Ötən həftə premyer-liqa ilə yanaşı, Region Liqasında da fasilə başa çatdı. Böyük azarkeş marağına səbəb olan liqanın 10-cu turunda Mərkəz zonasında keçirilən oyunlarda “İmişli”nin səfərdə Sabirabad “Gəncliyi”ni udaraq ilk pilləyə yüksəlməsini qeyd etmək olar. 7 qolun vurulduğu qarşılaşmada qonaqlar 4 dəfə meydan sahiblərini məyus etsələr də, sabirabadlıların gücü yalnız 3 topa çatıb. Fasilə dönəmində heyətinə əl gəzdirən “Füzuli” səfərdə “Araz”la qolsuz “sülh”ə razılaşıb. Zonanın iddialılarından olan “Ağsu Siti” də turu itkisiz başa vuranlardandı. Ağsulular “doğma divarlar” arasında yaxın qonşuları “Kürdəmir”i evə əliboş yola salıblar. Bu turdan sonra “İmişli” topladığı 23 xalla qrupda ilk pillədə qərarlaşıb. Ondan bir xal geri qalan “Ağsu Siti” ikinci yerdədi. “Füzuli” ilə lider arasında 3 xal fərqi olsa da, dahi şairin adını daşıyan bölgənin təmsilçisi “üçlüy”ü qapayır.
Çempionluğa iddialı 3 komandanın çıxış etdiyi Şimal və Bakı zonasında da 3 görüş keçirilib. “Şahdağ”ın dincəldiyi turda əsas rəqibləri olan “FC Baku” və “Uğur” növbəti qələbələrini bayram ediblər. Paytaxt təmsilçisi “Şirvanovka”nı, sumqayıtlılar isə “Gənclik İK”i qol atəşinə tutub. Sonuncu dəfə 5-ci turda qələbəyə sevinən “Tufan” da uzun fasilədən sonra 3 xal qazanmaqla azarkeşlərini sevindirib. Bakılılar nəinki zonanın, ümumiyyətlə, liqanın ən zəif komandalarından biri olan “Şıxlar”ın qapısından 5 cavabsız qol keçiriblər. Qrupa 25 xalla “Uğur” başçılıq edir. Sonrakı yerlərdə “FC Baku” və “Şahdağ” qərarlaşıb. Vüqar Nadirovun kapitanı olduğu kollektivın hesabında 23 xal varsa, qusarlılarda bu göstərici 19-du.
Şimal-qərb və Qərb zonasında da birinci yer uğurunda amansız mübarizə gedir. “Göyəzən”in gözlənilməz xal itkisi fonunda “Energetik” böyükhesablı qələbə ilə Qazax komandası ilə xallarını bərabərləşdirib. Qazaxlılar Qax səfərində yerli “Kürmük”lə üz-üzə gəlib və görüş 2:2 hesabıyla bitib. Mingəçevir komandası isə azarkeşləri qarşısında “Qoşqar UGİM-2”ni meydana çıxmağa peşman edib. Qapısında 10 top görən gəncəlilər bunlardan yalnız birinin əvəzini çıxamağa özündə güc tapıb. Qrupun digər qarşılaşmasında isə “Oğuz” “Şəki”ni böyük hesabla məğlub edib.
6 komandanın mübarizə apardığı Cənubda da azarkeşlər maraqlı oyunlara şahidlik ediblər. Qrupun favoriti olan “Alyans” “Ümid” üzərində qələbəyə sevinib. “Salyan” səfərdə “Neftçala”nı minimal hesabla yenib. “Astara” isə “Ərkivan”la qolsuz bərabərə qalıb. Bu turdan sonra qrupda çox maraqlı mənzərə yaranıb. 16 xal toplayan “Alyans” ilk pillədə yerini qoruyursa, 3 komanda eyni xala malikdi. “Astara”, “Salyan” və “Ümid” 7 turdan sonra 11 xal toplayıb. Bu isə o deməkdi ki, pley-offa vəsiqə verən ikinci yer uğrunda sona qədər maraqlı mübarizəyə şahidlik edəcəyik.
10-cı tur
Mərkəz zonası
Gənclik (Sabirabad) - İmişli 3:4
Araz - Füzuli 0:0
Ağsu Siti - Kürdəmir 3:2
1. İmişli 10 7 2 1 26-20 23
2. Ağsu Siti 10 7 1 2 33-20 22
3. Füzuli 9 6 2 1 19-6 20
4. Gənclik 9 4 0 5 13-16 12
5. Araz 10 3 2 5 17-18 11
6. Şamaxı 9 1 1 7 11-25 4
7. Kürdəmir 9 1 0 8 14-28 3
Şimal və Bakı zonası
FC Baku – Şirvanovka (Qusar) 4:0
Gənclik İK (Bakı) – Uğur (Sumqayıt) 0:7
Şıxlar (Qobustan) – Tufan (Bakı) 0:5
1. Uğur 9 8 1 0 43-8 25
2. FC Baku 9 7 2 0 63-2 23
3. Şahdağ 9 6 1 2 60-8 19
4. Şirvanovka 10 4 1 5 29-16 13
5. Tufan 9 4 0 5 33-26 12
6. Gənclik İK 10 1 1 8 11-101 4
7. Şıxlar 10 0 0 10 6-84 0
Şimal-Qərb və Qərb zonası
Energetik (Mingəçevir) - Qoşqar UGİM-2 (Gəncə) 10:1
Oğuz - Şəki 4:0
Kürmük (Qax) - Göyəzən (Qazax) 2:2
1. Göyəzən 9 6 3 0 27-13 21
2. Energetik 9 7 0 2 38-11 21
3. Şirvan 9 4 2 3 19-16 14
4. Kürmük 10 3 4 3 15-18 13
5. Oğuz 10 2 4 4 16-21 10
6. Qoşqar UGİM-2 10 1 4 5 15-30 7
7. Şəki 9 0 3 6 7-28 3
7-ci tur
Cənub zonası
Neftçala - Salyan 0:1
Alyans – Ümid (Cəlilabad) 3:1
Ərkivan – Astara 0:0
1. Alyans 7 5 1 1 15-8 16
2. Astara 7 2 5 0 10-5 11
3. Salyan 7 3 2 2 13-9 11
4. Ümid 7 3 2 2 13-6 11
5. Ərkivan 7 1 1 5 5-23 4
6. Neftçala 7 1 1 5 9-14 4
Bombardirlər: Sərxan Ağayev (Şahdağ) – 22, Vüqar Nadirov (FC Baku) – 20, Rəmzi Xubaliyev (İmişli) – 13.
RƏŞAD