Sizin reklam burada

Rəcəbov qələbə hesabını parlaq oyunla açdı

Baxış Sayı:720

Rəcəbov qələbə hesabını parlaq oyunla açdı
Məmmədyarov ikinci məğlubiyyətini aldı
Gerçəkləşdi! Axır ki Hollandiyadan ilk qələbənin sorağı gəldi. Yanvarın 19-da, “Tata Steel Masters-2019” turnirinin 7-ci turunda Teymur Rəcəbov həm heç-heçə lənətinə son qoydu, həm də “daxıl”ına 1 xal atdı. Zərgər dəqiqliyi ilə hesablanan gedişlər, aqressiv və inamlı oyun fonunda Vidit 35-ci gedişdə mübarizəni davam etdirməyin mənasız olduğunu anladı. Teymur üstünlüyə yiyələnmək üçün oyunun gedişində hətta “at”ını belə qurban verdi. “Birnəfəsə” təyini ilə qiymətləndirilən bu qələbə artıq turnirin ən yaxşı partiyasına namizəd göstərilir.
Rəcəbovun qələbə təəssüratını dinləməyə dəyər: “İstifadə olunmayan çoxsaylı imkanlardan sonra nə edəcəyimi bilmirdim. Kramniklə, Rapportla duel... Bu üzdən yenə qələbə qazanmamaq xoş olmazdı. Maraqlıdı, lövhə üzərində durumu nə qədər fərqli qiymətləndirirdik? Mən “qaralar”ın qurtulmaq şansının olmadığını görürdüm. Viditin isə fərqli düşündüyünü hiss edirdim. Başa düşmək istəyirəm, bu nədi: daha müasir kompüter məktəbi? 1950-60-cı illərin nəsli “qaralar”ın belə vəziyyətdə oyunu davam etdirməsinin mənasız olduğu qənaətinə gələrdi. Məsələn, mən belə vəziyyətlə üzləşəndə... təslim olmağı qətiləşdirirəm. Vidit isə çox dəqiq baxırdı. Bəlkə də bu düzdü. Əslində məhz belə partiyaları oynamaq daha maraqlıdı. Çünki bəzən “quru” oyunlar keçirirsən və əhvalın da qaydasında olmur”.
Şəhriyar Məmmədyarov Karlsenə məğlubiyyətin (bu, norveçlinin yenilmədiyi ardıcıl 34-cü oyun oldu. Maraqlıdı ki, onun son yenilgisi Bil turnirində məhz Məmmədyarovla dueldə qeydə alınıb) əvəzini Rapportdan çıxa bilərdi. Amma fiqurları qarşılıqlı şəkildə “dəyişən” tərəflər tezliklə heç-heçənin qaçılmaz olduğunu dərk etdilər və nəticədə 40-cı gedişdə xal bölgüsünə razılaşdılar.
Gözləmək olardı ki, parlaq qələbədən ruhlanan Rəcəbov uğurun davamını gətirməyə çalışacaq. Amma dünən 8-ci turda autsayder Van Forestlə qarşılaşan yığma üzvü özünə əziyyət vermədi. Sevimli rənglərlə - “qaralar”la oynayan Teymurun 17-ci gedişdə “sülh” təklifini holland şahmatçı böyük məmnuniyyətlə qəbul etdi. Halbuki turnirin ən təcrübəsiz və reytinqə görə sonuncu şahmatçısı olan Yordenə əksər iştirakçılar “asan yem” gözü ilə baxırlar. Təsadüfi deyil ki, 19 yaşlı qrossmeyster hamıdan çox – 5 dəfə məğlub olub. Rəcəbov da növbəti rəqiblərlə ağır oyunları nəzərə alaraq xal ehtiyatını zənginləşdirməyə çalışmalıydı.
Şəhriyar isə növbəti ağır sınaqla üz-üzə idi. “Qaralar”la Ananda qarşı qüsursuz oynamağı heç də hər şahmatçı bacarmır. Təəssüf! Məmmədyarov da “hind pələngi”nə qarşı duruş gətirə bilmdi. Əslində sakit şəkildə müdafiə olunaraq oyunu heç-heçəyə daşımaq olardı. Amma yığmamızın lideri bunu etmədi və nəticədə cəzalandı. Anand soyuqqanlı və dəqiq gedişlərlə Şəhriyarı 29-cu gedişdə məğlubiyyətlə barışmağa məcbur etdi. Əlbəttə, bu yenilgi Şəhriyarın turnir perspektivinə ciddi zərbə oldu. Amma növbəti istirahət gününü və daha 5 turun olduğunu nəzərə alsaq, vəziyyəti düzəltmək üçün imkan var.
7-ci tur
Vladimir Fedoseyev (Rusiya, 2724) - Maqnus Karlsen (Norveç, 2835) 0,5:0,5
Samuel Şenklend (ABŞ, 2725) - Yorden Van Forest (Hollandiya, 2612) 1:0
Teymur Rəcəbov (2757) - Santoş Vidit (Hindistan, 2695) 1:0 Aniş Giri (Hollandiya, 2783) - Liren Dinq (Çin, 2813) 0,5:0,5 Nepomnyaşi (Rusiya, 2763) - Yan-Kşiştof Duda (Polşa, 2738) 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2777) - Vişvanatan Anand (Hindistan, 2773) 0:1
Şəhriyar Məmmədyarov (2817) - Rixard Rapport (Macarıstan, 2731) 0,5:0,5
8-ci tur
Karlsen - Rapport 1:0
Anand - Məmmədyarov 1:0
Duda – Kramnik 1:0
Dinq - Nepomnyaşi 0,5:0,5
Vidit - Giri 0,5:0,5
Van Forest - Rəcəbov 0,5:0,5
Fedoseyev – Şenklend 1:0
Xal durumu: Karlsen, Anand - 5,5, Nepomnyaşi, Dinq, Giri - 5, Rəcəbov - 4,5, Vidit, Duda - 4, Fedoseyev, Şenklend - 3,5, Məmmədyarov, Rapport - 3, Van Forest - 2,5, Kramnik - 2.
Yarış iştirakçıları bu gün istirahət edəcək. Növbəti turun oyunları sabah baş tutacaq.
9-cu tur
Şenklend - Karlsen
Rəcəbov - Fedoseyev
Gir - Van Forest
Nepomnyaşi - Vidit
Kramnik - Dinq
Məmmədyarov - Duda
Rapport - Anand
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR