Sizin reklam burada

Elçin Cəfərov 60-ı arxada qoydu

Baxış Sayı:694

Elçin Cəfərov 60-ı arxada qoydu
Dünən Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun 60 yaşı tamam olub. Bu münasibətlə AGF-də qurumun rəhbəri Namiq Əliyevin rəhbərliyi ilə yubilyarla görüş olub. Baş katib Orxan Məmmədov, vitse-prezidentlər Firdovsi Umudov və Namiq Abdullayev, İdman şöbəsinin müdiri Yaqub Məmmədov, qurumun digər rəsmiləri, eləcə də Milli Olimpiya Komitəsinin (MOK) İdman idarəsinin müdiri Həsənağa Rzayevin qatıldığı tədbirdə Elçin Cəfərovu təbrik edən Namiq Əliyev bunları deyib: "Elçin müəllim təkcə Azərbaycan güləş aləmində yox, bütün aparıcı güləş ölkələrində tanınır. Onun keçdiyi yolu, idmanda çəkdiyi əziyyətləri heç kim unutmayıb. Elçin müəllim haqda çox danışmaq olar. İlk tanışlığımızdan 30 ilə yaxın vaxt keçir. Yunan-Roma güləşinin inkişafında onun böyük xidmətləri var. Artıq federasiyada bir ağsaqqal kimi onun tövsiyələrinə diqqət yetirilir. Elçin müəllimə böyük ehtiyacımız var".
Həsənağa Rzayev isə çıxışında Elçin Cəfərovun məşqçilik karyerasına nəzər salıb, qazandığı uğurları xatırladıb. Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən yubilyar güləşçilərə uğurlar arzulayıb və bu yolda əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Elçin Cəfərov 2002-10-cu illərdə yunan-Roma güləşi yığmamıza rəhbərlik edib. Məhz onun başçılığı altında bu növdə ilk olimpiya “qızıl”ımız (Afina-2004, Fərid Mansurov) qazanılıb. Pekin-2008-də isə Rövşən Bayramovla Vitali Rəhimov gümüş medalı boynundan asıb. Mütəxəssis 2010-cu ildən AGF-də vitse-prezident vəzifəsində çalışır. 2004-də "Şöhrət" ordeni ilə təltif olunan Cəfərov 4 il sonra "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adını alıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR