Fevralın 5-də “Fairmont” otelində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib. Gənclər və idman naziri Azad Rəhimovla “Formula-1” Şirkətlər Qrupunun baş icraçı direktoru və idarə heyətinin sədri Çeyz Kerri Azərbaycan “Qran-pri”sinin təqvimdə 2023-cü ilədək qalmasını təmin edən müqavilə bağlayıb. Bununla da yarışın nəzərdə tutulandan əlavə daha üç il Bakıda keçiriləcəyi rəsmiləşib.
Azad Rəhimov çıxışında bunları söyləyib: “Hamımız üçün qürurverici hadisədi. Son bir neçə ildə paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda baş tutan “Formula-1”in sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu keçən ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinin şahidi olduq. Hər ötən il dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı gəlir. Biz çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusilə Azərbaycan “Qran-pri”sinə böyük maraq göstərir. Fürsətdən istifadə edib cənab Kerri başda olmaqla “Formula-1”də yer alan hər kəsə bizə böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları “Formula-1”in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Yarış həvəskarları isə daha çox əyləncə imkanı qazanacaqlar. Bunun nəticəsində kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Bunları nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və biz böyük məmnuniyyətlə builki yarış daxil olmaqla daha 5 yarışa evsahibliyi etməyə hazırıq. Gələcəkdə Azərbaycan pilotlarının da "Formula-1"də iştirak etmələri mümkündü. Hazırda Bakıda idmançıların yetişməsi üçün katrinq fəaliyyət göstərir. Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə iş görür. Amma hazırda "Formula-1" səviyyəsində pilotumuz yoxdu".
Ceyz Kerri isə bunları deyib: “Çox şadıq ki, bu müqaviləni yeniləməklə Azərbaycan “Qran-pri”sini daha bir neçə il ərzində “Formula-1”də görə biləcəyik. Bu yarış hər dəfə yaratdığı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddətdə mövsümün ən məşhur yarışlarından birinə çevrilə bildi. Azərbaycan yarış zamanı böyük qonaqpərvərlik nümayiş etdirir, gözoxşayan Bakı şəhəri isə mükəmməl rəqabət üçün möhtəşəm ab-hava təqdim edir. Bu baxımdan bütün avtoidman həvəskarlarını möhtəşəm rəqabəti qaçırmamaq üçün Azərbaycan “Qran-pri”sinin keçiriləcəyi 28 aprel tarixini gündəliklərinə qeyd etməyə dəvət edirəm”.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov isə çıxışında əsasən detalları qabardıb: “Formula-1”in 2016-17-ci illərdə Azərbaycana töhfəsi 280 milyon dollar olub. “Formula-1” müxtəlif şirkətlərə 500 minlik auditoriyaya çıxış imkanı verir. 2018-ci il Azərbaycan “Qran-pri”sində 94 min azarkeş olub. Yarış 165 telekanal vasitəsilə dünyanın 120 ölkəsində yayınlanıb. Baş sponsor olacaq şirkətin brendi yol kənarlarındakı beton sədlərdə əksini tapacaq. Şirkətinizin adı “Formula-1” Azərbaycan “Qran-pri”si sözünün yanında olacaq. Bu, baş sponsora verilən imtiyazdı. Bu, yeni müştəri qazanmaq və onları əldə saxlamaq imkanı deməkdi. Ötən il “Crystal Hall”da təşkil olunan konsert proqramlarında 30 min insan iştirak eib. Şirkətlər bu tədbirlərə də sponsorluq edə bilərlər. Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması “Formula-1” Şirkətlər Qrupunun yeni siyasətidi. İndiki məqamda yarışın Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda simulyator yarışları keçirilib. Bu dəfə də tanınmış müğənnilər konsert proqramı ilə çıxış edəcəklər. Hazırda onların biri ilə danışıqlar sonuncu mərhələdədi".
Qeyd edək ki, Azərbaycan “Qran-pri”si 2016-cı ildən “Formula-1”in təqviminə daxil edilib. Builki yarış aprelin 28- 30-da keçiriləcək.