Hacıbala Abdullazadə: “Otuz ildi bu işdəyəm, 70 dəfə çempion olmuşam, kubok qazanmışam”
Məlum olduğu kimi, futzal üzrə yüksək liqanın qış fasiləsindən sonrakı ilk turuna yanvarın 29-da “Xəzər Cənub” – “Neftçi” (4:2) matçı ilə yekun vuruldu. Əslində, yun ayın 25-də baş tutmalı idi. Sadəcə, “Neftçi” əvvəlcədən Futzal Federasiyasına müraciət edərək, Gürcüstana təlim-məşq toplanışına gedəcəyini bildirərək matçın ertələnməsini xahiş etmiş, istəyinə nail olmuşdu. Xəbər verdiyimiz kimi, bakılılar qonşu ölkəyə getməyib. “Neftçi” tərəfi isə and-aman edir ki, federasiyanı aldatmayıblar. Sadəcə, plan son anda dəyişib. Hər halda, baş məşqçi Hacıbala Abdullazadə belə deyir: “Allaha and olsun, gedəcəkdik. Hər şey hazırlanmışdı. Yola çıxmamışdan bir gün əvvəl heyətin 6 üzvü birdən xəstələndi. Əslində Vitali Borisovla Rüfət Balakişiyev bir neçə gün əvvəldən qripə yoluxmuşdular, bunu özünüz də “Araz”la yoxlama oyununa gələndə görmüş, məqalədə qeyd etmişdiz. Səfərə qədər onlar sağalmadı, üstəlik, daha 4 nəfər xəstələndi. Bu vəziyyətdə yola çıxmaqdan qorxduq. Onsuz da Gürcüstanda öldürücü virus var, deyirlər orda “donuz qripi” tüğyan edir. Xəstə heyətlə ora gedəndə sərhəddə uzun-uzadı yoxlanışa cəlb edəcəkdilər. Nə isə, qismət deyilmiş. Bu dəfə alınmadı, pley-off oyunlarından əvvəl birhəftəlik gedərik. Rəhbərliklə də bunu müzakirə etmişik, belə məsləhət görüblər”.
Təcrübəli mütəxəssisdən yeni transferlərlə bağlı məsələyə də aydınlıq gətirməyi xahiş etdik: “Komandaya yeni oyunçular, o cümlədən legionerlər cəlb olunub. Ancaq “Xəzər Cənub”la oyunda onların xidmətindən yararlana bilmədik. Dedilər oyuna qədər qeydiyyatdan keçirməmisiz, adları sifariş vərəqində yoxdu. Son iki gündə rəhbərlik bu işlə məşğul olub. Açığı, özüm bu məsələlərlə maraqlanmıram. Mən transferlə, lisenziya alınması ilə məşğul olsam, məşqi kim keçəcək? Amma bildiyimə görə, artıq problem aradan qaldırılıb”.
Üçüncü dövrəyə yenilgi ilə başlamalarına rəğmən, Hacıbala Abdullazadə sonda çempion olacaqlarına əmindi. Bəlkə Alesio bu qədər inanmır, Hacıbala müəllim arxayındı. Onun iddiası siz də tanış olun: “Birinci dəfə deyil komanda çalışdırıram. Otuz ildi bu işdəyəm, 70 (?) dəfə Azərbaycan çempionu olmuşam, kubok qazanmışam. Bu işi bilirəm. Bilirəm, 1-2-ci yeri necə tutmaq lazımdı. Uşaqlar necə artırdıqlarını tədricən hiss etməyə başlayacaqlar. Cəmi 15-20 gündü komandanı təhvil götürmüşəm, kollektiv hazırlamaq üçün isə illərlə vaxt lazım gəlir. Zamanla hər şey yoluna düşəcək. İnşallah, mövsümün sonunu gözləyin. Siz bu sözlərimi yadınızda saxlayın”.
MİRAĞA