Qəzetimizin noyabr saylarından birində reklam müqaviləsi üzrə nəzərdə tutulan pulu ödəmədiyinə görə “Xəzər Lənkəran”ı məhkəməyə verdiyimizi bildirmişdik. Bəli, srağagün proses başladı. İşə Şirvan İqtisadi-İnzibati Məhkəməsində, hakim Rafiq İsmayılovun sədrliyi ilə baxılır.
Srağagünkü hazırlıq iclasında “Futbol+”i qəzetin sahibi Vüqar Məmmədov və baş redaktoru Mahir Rüstəmli təmsil etsə də, cavabdeh tərəf məhkəmədə iştirakı lazım bilməyib. İddiaçı, yəni “Futbol+” nümayəndələri işə bu şəkildə baxılmasına etiraz etmədiyindən, hazırlıq iclası baş tutub. Anket məlumatlarını dəqiqləşdirən, iddiaçıya hüquq və azadlıqlarını anladan hakim növbəti iclası fevralın 13-nə təyin edib.
Xatırladaq ki, “Xəzər Lənkəran” 2015-ci il iyulun 1-də tərəflər arasında imzalanan reklam müqaviləsinin şərtlərinə əhəmiyyət verməyərək, qəzetə borclu olduğu 9 min manatın ödənilməsindən heç bir əsas göstərmədən, birmənalı şəkildə boyun qaçırır. Biz isə təbii ki, bu mübahisənin sivil yolla həllində maraqlıyıq. Prosesin sonrakı axarıyla da bağlı oxuculara müntəzəm bilgi verəcəyik.