Sizin reklam burada

“Şahdağ” “Bakı”nın balansında olan meydanda hazırlaşır

Baxış Sayı:527

“Şahdağ” “Bakı”nın balansında olan meydanda hazırlaşır
Yaşar Seyidov: “Fikrimiz var ki, bəzi dostların yardımı ilə həmin meydanlara “ikinci həyat” bəxş edək”
Region Liqasında mübarizə aparan “Şahdağ”ın bugünlərdə təlim-məşq toplanışı keçmək üçün Bakıya üz tutduğu xəbərini eşitdik. İlk baxışdan Qusar təmilsçisinin toplanış üçün paytaxta gəlməsində qeyri-adi heç nə yoxdu. Onsuz da hansı liqada çıxış etməsinə baxmayaraq, əksər bölgə təmsilçiləri yoxlama matçları keçirmək üçün bu addımı atırlar. Ancaq çox maraqlıdı ki, qusarlılar məşq etmək üçün birvaxtlar “Bakı”nın təlim-məşq bazası kimi tanınan, hazırda isə Biləcəri Futbol Mərkəzi kimi fəaliyyət göstərən məkanın yardımçı meydanlarından yararlanırlar.
Ancaq ortada diqqəti çəkən bir məqam var. “Şahdağ” əsas və süni örtüklü meydanların olduğu, hasara alınmış yerdə yox, dəmir yolunun üst tərəfində, baxımsızlıqdan bərbad vəziyyətə düşmüş 4 təbii örtüklü meydandan birində hazırlıq keçir. Həmin meydanlar ki, son günlərə kimi yararsız vəziyyətdə idi, ot əvəzinə kol-kos bitmişdi, qapılar yox idi. Ancaq son bir həftədə həmin meydanlardan birində təmizləmə işləri aparılıb. Qazon ideal olmasa da, məşq üçün yararlı duruma gətirilib.
Həmin meydanlar indi kimə məxsusdu və “Şahdağ” orda məşq etmək üçün kimə müraciət edib? Bu suala cavab tapmaq üçün Qusar klubunun baş məşqçisi Kamran Əlibabayevə müraciət etdik. Kamran bəy məsələ ilə bağlı artıq fəaliyyətini dayandırmış “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovla danışmağımızı istədi. Onun dediklərinə əməl edərək Yaşar bəylə əlaqə saxladıq. Və məlum oldu ki, həmin ərazi “Bakı”nın balansında olduğundan “Şahdağ”a orda məşq etməyə o icazə verib: “Şahdağ” və başqa bölgə təmsilçilərinə həmişə kömək etmişik. Qusar klubu həmin meydanda hazırlıq keçmək istəyində olduğunu bizə bildirdi. Ərazi “Bakı”nın balansında olduğundan onlara bu şəraiti yaratdıq. Özünüz də bilirsiz ki, bir ara baxımsızlıq səbəbindən orda olan 4 təbii örtüklü meydan yararsız hala düşmüşdü. Qısa vaxtda həmin meydanlardan birinə əl gəzdirildi, müəyyən işlər görüldü. İdeal olmasa da, məşq etmək üçün münasibdi. 2012-ci ildə Azərbaycanda keçirilən qadınlar arasında dünya çempionatına qatılan yığmaların bir çoxu həmin meydanlardan yararlanıb. Onlardan birində hətta isitmə sistemi də quraşdırılmışdı. Fikrimiz var ki, bəzi dostların yardımı ilə həmin meydanlara “ikinci həyat” bəxş edək. Artıq bununla bağlı işlər görülür”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR