Sizin reklam burada

MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı

Baxış Sayı:773

MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı
Boykot davam etdirilsə, çempionat ləğv olunacaq
Ötən həftə basketbol camiəsində güclü ”zəlzələ” olduğunu, çempionatda iştirak edən 5 komandanın birinciliyi boykot etdiyini bilirsiz. Ötən saylarımızda bu haqda ətraflı məlumat verməklə yanaşı, “qiyamçı” klıubların rəhbərlərinin təşkil etdiyi mətbaut konfransından yazı hazırlamış, Basketbol Federasiyasının mövqeyini də dərc etmişik. Bir daha xatırladaq ki, çempionatda iştirak edən 5 klub – NTD, “80-lər”, ADNSU, “Alov”, AzTOP federasiya prezidenti Nadir Nəsibovun fəaliyyətindən narazı qaldığı üçün onu istefaya səsləyirlər. O postundan gedənə qədər isə birinciliyi boykot edəcəklərini bildiriblər. Yanvarın 16-da “qyamçılar”la görüşən Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin rəhbəri Fərid Mansurov onları dinləsə də, yekun fikir söylənilməmişdi. Qərara alınmışdı ki, klubların rəhbərləri şənbə günü federasiyanın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayevlə görüşsünlər.
Yanvarın 19-da keçirilən görüşdən sonra federasiya ilə klubların kompromisə gəlib-gəlmədiyini, sonda hansı qərarların verildiyini bilmək üçün NTD-nin rəhbəri Bəhram Abdinovla əlaqə saxladıq: “Şənbə gününə planlaşdırılan görüş baş tutdu. Özü də iki saatdan artıq çəkdi. Bir çox məsələlər müzakirə olunsa da, ortaq məxrəcə gəlinmədi. Orda bir çox sənədlər ortaya çıxdı. Hər il FİBA-dan və Gənclər və İdman Nazirliyindən federasiyaya maliyyə ayrılır. FİBA-dan gələn vəsaitin nə qədər olduğunu bilməsəm də, nazirlik hər il təxminən 200 min manat basketbola pul ayırır. Ancaq ortada heç nə yoxdu. Klublardan çempionatda iştirak üçün alınan puldan hakimlərin qonorarı və zalın icarə haqqı ödənilir. Bəs federasiya həmin 200 min manatı hara xərcləyir? Sənədlərdə göstərilib ki, federasiya 8 dəfə U-16-nın, U-18-in Avropa çempionatına səfərini təşkil edib. Ancaq bu səfərlərdən ikisinin xərcini mən çəkmişəm. Belə aydın oldu ki, federasiya rəhbərliyi mənim xərclədiyim pulu da öz adalarına çıxıblar və həmin məbləği ciblərinə qoyublar. Bunlar nəinki klubları, hətta Gənclər və İdman Nazirliyini də aldatmaqdan qorxmurlar. Bizim tələbimiz qətidi və sona qədər sözümüzün üstündə duracağıq. Federasiyadakılar uzağı hər şeyi Vüqar Əzimovun üstünə atıb, onu işdən çıxaracaqlar. Guya bütün bu proseslərin başında o durur. Halbuki Əzimov orda heç bir səlahiyyəti olmayan adi bir şəxsdi. Bütün məsələlərə görə Nadir Nəsibov məsiliyyət daşıyır. FİBA, nazirlik pul ayırır. Nəsibovu da ora qoyublar ki, prezident kimi o da nəsə etsin. O isə başqa işlərlə məşğuldu. Məhz federasiya prezidentinə görə iş adamları basketbola sərmayə qoymaq istəmirlər. Bütün bunları Həsənağa Rzayevin diqqətinə çatdırdıq. O isə “çempionatı davam etdirin, hər şey yoluna qoyulacaq” dedi. Təbii ki, biz bununla razılaşmadıq. Artıq yalan vədlərdən bezmişik. Rzayev boykotu davam etdirəcəyimiz halda, ümumiyyətlə, çempionatın ləğv olunacağını bildirsə də, bu bizi çəkindirmir. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu. Uzağı komandalar öz aralarında yoldaşlıq görüşü keçirəcəklər. Onsuz da çempionatın bütün xərclərini özümüz ödəyirik. Belədə itiriləsi heç nə yoxdu”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR