Xəbər verdiyimiz kimi, dünən İstanbulda qadın voleybolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin püşkü atıldı. Faiq Qarayevin istefasından sonra baş məşqçisiz qalan milli 3-cü səbətdə Belarus, Ukrayna və Fransa yığmaları ilə birgə yer almışdı. 1-ci səbətdə Serbiya, Hollandiya, İtaliya, Rusiya, 2-ci səbətdə Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya, 4-cü səbətdə Rumıniya, Finlandiya, İspaniya, Sloveniya, 5-ci səbətdə isə Portuqaliya, İsveçrə, Yunanıstan və Estoniya qərarlaşmışdı.
Püşkə əsasən millimiz C qrupunda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniyaya rəqib oldu. A qrupunda Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan, B qrupunda Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya, D qrupunda isə Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya və İsveçrə yer alıb.
AÇ-2019-da ilk dəfə 24 yığma mübarizə aparacaq. Hər qrupdan növbəti mərhələyə 4 komanda vəsiqə qazanacaq. Qrup mərhələsinin oyunları avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq. Bu isə o deməkdi ki, yığmamız meydana Macarıstanın paytaxtı Budapeştdə çıxacaq. Final və 3-cü yer uğrunda oyunlar isə Ankarada baş tutacaq.