- (texniki nəticə top fərqində nəzərə alınmayıb).
Cəzalılar: Eltun Yaqublu (Səbail), Vüqar Mustafayev, İlkin Qırtımov, Bəxtiyar Həsənalızadə (hamısı “Zirə”).
“Futbol+”in proqnozu: 40-30-30
Bakı. Bayıl Arena. Saat 16.30
Qeyd etdiyimiz kimi, turun son qarşılaşması “Bayıl Arena”da keçiriləcək. Mövsümün sürpriz komandası sayılan “Səbail” son sırada qərarlaşan “Zirə”ni qəbul edəcək. Xatırladaq ki, tərəflərin cari mövsüm “Bayıl Arena”dakı ilk duelinin nəticəsi ləğv olunmuşdu. 1:1 hesabının qeydə alınmasına baxmayaraq, “Zirə”nin protokolda səhvə yol verməsi səbəbindən İntizam Komitəsi bu nəticəni ləğv etmiş, qonaqlara texniki məğlubiyyət vermiş və beləliklə, Samir Abasovun debütünü korlamışdı.
Hələ də heç cür öz oyununu tapa və turnir cədvəlinin “quyruğ”undan qopa bilməyən qəsəbə təmsilçisi ciddi itkilərlə çıxacağı görüşdə uğursuzluqlara son qoymalıdı. Aftandil Hacıyevin yetirmələri isə izləyiciləri ilə fərqin azalmaması üçün bu turu da itkisiz keçməlidi. “Səbail” zədə və cəza səbəbindən hələ də xidmətindən yararlanmadığı Eltun Yaqublunu istəsə belə, bu görüşdə də oynada bilməz. “Zirə” isə, ümumiyyətlə, acınacaqlı durumdadı. Bakılılar “Sabah”la görüşdə üç oyunçusunu itirib. Vüqar Mustafayev birbaşa qırmızı vərəqə üzündən təkcə 16-cı turu yox, növbəti turu da buraxmalı olacaq. İlkin Qırtımov 8-ci, yeni transfer Bəxtiyar Həsənalızadə isə 4-cü sarı vərəqə aldığından “Səbail”lə səfər qarşılaşmasına çıxmayacaq.
1. Neftçi 15 10 4 1 27-11 34
2. Qarabağ 15 9 4 2 33-15 31
3. Səbail 15 7 3 5 19-14 24
4. Sabah 15 6 2 7 14-20 20
5. Qəbələ 15 5 5 5 18-18 20
6. Sumqayıt 15 4 3 8 13-21 15
7. Keşlə 15 3 3 9 16-26 12
8. Zirə 15 2 4 9 12-27 10
Bombardirlər: Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) - 7, Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi) – 6.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.