Sizin reklam burada

Absaidov: “İki çəkidə problemimiz var”

Baxış Sayı:470

Absaidov: “İki çəkidə problemimiz var”
Yanvarda Mahaçqalada təlim-məşq toplanışı keçən sərbəst güləş yığmamız hazırda məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirir. Milli bir neçə gündən sonra 2019-cu ildə ilk sınağını İranda keçiriləcək “Təxti kuboku”nda verəcək. Yenidən əsas komandanın baş məşqçisi təyin olunan Saypulla Absaidov AGF-nin rəsmi saytına açıqlama verib. Təcrübəli mütəxəssis əvvəlcə ilk toplanış haqda danışıb: “Mövsümün ilk toplanışı hazırlığın bazası sayılır. Bu üzdən əsas diqqəti funksional hazırlığa yönəltmişdik. Ötən il dünya çempionu olan 3 dağıstanlı güləşçinin də yer aldığı yerli komandayla birgə toplanış keçmək bizim üçün çox vacib idi. Bu, öz gücümüzü görmək və rəqibi qiymətləndirmək üçün önəmliydi. Nəyin üzərində necə işləməli olduğumuzu bu toplanış sayəsində təhlil edə bildik. Çatışmayan cəhətlərimizi gördük. Orda yüklənmə fonunda hazırlıq keçdik. Fiziki hazırlıq və sürət üzərində işlədik. Qısası, Mahaçqala toplanışı bizim üçün çox faydalı oldu”.
Yığmanın çalışdırıcısı qarşıdakı planlardan da danışıb: “Hazırda komanda tam ideal formada deyil. Onsuz da bizə indiki vaxtda formanın zirvəsində olmaq lazım deyil. Əsas odu ki, Avropa çempionatına qədər hazırlığımızın zirvəsinə çataq. İranda layiqli mübarizə izləyəcəyimizi düşünürəm. İki çəkidə problemimiz var. 57 və 125 kq-da çıxış edən güləşçilərimiz zədəlidi. “Təxti kuboku”ndan sonra intensiv hazırlıq mərhələsinə start verəcəyik. Növbəti təlim-məşq toplanışını Kislovodskda keçəcəyik. Bu toplanışda da ağır yükləmələr – fiziki və funksional hazırlıq, sürət üzərində çalışmalar prioritet təşkil edəcək. Ondan sonra son hazırlığımızı keçib, Avropa çempionatına yollanacağıq. Qitə birinciliyinə “1 nömrələr”lə qatılmağı planlaşdırırıq. Çünki bu yarış 2-ci Avropa Oyunlarına vəsiqə verəcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR