Şənbə günü premyer-liqamız qaldığı yerdən davam edəcək. Hər nə qədər rəqabətdən yoxsul, maraqsız olsa da və boş tribunalar önündə keçirilsə də, çempionatımız üçün darıxdığımızı deməliyik. Məşhur şeirin misralarını bir az dəyişdirib, onu bizim premyer-liqanın şərəfinə bu cür səsləndirmək də mümkündü: “Orda bir çempionat var uzaqda, tribunası boş, marağı az osla da, o bizim çempionatımızdı...” Yada satmarıq, yerə də atmarıq. Olanımız budusa, ona da sahib çıxmalıyıq. Başqa yolumuz, seçim imkanımız da yoxdu.
Desəm ki, darıxmamışam, yalan söyləmiş olaram. Düzdü, əvvəlki kimi həyəcan keçirmir, qarşılaşmaların başlamasını səbirsizliklə gözləmir, tez-tez stadionlara getmirəm. Bunun da müxtəlif səbəbləri var. Bəzisi obyektivdi, bəzisi də subyektiv. Əvvəlki illərdə şəxsən mən bir turun azı üç qarşılaşmasını bilavasitə stadiondan izləyər, mətbuat konfranslarına qatılar, məşqçiləri sorğu-sual etməmiş ordan ayrılmazdım. Dəfələrlə olub ki, hansısa yerli, yaxud da əcnəbi məşqçi konfrans salonuna daxil olan kimi məni görüb, üz-gözünü turşudub. Bəziləri isə sualımı eşidəndə dərin fikrə dalıb, cavab vermək üçün xeyli düşünməli olub. Yaxşı günlər var idi. Salyandan vurar, Mərdəkandan çıxardım. Sumqayıtda başlayan tur ya Respublika stadionunda, ya da Lənkəranda bitərdi. Getdi o günlər. Bir daha geri gəlib-gəlməyəcəyini deməyə çətinlik çəkirəm. Bir az yaş əvvəlki deyil, şəxsi qayğılarım çoxalıb. Bir az da premyer-liqanın dadı-duzu qalmayıb, eyni ələ baxan beş klubun mübarizəsi və paytaxtın açıq birinciliyinə bənzəyən yarışı istidə-soyuqda tribunadan izləmək üçün özündə güc tapmaq asan deyil.
Ötən müddət ərzində dəyişən təkcə mənim yaşımla klublar arasındakı rəqabət olmayıb. 12 klubun yarışdığı Azərbaycan çempionatında çox yox, 4-5 il əvvəl əməlli-başlı nəfəskəsən mübarizə, rəqabət vardi. Hanı Kaxaber Tsxadadze, hanı Mirça Rednik, hanı Qyoko Hacievski, hanı Bülənt Korkmaz, hanı... Nə özləri var, nə də onların çalışdırdıqları iddialı və zəngin Azərbaycan klubları. O milyonçu klubların, adlı-sanlı məşqçilərin, tribunadakı dava-dalaşın yerini indi kimlər tutub? Həmin vaxt qızıl medallar uğrunda azı beş komanda rəqabət aparırdı. Həmin komandalar da bir-biri ilə yarışa girir, transferlərin də qiymət yüksəlirdi, hakimlərin də. Bəli, təəccüblənməyin. Azərbaycan futbolunun belə günləri də var idi. Məgər sizli-bizli meydanda qarşılaşan komandaların hər iksindən gizlincə pul alan, 90 dəqiqənin bitimində uduzan tərəfin pulunu geri göndərən hakimin kimliyini bilmirik? Onun işi “tutar qatıq, tutmaz ayran” məsəlində olduğu kimi idi. Bilirdi ki, tərəflərdən biri sevinəcək, o biri də üzüləcək. Belədə asan qazancı əldən buraxmamaq üçün hər iki komanda ilə sövdələşməyə getmiş, nəmərini nəğd almışdı. Elə bu səbəbdən idi ki, AFFA ilə PFL rüşvətə qarşı mübarizəni gücləndirməyə, təyinatları gizli saxlamağa məcbur olmuşdu. Hər turdan öncə hakimləri 3-4 gün cəmiyyətdən təcrid edib, paytaxtdakı otellərdən birində gizlədərdilər. Rüşvət alanın, əlini və fitini əyrilikdən qoruya bilməyənlərin üzünə isə hakimliyin qapıları birdəfəlik bağlanırdı. İndi bizə gülməli gəlsə də, Azərbaycan hakimliyi çirkabdan məhz bu cür üsullarla təmizləndi, sağlam gənc nəsil yetişdirildi. Hazırkı çempionatımızda ürəkaçan, üzümüzü güldürən azsaylı məqamlardan biri də məhz elə hakimliyin səviyyəsidi. Təki bundan sonra mənfiyə doğru dəyişiklik müşahidə etməyək.
Mövsümün 3-cü dövrəsinin startını bədbin notlarla başlamaq istəmirəm. Ona görə də bütün mənfi halları bir tərəfə qoyuram. Gələcəyə nikbin baxmalı, Azərbaycan futbolunun inkişafı üçün əlimizdən nə gəlirsə, onu da etməliyik. Meydandakı futbolçu da, tribunadakı azarkeş də, əlində qələm olan jurnalist də. Hamımız səbrizliklə 15-ci turun açılış oyununu gözləyək və çalışaq ki, mövsümün qalan turları azarkeşlərin zövqünü oxşasın, premyer-liqanın səviyyəsi yüksəlsin. Klublarımız hamısı ölkə xaricində hazırlıq keçib, Antalyada həm yaxşıca dincəlmək, həm də mövsümün həlledici mərhələsinə hazırlaşmaq imkanı qazanıblar. Bu turu əlamətdar edən məqam, sözsüz ki, “Qarabağ” – “Neftçi” qarşılaşması olacaq. Çempionluğa ən real namizəd sayılan iki komandanın görüşü bir neçə baxımdan maraqlı olacaq. Qış fasiləsinə elə də nikbin notlarla yollana bilməyən, əsas rəqiblə xal fərqinin azalmasına imkan verən “Neftçi” çempionluq iddialarının nə qədər ciddi olduğunu göstərməlidi. “Qarabağ” Avropa Liqasının, Qurban Qurbanov isə yığmanın ağır yükündən qurtulub. Deməli, “köhlən atlar” daxili çempionata bütün diqqətini yönəldib və çempionluq yolundakı ilk ciddi addımı elə “Neftçi” ilə oyunda atmalıdı.
Qarşılaşmanın Tofiq Bəhramovun adını daşıyan Respublika stadionuna salınması da bu oyuna olan marağı artırır. Bəli, hava soyuqdu. Bu soyuqda 90 dəqiqə açıq havada dayanmaq, futbola baxmaq o qədər də asan deyil. Amma komandaların baxımlı oyunla bizi isidəcəyinə, vaxtın necə gəlib keçdiyini hiss etməyəcəyimizə inanmağa dəyər. Respublika stadionu futbolla bağlı xatirələrimizdə böyük yer tutur. O xatirələrin üzərinə daha birini də əlavə etməyə dəyər. Elə mən özüm də orda olacam. Görüş yerinə indidən hazırlaşın!