Gəncənin icra başçısı və AFFA-nın baş katibi ilə görüş planlaşdırılıb
Ötən sayımızda birinci divizionda mübarizə aparan “Kəpəz”in futbolçularının məşqi boykot etdiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, onları bu addımı atmağa məcbur edən səbəb 3 ay maaş üzünə həsrət qalmalarıdı. Komanda üzvlərinin bu addımından təlaşlanan baş məşqçi Etibar İbrahimov isə klubun mətbuat katibi Azad Mustafayevin məsləhəti ilə kollektivlə görüşüb və onları məşqə çıxmağa razı salıb. Kluba yaxın mənbələrdən əldə etdiymiz məlumata görə, baş məşqçi yetirmələrinə “bu həftə pullarınız veriləcək. Bu qədər dözmüsüz, ik-üç gün də səbr edin. Gələn həftə kluba yeni rəhbə təyin olunacaq ki, onun gəlişi ilə problem həllini tapacaq” söyləyib. Baş məşqçi ilə görüşdən sonra “sarı-göylər”in oyunçuları birgünlük boykotun ardından ertəsi məşqə çıxıblar.
“Kəpəz”də başverənlərlə bağlı Gəncə futbolunun “xaç atası” sayılan Mehman Allahverdiyevin fikirlərini öyrənməyi lazım bildik: “Kəpəz”dən ayrılandan stadiona getməmişəm. Klubun düşərgəsində başverənlər barədə də ondan-bundan eşidir, mətbuatdan xəbər tuturam. Açığı, klubun bu günə düşməsinə görə ürəyim ağırıyır. “Kəpəz”i öz avladım kimi sevirəm, övladının ağır duruma düşməsinə hansı ata sevinər?! Çox üzülürəm, əsəbləşirəm. Hazırda rəhbərlik olmadığından futbolçular maaş ala bilmirlər. Fikrimcə, Elxan Məmmədov qısa müddətdə bu problemi həll edəcək. O həmişə Gəncə futboluna diqqətlə yanaşıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev də klubun ayaqda qalmasına kömək edib. Ümid edirəm ki, yenə də belə olacaq. Komandanın belə vəziyyətə düşməsinə görə azarkeşlər də narahatdılar. Dəfələrlə mənə zəng vurub ürəkağrısı ilə əvvəlki “Kəpəz”i görmək istədiklərini söyləyirlər”.
Ötən saylarımızın birində gəncəli futbol veteranlarının bir araya gəlib “Kəpəz”in durumunu müzakirə etdiklərini xəbər vermişdik. Onu da qeyd etmişdik ki, şəhərin icra başçısı Niyazi Bayramov da “sarı-göylər”in yenidən elitada çıxış etməsində maraqlıdı və bunun üçün yardım etməyə hazırdı. Mehman bəy bizimlə söhbətdə bunları təsdiqlədi: “Gəncəli futbol veteranları ilə bir araya gəlib “Kəpəz”in düşdüyü vəziyyəti müzakirə etmişik və bu gün də edirik. Onlar da çox məyusdular. Hər gün Azərbaycanda hansısa yeni klubun yarandığını, iş adamlarının ora yatırım etdiklərini eşidir və ya mediada oxuyuruq. “Kəpəz” isə nə bu günün, nə dünənin komandasıdı. Klubun tarixi ənənəsi, qazandığı titullar var. Buna baxmayaraq, hazırda “Kəpəz” çox çətin durumdadı. AFFA rəhbərliyi olmasaydı, bəlkə də artıq fəaliyyətini dayandırmışdı. Niyazi müəllimlə şəxsən tanışlığım olmasa da, şəhər sakinləri ondan razılıq edir. Kim onunla görüşübsə, üzləşdiyi problem qısa müddətdə həllini tapıb. Fikirləşirəm ki, yaxın vaxtlarda mən də bir qrup veteranla birgə onunla görüşüm, “Kəpəz”lə bağlı söhbət edək. Bildiyim qədər idmana da diqqət ayıran şəxsdi. Ondan başqa Elxan müəllimlə də görüşməyi planlaşdırmışam. Ümid edirəm ki, bu görüşlər baş tutacaq və “Kəpəz”in gələcəyi üçün faydalı olacaq”.
RƏŞAD