Sizin reklam burada

Bəhram Abdinov topu AGİN-ə “ötürdü”

Baxış Sayı:574

Bəhram Abdinov topu AGİN-ə “ötürdü”
“Təqdim olunan hesabatlarda federasiyanın guya son 4 ildə yığmalara 1 milyon 400 min manat xərclədiyi göstərilib”
Basketbol Federasiyası ilə ölkə çempionatını boykot edən klublar arasında qarşıdurma davam edir. Məsələyə Gənclər və İdman Nazirliyi müdaxilə etsə də, tərəflər arasında razılıq əldə etmək mümkün olmayıb. Nə klublar tutduqları mövqedən geri çəkilmək niyyətindədi, nə də federasiyanın preizdenti Nadir Nəsibov postunu buraxmaq istəyir.
Ötən sayımızda sizləri federasiyanın yaşananlarla bağlı yaydığı ikinci bəyanatla da tanış etmişdik. Qısaca xatırladaq ki, birinci bəyanatda olduğu kimi, ikincidə də federasiya klubları təxribatçılıqda ittiham edib. Bundan başqa bəyanat yayan qurum dolayı yolla olsa da, NTD-nin prezidenti Bəhram Abdinovun “qiyamçılar”ın rəhbəri olduğunu və özünün federasiya prezidenti olması üçün bu addımı atdığını vurğulayıb. Halbuki Abdinov dəfələrlə açıqlamalarında prezident olmaq istəmədiyini bildirib. Federasiyanın yaydığı ikinci bəyanatla bağlı Bəhram bəyin də mövqeyini öyrənməyi lazım bildik: “Federasiyanın yaydığı ikinci bəyanatla da tanışam. Dəfələrlə demişəm və yenə təkrarlamaq istəyirəm: federasiya prezidenti olmaq niyyətim yoxdu. Gənclər və İdman Nazirliyində ağıllı insanlar çalışır. Özləri kimi lazım bilirlərsə, onu da federasiyaya rəhbər təyin etsinlər. Təkİ Nadir Nəsibov tutduğu postdan ayrılsın. O Azərbaycan basketbolunu məhv edib. Federasiyanın vitse-prezidenti Həsənağa Rzayevlə sonuncu görüşümüzdə ortaya çıxan faktlar bir daha göstərdi ki, Nəsibov nəinki klubları, hətta nazirliyin özünü belə aldadır. Təqdim olunan hesabatlarda federasiyanın guya son 4 ildə yığmalara 1 milyon 400 min manat xərclədiyi göstərilib. Hara xərcləyib, necə xərcləyib? Aşağı yaş qrupları üzrə yığmalar 8 dəfə Avropa çempionatına yollanıb ki, onun da ikisini mən maliyyələşdirmişəm. Nazirliklə yanaşı, FİBA-dan gələn qrantlar da yoxa çıxıb. Çempionat oyunlarından şəkillər çəkdirib göndərir ki, bizdə hər şey qaydasındadı. Onlar da maliyyə yardımı edir, toplar göndərir. Həmin topları isə federasiya bizə pulla satır. Bəyanatda qeyd olunub ki, tezliklə İdman Akademiyasının zalı təmirdən çıxıb basketbolçuların ixtiyarına veriləcək. Bilirsiz, sənəd üzərində ora nə qədər maliyyə sərf olunub? Təmir isə illərdi uzanır. Mən öz bağımda dünya standartlarına cavab verən basketbol meydanı inşa etdirmişəm. Özü də hər şey sıfırdan başlayıb. Örtüyü Almaniyadan gətizdirmişəm, yüksək səviyyədə işıqlandırma sistemi qurulub. Bir sözlə, bu gün orda çempionat oyunu keçirmək mümkündü. Bütün bu işlər 6 ayın içində görülüb və 45 min manata başa gəlib. Bunların zalı isə... Təmirə sərf olunan xərclər açıqlansa, hamı təəccüblənər. Mənə deyirlər, təxribatçıdı. Hansı təxribatdan söhbət gedə bilər? İstəyim yalnız ölkədə basketbolun inkişafı və gənc nəslin yetişməsidi. Bu gün Avropada çıxış edən basketbolçularımızın xaricə çıxmasına, onların basketbolçu kimi yetişməsinə görə xərclədiyim şəxsi pulumu federasiyanın indiki rəhbərliyi təxribat kimi dəyərləndirirsə, qoy belə olsun. Ötən il federasiya U-16 millisini Avropa çempionatına göndərmədi. Bunu eşidəndə çalışdım ki, öz pulumla yığmanın turnirdə iştirakını təmin edim. İki həftə süründürməçiliyə yol verib, müxtəlif bəhanələrlə bunu etməyimə şərait yaratmadılar. Sonu nə oldu? Çox çətinliklə sənədləri həll etmişdim ki, artıq qruplar açıqlandı və yığma turnirdən kənarda qaldı. Bu gün də çalışıram ki, gənc və yeniyetmələrdən ibarət komandalarımızı xaricə yarışlara göndərim. Hər gün Türkiyə və başqa ölkələrdə keçirilən yarışlar haqda məlumat əldə etmək istəyirəm. Hansı turnirin bizə uyğun olduğunu araşdırıram. Budu təxribat? Mən heç vaxt siyasətə qarışmamışam və bundan sonra da qarışmayacam. Ancaq qarşı tərəf klubların haqlı tələblərinə siyasi don geydirməyə çalışır”.
Bəhram bəy basketbolun gələcəyindən narahat olduğunu da vurğuladı: “Bu gün yüzlərlə uşaq basketbola üz tutur. Bu uşaqlar hansısa yarışda, beynəlxalq turnidə iştirak etməyəcəksə, niyə məşq edib tər axıdırlar? Çempionatda iştirak etməyən, gələcək üçün perspektiv görməyən uşaqların basketbolu qoyub başqa idman növlərinə üz tutmasını təbii qarşılayıram. Bu gedişlə bizdə basketbol adlı idman növü tarixin yaddaşına köçəcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR