Qurban Qurbanov yağışı qabartdı
“Qarabağ” dünən Antalyada növbəti yoldaşlıq görüşünü keçirdi. Yanvarın 16-da “Uypeşt”ə 0:1 uduzan, 3 gün sonra “Bohemians”ı 3:1 hesabı ilə məğlub edən “köhlən atlar”ın növbəti rəqibi Antalyada ilk sınaq matçına çıxan Polşa “Pyast”ı idi. Bu oyun polşalılar üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, 2013/14 avrokubok mövsümündə Avroliqanın 2-ci təsnifat mərhələsində “Pyast”ın rəqibi məhz “Qarabağ” olmuşdu. Ağdamlılar evdə 2:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab görüşünün əsas vaxtını meydan sahibləri eyni hesablı qələbə ilə başa vurmuşdu. Ulrix Kapolonqonun oyuna əlavə olunmuş 30 dəqiqədə vurduğu qol Qurban Qurbanovun yetirmələrini növbəti mərhələyə daşımışdı. Həmin matçın iştirakçısı olanlardan 5 nəfər – Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Riçard Almeyda və Ansi Aqolli dünən yenidən Polşa təmsilçisinə qarşı mübarizə aparmaq imkanı qazanmışdı. Rəşad Sadıqovla Reynaldo oynasaydı, say 7 olacaqdı. “Pyast”da durum isə tam fərqli idi. 2013-ün yayında bizimkilərə qarşı oynamış futbolçulardan biri də bu gün Qlivitse təmsilçisinin heyətində yoxdu. Hətta o vaxt komandanı oyuna çıxaran baş məşqçiləri Marçin Broş belə “Pyast”la yolları ayırıb.
Əvvəlki ilk oyunda nisbətən “diri” heyətə güvənən Qurbanov bu dəfə əsas heyətdə az oynayanlara şans vermişdi: Vaqner da Silva, Ansi Aqolli, Rahil Məmmədov, Yakub Jezniçak, Abbas Hüseynov, Simeon Slavçev, Qara Qarayev, Araz Abdullayev, Riçard Almeyda, Rafael Məhərrəmli, İnnosent Emeqara.
Leysan altında baş tutan qarşılaşmanın ilk dəqiqələrindən tərəflər açıq oyuna üstünlük verməyə başlayıb ki, bu da matçın əvvəlinin məhsuldar alınması ilə nəticələnib. 8-ci dəqiqədə Araz İnnosentə ideal ötürmə versə də, rəqib qapıçı Şmatula topa Emeqaradan tez çatıb. Lakin 1 dəqiqə sonra polşalılar bizimkilərə qol vurmağın yolunu göstəriblər. Feliksin müdafiənin arxasına ötürməsindən sonra Valensiya Vaqnerlə üzbəüz qalıb ki, ekvadorlu bir hərəkətlə braziliyalıdan sıyrılaraq topu tora qovuşdurub. “Göy-qırmızılar” qolun sevincini doyunca yaşamamış hesab bərabərləşib. 16-cı dəqiqədə topu cərimə meydançasının xətti üzərində qəbul edən Araz bir rəqibindən sıyrılandan sonra özünəməxsus solaxay zərbəylə qapını dəqiq nişan alıb. 20 və 45-ci dəqiqələrdə rəqibin qol fürsətləri olsa da, fasiləyə qədər hesab dəyişməyib.
Yağış meydanı yararsız hala saldığına görə oyunun ikinci hissəsi yanaşı qazonda keçirilib. Yeddi futbolçusunu əvəzləyən Valdemar Fomalikdən fərqli, Qurbanov yalnız bir dəyişiklik edib. “Çərçivə”də Vaqneri Hannes Halldorsson əvəzləyib. 67-ci dəqiqədə isə daha 6 əvəzetmə reallaşıb. Yakub, Abbas, Ansi, İnnosent, Rafael və Qara meydanı tərk edənlər olubsa, onların yerinə Bədavi Hüseynov, Maksim Medvedev, Vild-Donald Gerye, Mahir Mədətov, Dani Kintana və Hacıağa Hacılı mübarizəyə qoşulub. Gerye, Kintana və Mədətovun fəallığı üstünlüyün tam bizimkilərin tərəfinə keçməsinə səbəb olub ki, 70 və 74-cü dəqiqələrdə qələbə topunu vurmaq üçün dəqiqlik çatmayıb. İlk vəziyyətdə müdafiəçilər Ozobiçin zərbəsinin qarşısını qapı xəttində kəsdiyi halda, az sonra Slavçevin vuruşunu qapıçı zərərsizləşdirib. Beləliklə, baş məşqçilərlə futbolçuların fayda görmədiyi qarşılaşma 1:1-lik bərabərliklə nəticələnib. Xatırladaq ki, “Uypeşt”lə oyun da güclü külək səbəbindən istənilən səviyyədə keçməmişdi.
Həmin oyundan sonra hava şıltaqlığından gileylənən Qurban Qurbanov bu dəfə də jurnalistlərə açıqlamasında yağışı qabardıb: “Düzdü, yağışa görə tam istədiyimiz oyun alınmadı. İstərdim ki, daha sürətli olsun. Ancaq hər bir halda bu hava şəraitiylə razılaşmalıyıq. Yenə də 90 dəqiqə düşündüyümüz proqram üzrə oynaya bildik. Hər bir oyun bizim üçün vacibdi. Elə qarşılaşma olur ki, kimlərsə 45 dəqiqə, kimlərsə 90 dəqiqə oynayır. İstənilən halda, “Şaxtyor”la oyun hazırlıq matçıdı və həmin görüşdə futbolçular özlərini daha yaxşı hiss etməlidi. Ancaq ciddi rəqibə qarşı oynayırıq və düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq. Mənə hazırda futbolçuların hazırlığı vacibdi. Qış fasiləsindən sonra ilk turda "Neftçi"ylə matça hələ xeyli müddət var. Ola bilər ki, həmin qarşılaşmada hələ yenə dəyişikliklər olsun. Reynaldonun “Neftçi”yə qarşı oynaması? Bəlkə də əsas heyətdə yer almaq şansı azdı. Ancaq oyun ərzində meydana çıxmaq ehtimalı var”.
“Qarabağ”ın Antalyadakı sonuncu rəqibi Donetsk “Şaxtyor”u olacaq. Səbirsizliklə gözlənilən görüşün yanvarın 26-da keçiriləcəyi dəqiq olsa da, başlama saatı açıqlanmayıb.
HƏBİB