Qış fasiləsində hələ ki yalnız Elvin Yunuszadəni heyətinə qatan “Səbail” baxışda olan serbiyalı müdafiəçi İqor Ristivoyeviçlə də anlaşa bilər. Baş məşqçi Aftandil Hacıyev son oyunda şans verdiyi mərkəz müdafiəçisini bəyənib. Qeyd edək ki, Ristivoyeviç rusiyalı Aleksey Qasilinlə eyni gündə baxışa gəlmişdi. Ancaq Rusiya U-21-nin sabiq üzvünün “Səbail”ə keçidi baş tutmayıb və 23 yaşlı hücumçu “dənizçilər”in düşərgəsini tərk edib. Heç bir yoxlama oyununda iştirak etməyən Qasilin şəxsi işləri ilə bağlı “Səbail”də qala bilməyəcəyini əsas gətirib. Ristivoyeviçlə isə müqavilə imzalanacağı gözlənilir. 30 yaşlı müdafiəçisi vətənində “Maçva”nın formasını geyib. Ümumiyyətlə, onun karyerası bu komanda ilə bağlıdı. O, nə legioner həyatı yaşayıb, nə də millidə çıxış edib. Onu da qeyd edək ki, “Səbail” təlim-məşq toplanışını sabah başa vuraraq vətənə dönəcək. Bu gün isə komanda yoxlama görüşü keçirəcək. Həm də bir gündə iki sınaq matçı olacaq. Əvvəlcədən planlaşdırılmışdı ki, toplanışa yanvarın 24-də Qazaxıstan “Kaysar”ı ilə oyunla yekun vurulacaq. Ancaq Aftandil Hacıyev son gündə iki oyun keçirməyə qərar verib. Qazaxıstan təmsilçisi ilə matç yerli vaxtla saat 15.30-da Kaya bölgəsində baş tutacaq. İkinci oyun isə günün ilk yarısında, konkret saat 11.00-da “Mirakl”ın meydanlarından birində olacaq. “Səbail” Braziliyanın C seriyasında çıxış edən “Raça Sport Club”u sınağa çəkəcək. Aftandil Hacıyev əvvəlki üç oyunda az şans qazanan futbolçularına məhz səhər şans verməyi düşünür.
MİRAĞA