Almaniyanın 2-ci bundesliqasının 20-ci turunun “Ertsgebirge” - “Köln” oyunu baş tutmayıb. Buna Aue şəhərinə yağan güclü qar səbəb olub. Matç saatına qədər Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge”nin ev oyunlarını keçirdiyi arenanın ot örtüyünü qardan təmizləmək mümkün olmadığından və yağıntı davam etdiyindən görüşün başqa tarixə keçirilməsi qərara alınıb. Qeyd edək ki, Aue təmsilçisi hazırda turnir cədvəlində 13-cü pillədədi.
Türkiyənin 1-ci liqasında isə 20-ci turun oyunları reallaşıb. U-21-in üzvü Ozancan Kökçünün formasını geydiyi “Girəsunspor” səfərdə “Elazığspor”la qarşılaşıb. Tərəflərdən heç birinin fərqlənə bilmədiyi görüşdə Ozancan iştirak etməyib. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb. Hesabında 21 xal olan “Girəsunspor” 14-cü yerdə qərarlaşıb.
İspaniya sequndasının 24-cü turunda Eddi İsrafilovlu “Alkorkon” səfərdə “Malyorka” ilə üz-üzə gəlib. Qonaqlar iki cavabsız qolla məğlub olub. İsrafilov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Hazırda 38 xala malik “Alkorkon” turnir cədvəlində 6-cı yerdədi.