"Ağ-qaralar" "Şüvəlan"la "sülh bağladı"
Mövsümün ilk yarısında Ruslan Abışov komandasına kömək edə bilmədi. "Neftçi"nin kapitanı zədəli olduğu üçün meydana çıxmırdı. O, Avroliqa matçında zədələnmişdi və daha sonra əməliyyat olundu. Müdafiəçi artıq komanda ilə birgə məşq edir. Hərçənd baş məşqçi Roberto Bordin Antalyada baş tutan iki yoldaşlıq oyununun heç birində Ruslana şans verməyib. Görünür, italyan mütəxəssis kapitanı riskə atmaq istəmir.
"Neftçi” TV-yə müsahibə verən Abışov zədəsi ilə bağlı danışıb: "Açığı, heç vaxt gözləməzdim ki, karyeramda belə bir zədə alacam. Amma bu futboldu. Bu, başıma gəldi. Artıq hər şey qaydasındadı, pis günlər geridə qalıb. Demək olar, bacardığım qədər var gücümlə məşq edirəm. Çalışıram məşqlərdə tam gücümü ortaya qoyum. Düzdü, çətinliklər var. O da normaldı. Çünki hardasa 5 aya yaxın komanda ilə məşq etməmişdim. Bu, meydanda öz təsirini göstərir. Amma yenə də məşqçilərimiz, komanda yoldaşlarım, həkimlərimiz sağ olsunlar. Hər biri mənə böyük dəstək göstərir ki, tez bir zamanda formamı bərpa edib, var gücümlə komandamıza kömək edim. Çox təəssüflənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hisslər keçirirdim. Amma sağ olsun ailəm. Ən böyük dəstəyi mənə onlar verdilər. Komanda yoldaşlarım, dostlarım da mənə çox böyük dəstək verdilər ki, səbrli ol, zamanla hər şey qaydasına düşəcək. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, artıqlaması ilə dəstək gördüm. Bir çox azarkeşlərimiz zəng vururdular, öz dəstəklərini göstərirdilər. Ümumiyyətlə, hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Ruslan komandasının Antalya toplanışını da dəyərləndirib: "İndi artıq hər şey qaydasındadı. Çətin məşqlər geridə qalıb, daha çox toplu çalışmalar olur. Yoxlama oyunları da keçirmişik. Vaxtımız azdı. Bu qısa müddət ərzində hər şeydən maksimum yaxşı istifadə etməliyik ki, gələn ayın 3-də və sonrakı oyunlarda çəkdiyimiz əziyyətin bəhrəsini görə bilək”.
Yeri gəlmişkən, əsas komanda kimi, "Neftçi-2” də təlim-məşq toplanışını davam etdirir. Hər gün Bakıda, "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən paytaxt kıubunun əvəzediciləri dünən hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib. "Şüvəlan”la "AZAL Arena”da baş tutan görüşdə qapılara qol vurulmayıb – 0:0. Qeyd edək ki, bundan əvvəlki sınaq matçlarında MOİK (3:1) və "Səbail”ə (1:0) qalib gələn "Neftçi-2” son yoxlama oyununu yanvarın 31-də "Keşlə-2"yə qarşı keçirəcək.
Bu arada daha bir xəbəri diqqətinizə çatdıraq. Belə ki, "Neftçi”nin U-11 komandası flaqmanın veteran futbolçusu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunan turnirdə iştirak edəcək. 2008-ci il təvəllüdlü futbolçular arasında yanvarın 28-dən 31-dək "Amasiya” İdman Kompleksində keçiriləcək yarışda iki qrupa bərabər bölünməklə 8 komanda mübarizə aparacaq. "Ağ-qaralar" yanvarın 28-də "Sərhədçi”, 29-da "Neftçi” İK İB, 30-da isə "Amasiya ROFM” komandaları ilə qarşılaşacaq. Digər qrupda "Qarabağ”, "Sumqayıt”, "Sabah” və "Təhsil” yarışacaq. Yanvarın 31-də qrupda birinci yeri tutan komandalar final, ikinci yerin sahibləri isə 3-cü yer uğrunda oyuna çıxacaq.
FARİZ