Akademiya rəsmisi istilik sisteminin olmamasını səbəb göstərdi
“Qəbələ” – “Sumqayıt” oyununu işıqlandırmaq üçün bazar günü Qəbələyə yollanmışdım. Stadiona çatanda hələ matçın başlamasına 1 saatdan bir qədər artıq vaxt qaldığından tənbəllik etməyib arenanın ərazisini gəzməyə qərar verdim. Ancaq üzləşdiyim mənzərə məni məyus etdi. İllərdi böyük bəh-bəhlə “Qəbələ” rəhbərliyinin yaratdığı infrastrukturu tərifləyir, orda yaradılan şəraiti başqa klublara nümunə göstərir, meydanlara necə qulluq etmək lazım olduğunu məhz şimallılardan öyrənməyi ona-buna məsələhət görürük. Deyəsən, artıq “Qəbələ” rəhbərliyinin də bu yöndə “barıtı tükənib”.
“Qırmızı-qaralar”ın rəqiblərini qəbul etdiyi əsas arenanın ot örtüyü ilə müqayisədə, təbii qazon döşənən digər yardımçı meydanların örtüyü elə saralıb-solub ki, kənardan baxanda təzə biçilmiş zəmini xatırladır. Düzdü, həmin meydanların durumu yenə əvvəlki kimi normaldı. Nə əyrilik var, nə də başqa çatışmazlıq. Problem yalnız otun saralmasında, daha dəqiq desəm, “yanmasındadı”. Rayonda yaşayan tanışlarımdan biri də yanımda idi. Samanlığı xatırladan meydanları diqqətlə nəzərdən keçirdiyimi görüncə, “pul olmayanda bəzi dostlar kimi meydanlar da adamdan üz döndərir, özünü xəstəliyə vurur, qonaq-qara arasında adamı utandırır” dedi. Yəqin “xəstəlik düşüb və ya başqa problemlər var” söyləmişdim ki, “Qəbələ”nin hər oyununu stadiondan canlı izləyən, klubun rəhbərliyi ilə yaxın münasibəti olan tanışım sözümü ağzımda qoydu: “Xəstəlik varsa, niyə əsas meydana da düşmür? Sən ondansa de ki, “Qəbələ”nin maliyyə imkanı daha əvvəlki kimi olmadığından meydanlara diqqət ayıra bilmir. Düzdü, hər qış bu meydanların otunda saralma olurdu. Ancaq heç vaxt belə saralıb-solmamışdı. Bunun da səbəbi dedyim kimi pulla bağlıdı. Əvvəlki illərdə meydanların saxlanmasına, ota qulluq olunmasına yetərincə böyük vəsait sərf olunurdu. Vaxtında dava-dərman verilir, aqrotexniki qulluq göstərilirdi. Klubun büdcəsi azalandan bütün bunlar zəifləyib. Maliyyənin azalması isə istər-istəməz təsirini göstərir”. Qəbələli tanışım bu sözlərinin ardınca daha bir cümlə işlətdi ki, onu yazmağa əlim gəlmədi. Onunla stadionu dövrə vurub yenidən media sektoruna qayıtdım.
Matçın fasiləsində “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovla görüşüb akademiya barədə bir qədər danışdıqdan sonra gözüm yenə saralmış meydanlara sataşdı və onun yanımda olmasından istifadə edib bunun səbəbini öyrəndim. Kərimov meydanların bu hala düşməsini belə izah etdi: “Hər qış, demək olar ki, belə olur. Müəyyən müddətdən sonra isə vəziyyət düzəlir. Yardımçı meydanlarla müqayisədə əsas meydanda isitmə sistemi quraşdırılıb. Bu üzdən əsas komandanın çempionat oyunlarını keçirdiyi qazon ilin 12 ayı yaşıl olur. O birilərində isə belə sistem olmadığından qış fəslində onlarda ot bir qədər saralır”.
Nail bəyin söylədiklərində də həqiqət payı var. İstilik sistemi quraşdırılan arenaların ot örütüyü soyuğun və şaxtanın “əsir”inə çevrilmir. Ancaq yenə o fikirdəyəm ki, əvvəlki illərdə Qəbələdə qış nə qədər sərt keçsə də, yardımçı meydanların heç vaxt bu qədər saraldığını görməmişdim. Bəlkə qəbələli tanışım düz deyir? Yaza bilmədiyim, yazmaq istəmədəyim cümlədə həqiqət payı daha çoxdu: “Saralmış meydanlar “Qəbələ”nin gələcəyinin necə olacağından xəbər verir...”.
RƏŞAD