Sizin reklam burada

Basketbol Federasiyası gözləmə mövqeyi tutub

Baxış Sayı:709

Basketbol Federasiyası gözləmə mövqeyi tutub
Rüstəm Rüstəmov ittihamları cavabsız qoydu
Basketbol üzrə ölkə çempionatında son 3 turun oyunları təxirə salınır. Səbəbi də yəqin ki, sizlərə məlumdu. Bir daha xatırladaq ki, çempionluq uğrunda mübarizə aparan 6 klubdan 5-i – NTD, AZTOP, “Alov”, “80-lər” və ADNSU birinciliyi boykot etmək qərarına gəliblər və federasiya qarşısında şərt qoyublar ki, Nadir Nəsibov postundan getməyincə, çempionat oyunlarına çıxmayacaqlar. Nadir bəy isə Basketbol Federasiyanın prezidentidi və 20 ildi bu vəzifəni ica edir. Boykotçulara qoşulmayan birincilikdə iştirak edən 18 yaşadək basketbolçulardan qurulan yığmadı ki, o da federasiyaya bağlıdı.
Ötən saylarımızda gedən yazılardan “qiyamçılar”ın federasiyaya yönələn ittihamları ilə tanışsız. Barrikadanın əks istiqamətində dayananlar federasiya rəsmilərini klublara biganəlikdə ittiham etməklə yanaşı, maliyyə yeyintisində də suçlayıblar. Ancaq nədənsə, federasiyadan heç kim ortaya çıxıb bu ittihamlara cavab vermək istəmir. “Sakit durmaq isə razılıq əlamətidi” deyiblər. Belə çıxır ki, çempionatı boykot edən klubların iddiaları əsaslıdı və buna görə də Nadir bəyin istefasını tələb edirlər. Federasiyanın niyə susduğunu bilmək üçün qurumun icraçı direktoru Rüstəm Rüstəmovla əlaqə saxladıq: “Hələ ki gözləyirik. Nəsə yenilik olsa, rəsmi saytımız vasitəsi ilə ictimaiyyəti məlumatlandıracağıq”. “Qarşı tərəf federasiya prezidentini maliyyə yeyintisində ittiham edir və ortaya konkret rəqəmlər qoyurlar. Niyə bu ittihamlara cavab vermirsiz” sualına Rüstəm bəy qısa cavab verdi: “Boş-boş danışırlar. Onlara nə reaksiya verək”.
İstənilən idman federasiyasının Əsasnaməsi olur. Və orda ölkə çempionatının hansı qaydada keçirilməsi əksini tapır. Məsələn, PFL-in təşkil etdiyi premyer-liqanın Əsasnaməsində üzrsüz səbəbdən ardıcıl iki turu buraxan komandanın çempionatdan kənarlaşdırılacağı açıq-aydın göstərilib. Bəs basketbol üzrə ölkə çempionatında bu məsələ necə tənzimlənir? Çempionat matçlarını üzrsüz səbəbdən buraxan komandalara qarşı hansı cəzalar və sanksiyalar tətbiq olunur? İcraçı direktor bu sualımızı da cavabsız qoydu: “Təbii ki, bizim də Əsasnaməmiz var və orda yarışla bağlı hər şey göstərilib. Ancaq indiki məqamda bu haqda danışmaq istəmirəm. Hamımız veriləcək qərarı gözləyirik. Bir qədər səbirli olun”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR