Sizin reklam burada

“Ağsu”dan 9-u getdi, 5-i gəldi

Baxış Sayı:1 039

“Ağsu”dan 9-u getdi, 5-i gəldi
Azər Bağırov: “Qəbələ”dən üç oyunçunu icarəyə götürdük”
Premyer-liqa komandaları kimi, birinci divizion klubları da qış təlim-məşq toplanışını başa vurmaqdadı. Aşağı dəstə təmsilçiləri mövsümün ilk yarısında üzə çıxan problemləri aradan qaldırmaq üçün müəyyən addımlar atıb. Həmçinin “birincilər” heyətlə bağlı da çalışmalar həyata keçirib. Ötən saylarımızda divizion klublarının bir neçəsinin baş məşqçisi ilə əlaqə saxlayıb, hazırlıq prosesiylə bağlı fikirlərini öyrənmişdik. Bu dəfə isə qalan klublardan bəzilərinin çalışdırıcıları ilə danışmaq qərarına gəldik.
Rüfət Quliyev (Ağsu): “Təlim-məşq toplanışını davam etdiririk. Artıq hazırlıq prosesinin ilk iki mərhələsini geridə qoymuşuq. Toplanışın son mərhələsindəyik. Çempionatın ikinci yarısının ilk turunda rəqibimiz “Zirə-2”di. Həmin qarşılaşmaya hazırlaşırıq. Bildiyiniz kimi, “Sabah-2” ilə yoldaşlıq oyunu keçirdik, 2:0 hesabıyla qalib gəldik. “Kəpəz”lə yoldaşlıq oyunu planlaşdırsaq da, gəlmədilər. Bundan sonra Region Liqası komandaları ilə sınaq matçlarında qüvvəmizi sınadıq. Bu qarşılaşmalar toplanışın 2-ci mərhələsində baş tutdu. Ancaq hazırlıq prosesinin ilk mərhələsində əsasən fiziki hazırlığa üstünlük verdik. Həmçinin seleksiya işləri apardıq. Bildiyiniz kimi, 9 nəfər komandadan çıxarılmışdı. Onların əvəzinə 5 futbolçu götürmüşük. Düzü, bu mövsüm limitlə bağlı oyunçu sayını düzəltməyə vaxtımız olmadı. Bu üzdən sayı düzəltdik ki, çempionata başlayaq. Qış fasiləsində isə yaranmış vaxtdan istifadə edib, heyətdə dəyişikliklər etdik. Mövsümün ikinci yarısında turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq üçün çalışacağıq. Daha yüksək pillələrə qalxmaq yolunda əlimizdən gələni edəcəyik”.
Azər Bağırov (MOİK): “Yanvarın 24-dən etibarən komandada taktiki gedişlərə daha çox diqqət ayırmışıq. Yüklənmələri nisbətən azaltdıq. Yoldaşlıq oyunlarına üstünlük verdik. Qış fasiləsində bir neçə yaşlı oyunçularla sağollaşdıq. Bildiyiniz kimi, “Qəbələ”dən üç oyunçunu icarəyə götürdük. Hər üçü hazırda U-21-in üzvüdü. Belə deyim, komandanı cavan oyunçularla gücləndirmişik. Yoldaşlıq oyunları qənaətbəxş oldu. Bu müddətdə “Neftçi-2”, “Şüvəlan”, “Zirə-2” və “Baku City” ilə sınaq görüşləri keçirdik. Ümumilikdə hazırlıqdan razı qaldım. Yoldaşlıq oyunlarında məqsədimiz nəticə deyildi. Sadəcə, həmin matçlarda bir oyunçunu bir neçə mövqedə sınadım. İstəyirəm ki, futbolçular meydanda fərqli-fərqli mövqelərə uyğun futbol sərgiləyə bilsin. Limitin dəyişdirilməsi hamıya sürpriz oldu. Bu üzdən gənc futbolçuları dəyişik mövqelərdə sınadım. Böyük ölçüdə istədiyimə nail oldum. Yoxlama oyunlarında nəticənin önəm daşımadığını hər kəs bilir. Əsas odu, rəsmi matçlarda istədiyimiz oyunu göstərib, müsbət nəticə qazanaq. Yanvarın 24-nə kimi isə daha çox fiziki hazırlığa diqqət ayırmışdıq. Həmin müddətdə də yoldaşlıq oyunları keçirmişdik. Futbolçulara yüklənmələri sınaq matçlarında da verdim. Belə bir deyim var ki, 10 məşqdən 1 oyun daha yaxşıdı. Nəticəsi önəmli olmayan qarşılaşmalarda futbolçuların sırf qaçmasını istəyirdim. Artıq komandanı çempionatın ikinci yarısına köklənmişik. Düşünürəm ki, MOİK 90 faiz oyunlara hazırdı. Hələ bir həftə də vaxtımız var. Bununla belə, hazırlıqdan razı qalmışam. Heyəti gücləndirmək yönündə atdığımız addımları qeyd etdim. Yığma üzvləridi, səviyyələri də məni qane edir. Halbuki mövsümün ilk yarısında məhz bu baxımdan problemimiz oldu. Fasilə ərəfəsində “Qaradağ Lökbatan”a uduzmağımızın səbəblərindən biri də bu idi. Limitə düşən futbolçular müəyyən səbəblərdən meydana çıxa bilmədi. Məcburi dəyişikliklərə əl atmalı olduq. Fikrimcə, götürdüyümüz oyunçular bu mənada bizə ciddi mənada kömək edəcək”.
Yeri gəlmişkən, birinci divizionda çıxış edən "Neftçi-2” qış təlim-məşq toplanışı çərçivəsində srağagün sonuncu yoxlama oyununu keçirib. Mahmud Qurbanovun yetirmələri "Keşlə-2” ilə qarşılaşıb. "ASK Arena”da baş tutan görüşdə “ağ-qaralar” 1:0 hesabıyla qalib gəlib. Flaqmanın “ikincilər”inin qələbə qolunu Əlibəy Məmmədli vurub. Onu da qeyd edək ki, "Neftçi-2” bundan əvvəlki sınaq matçlarında MOİK (3:1), "Səbail” (1:0) və "Şüvəlan”la (0:0) qarşılaşmışdı.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR