Sizin reklam burada

Basketbol Federasiyası boykotçuları təxribatda suçladı

Baxış Sayı:466

Basketbol Federasiyası boykotçuları təxribatda suçladı
Basketbol Federasiyası son günlərin əsas mövzusu ilə bağlı dünən bəyanat yayıb. Qurumun rəsmi saytında yerləşdirilən bəyanatda çempionatı boykot edən klublarla son görüşün detalları əksini tapıb: “Yanvarın 19-da Milli Olimpiya Komitəsində İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurovun, sektor müdiri Nicat Həsənovun, kurator Fəqan Səfərovun, MOK-un şöbə müdiri Həsənağa Rzayevin və klubların nümayəndələrinin - Bəhram Abdinovun, Fuad Niftəliyevin, Nicat Mirzəyevin, Konstantin Volkovun iştirakı ilə görüş keçirilib. Rəsmilər 2,5 saat çəkən iclasda son bir həftə ərzində narazılıqlarını mətbuat vasitəsi ilə ictimayyətə yayan klubların nümayəndələrinin tələblərinə, etirazlarına, suallarına, istəklərinə diqqətlə qulaq asaraq, deyilənləri diqqətə alıblar. Təbii ki, basketbol zallarının sayının lazımi səviyyədə olmaması obyektiv həqiqətdi və bunu da başqa idman növlərində olduğu kimi tədricən İdman Nazirliyi, Olimpiya Komitəsi müvafiq federasiyalar ilə birgə həll etmək iqtidarındadı. Biz əminik ki, Azərbaycanın ayrıca basketbol arenası da mütləq olacaq. Eyni zamanda, bu yolda da hazırda lazımi addımlar atılır. Məsələn, Basketbol Federasiyası İdman Akademiyasının iki idman zalında bir ildi əsaslı təmiri (kommunikasiya və lazımi qovşaqlar) yekunlaşdıraraq, fevralın əvvəllərində akademiya ilə birgə açılışı planlaşdırır. Yəni bu basketbol idman zalları təkcə federasiyaya yox, akademiyanın təlim-məşq prosesinə, həmçinin milli komandaların, uşaqların istifadəsinə veriləcək. Bundan əlavə, neçə ildi ki, federasiya başqa yerlərdə də bəzi idman zallarını təmir edərək, təlim-məşq prosesini kirayə vasitəsi ilə təşkil edir. Qeyd edək ki, görüşdə səsləndirilən məsələlərdən həm obyektiv, həm də subyektiv xarakterli məqamlar da var idi və bəziləri bilərəkdən zamanında federasiyaya çatdırmamaqla həmin kiçik məqamları şişirtmək məqsədləri ilə seçilirdilər. Buna baxmayaraq, idman rəsmilərimiz klubların rəhbərlərinin ən kiçik iradlarını belə diqqətə alaraq, onlara problemləri qısa müddətdə həll edəcəklərinə söz verdilər. Təəccübləndirən cəhət odu ki, bunları eşidən bəzi klub nümayəndələri, əsasən də Bəhram Abdinov bu məsələlər həll olunsa belə, “federasiyanın prezidenti getməlidi, bizim bu vəzifəyə öz namizədimiz var” söylədi.
Bununla da aşkar oldu ki, son bir həftə ərzində idman ictimaiyyətini şişirdilmiş məsələlərə yönəldərək, hətta internet vasitəsi ilə federasiyanın prezidentinin əleyhinə imza toplamaq cəhdləri etməklə əsas məqsəd - nəyin bahasına olur-olsun, Nadir Nəsibovun indiyə qədər gördüyü işləri qaralamaq, 2017-ci ildə qazanılan uğuru - iki qızıl medalı (qadınlar və kişilər) danmaq, vəzifədən getməsinə nail olmaqdı. Bunun adı isə təxribatdı”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR