Qurbanov: “Qələbə qazansaydıq, daha yaxşı olardı”
1:1 hesablı heç-heçə daha çox "Neftçi"yə sərf edirdi. Bunu Roberto Bordinin həm oyundan sonra meydanda futbolçuları ilə bayram yaşamasından, həm də mətbuat konfransındakı davranışlarından hiss etmək mümkün idi. İtalyan mütəxəssis oyun haqda danışmağa bu sözlərlə başladı:
- Əlbəttə, oyuna yaxşı başlamamışdıq. Amma tez toparlandıq. Azlıqda qalsaq da, nəticəni qoruya bildik. Oyunçularımı təbrik edirəm.
- Belə çıxır ki, nəticədən razı qalmısız.
- Nəzərə alaq ki, azlıqda qalmışdıq. Bu baxımdan nəticəni uğurlu sayıram. Qırmızı vərəqəyə qədər yaxşı hücumlar qururduq. Yalnız azlıqda qalandan sonra əks-hücumlara üstünlük verdik. Azarkeşlərimiz möhtəşəm idi. Özümüzü evdəki kimi hiss edirdik. Onlara təşəkkür edirəm. Növbəti oyunda da onları gözləyəcəm.
Qurban Qurbanov isə həmişəki kimi soyuqqanlı görünürdü. Biruzə verməməyə çalışsa da, məyusluğu üzündən oxunurdu. "Köhlən atlar"ın çalışdırıcısı oyun haqda bunları dedi:
- Düşünürəm ki, maraqlı, əsl derbi oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Azarkeşlər də oyuna rəng qatdı. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.
- Hiss olunurdu ki, komanda oyuna hazır deyildi...
- Nöqsanlar vardı. Xüsusən də bəzi fərdi səhvlər vardı. Çalışacağıq ki, onları aradan qaldıraq. Nəzərə almalıyıq ki, fasilədən sonra ilk matça çıxmışdıq.
- Həmkarınız nəticəni uğurlu saydığını dedi. Siz necə düşünürsüz?
- Bəli, qələbə qazansaydıq, daha yaxşı olardı. Amma bunu da qəbul edirik. Rəqib də çalışırdı ki, 3 xallıq fərqi qorusun. Buna nail oldular.
- Almeydanın oyunu sizi razı saldımı?
- Nəinki Almeydadan, bütün futbolçularımdan razı qaldım. Onlar əllərindən gələni etməyə çalışdılar, yaxşı mübarizə apardılar.
- İlk iki dövrədəki "Neftçi" bugünkündən fərqlənirdimi?
- Bunu demək üçün hələ bir az tezdi. Qarşıdakı oyunlarda daha dəqiq fikir söyləmək mümkündü.
AMAL