Hazırda bir sıra klublar Türkiyədə təlim-məşq toplanışındadı. Onlardan biri də Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge”di. Aue təmsilçisi qardaş ölkədəki hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Yığma üzvünün formasını geydiyi 2-ci bundesliqa klubu digər Almaniya komandası “Karl-Tseys Yena”yla qarşılaşıb. Nazarovlu “Ertsgebirge” bu görüşdə 4:2 hesablı qələbə qazanıb. Dmitri də sınaq görüşündə iştirak edib. O, hər biri 45 dəqiqə olmaqla üçhissəlik qarşılaşmanın sonuncu hissəsində meydana çıxıb.
Türkiyənin 1-ci liqasında isə mübarizə davam edir. Sözügedən yarışda 18-ci turun oyunları keçirilib. Yığmamızın sabiq hücumçusu Dəniz Yılmazlı “Gənclərbirliyi” hesabat turunda səfərə yollanıb. Ankara təmsilçisi rəqib meydanında “Hatayspor”la qarşılaşıb. Qonaqlar evə əliboş dönüb - 1:3. Dəniz də məğlubiyyətin iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. “Gənclərbirliyi” hazırda 41 xal toplayıb və bu göstərici ilə 18 kollektiv arasında 1-ci yerdədi.
Məlum olduğu kimi, Türkiyənin 1-ci liqasında daha bir futbolçumuz top qovur. Söhbət gənclərdən ibarət yığmanın yarımmüdafiəçisi Ozancan Kökçüdən gedir. Gənc cinah oyunçusunun formasını geydiyi “Girəsunspor” da 18-ci turda səfər oyununa çıxıb. Sözügedən kollektiv rəqib meydanında “Əskişəhərspor”la üz-üzə gəlib. Ozancanın komandası səfərdə bir xala sevinib (0:0). Ancaq Kökcü əldə edilən qənimətdə pay sahibi olmayıb. Onun adı, ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Girəsunspor” geridə qalan müddətdə 20 xal toplayıb və 13-cü yerdə qərarlaşıb.
FARİZ