Diniyev qardaşlarından başqa hamı oynadı
Antalyadakı hazırlıq prosesini başa vurmaq üzrə olan “Sabah” yanvarın 19-da üçüncü yoldaşlıq görüşünü keçirdi. Ayın 12-də Türkiyənin 1-ci dəstə təmsilçisi “Əskişəhərspor”u məğlub edib (1:0), dörd gün sonra “Tobol”la heç-heçə edən (2:2) “tələbələr”in srağagünkü rəqibi, öncədən planlaşdırıldığı kimi, Macarıstan “MTK Budapeşt”i idi. PFL rəsmilərinin zəhməti sayəsində şənbəgünkü qarşılaşmanı canlı izləmək imkanımız oldu.
Bəribaşdan qeyd edək ki, Elşad Əhmədov meydana heç də ideal “11-lik” buraxmamışdı. Cavid İmamverdiyev, Erik Ramos, Kərim Diniyev, həmçinin yeni transferlər – Rəşad Eyyubov, Təmkin Xəlilzadə və Coşqun Diniyevi yanında əyləşdirən baş məşqçi eksperimental start heyəti ilə yadda qaldı: Saşa Stamenkoviç, Vanderson Silva, Filip İvanoviç, Eltun Turabov, Novruz Məmmədov, Vadim Abdullayev, Tərzin Cahangirov, Elşən Abdullayev, Miloş Bosançiç, Bəxtiyar Soltanov, Marko Deviç.
Oyun birdəqiqəlik sükutla başladı ki, səbəbi 29 il əvvəl yanvarın 20-də dünyasını dəyişənlərin anılması idi. Lakin oyunun ilk dəqiqələrində heç də matəm ab-havası hiss olunmurdu. Hər iki komandanın üzvləri olduqca istəkli görünür, bəzən amansız mübarizələrdən çəkinmirdilər. Futbolçuların bir-birinə qarşı sərt, bir çox hallarda kobud oynaması türk hakimi hər imkanda fitini səsləndirməyə məcbur edirdi. Dəqiqələr irəlilədikcə “Sabah” oyuna nəzarəti tam ələ keçirdi. Qısa ötürmələr hesabına hücum quran təmsilçimiz rəqibi həyəcanlandırmağı bacarırdı. Vadim 12-ci dəqiqədə əlverişli mövqedən “çərçivə”yə düşə bilmədiyinə görə günahı özündə axtarmalıdı. 5 dəqiqə sonrakı epizodda isə macarlar Elşənin vurduğu topu qapı xəttindən çıxaran futbolçuya təşəkkür etmək məcburiyyətində qaldılar. Ardıcıl hücumlarla yadda qalan “Sabah”dan qol gözlədiyimiz halda əksi yaşandı. Tərzinin meydanın mərkəzindəki səhvini “sığortalaya” bilməyən Vanderson rəqibin “10 nömrə”sinin topu uzaq küncə “sancmasına” səbəbkar oldu. Bu vəziyyətdə Stamenkoviçin səhvini də qeyd etməliyik. Macarlar qolun sevincini doyunca yaşamamış “Titanik” İdman Kompleksinin tablosundakı “1-lər” bərabərləşdi. 25-ci dəqiqədə oyunun ən yaxşılarından olan Elşənin ideal ara ötürməsindən sonra Vadim bu dəfə toru silkələməyə nail oldu. 2 dəqiqə sonra Elşənin növbəti dəfə qol vurmaq cəhdini rəqib qapıçı gözündə qoydu. Buna baxmayaraq, fasiləyə üstün yollanan bizimkilər oldu. Yarım saatın tamamında Deviç “MTK Budapeşt”i məyus etməklə hesabı komandasının xeyrinə dəyişdi.
“Sabah” ikinci yarıya, gözlənildiyi kimi, əvəzetmələrlə başladı. Miloş Bosançiçi Cavid İmamverdiyev, Vadim Abdullayevi Erik Ramos, Tərzin Cahangirovu Rəşad Eyyubov, Novruz Məmmədovu Məqsəd İsayev, Bəxtiyar Soltanovu Təmkin Xəlilzadə əvəzlədi. Hissənin gedişində Elşən Abdullayev - Elgün Nəbiyev, Marko Deviç - Emil Qasımov, Vanderson Silva - Şakir Seyidov dəyişikliklərinin də şahidi olduq. Əvəzetmələrə baxmayaraq, oyunun keyfiyyəti ilk hissədəki kimi deyildi. Son 15-20 dəqiqədə hər iki komandada pərakəndəlik hiss olunurdu. Macarlar nisbi üstünlüyə sahib olmalarına baxmayaraq, ciddi mənada heç nə ilə yadda qalmırdılar. Oyunun başa çatmasına saniyələr qalmış ötən qarşılaşmada fərqlənən İmamverdiyev bu dəfə də səhnəyə çıxdı. Hesabı 3:1 edən kapitanın sevincindən az sonra referi final fitini səsləndirdi.
Elşad Əhmədov bu oyunda, demək olar, bütün futbolçulara şans verdi. Yalnız Diniyev qardaşları - Kərimlə Coşqun sona qədər kənarda qaldı. Halbuki Kərim əvvəlki iki qarşılaşmada meydanda olmuşdu. Coşqun isə “Qarabağ”dan transfer olunanda hansısa zədədən söhbət gedə bilməzdi. Belədə atalarının canlı izlədiyi oyunda qardaşların meydana çıxmaması təəccüblü görünməyə bilməzdi. Məsələyə aydınlıq gətirmək üçün “Sabah”ın baş məşqçisi Elşad Əhmədov ilə əlaqə saxladıq: “Coşqun xəstədi, soyuqdəyməsi var. Əslində hələ “Tobol”la oyunun ikinci hissəsində ona şans vermək istəyirdim. Amma həkim bildirdi ki, özünü yaxşı hiss etmir, deyəsən, soyuq dəyib. Ona görə də risk etmədik. Sonrakı üç gündə özünə gəlməsinə imkan yaratdıq. Bu üç gündə yalnız dünənki məşqdə iştirak edib. Bu gün də meydana çıxmağa tam hazır olmadığına görə oynatmadıq. Yaxşıya doğru dəyişsə, növbəti görüşdə heç olmasa, 45 dəqiqə şans vermək istəyirəm. Kərimə gəlincə, dünənki hazırlıqda kiçik xəsarət aldı. Elə də ciddi bir şey deyil. Sadəcə, işimizi ehtiyatlı tutub dincəlməsinə qərar verdik”.
Elşad bəyin oyunla bağlı klubun “feysbuk” səhifəsi üçün səsləndirdiyi ümumi fikirlər isə belə olub: “MTK Budapeşt” Macarıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Bu cür komandaya qarşı futbolçular da həvəslə oynayırlar. İlk 45 dəqiqə, demək olar, tam üstünlüyümüz şəraitində keçdi. Hesab 0:0 olan zaman üç real qol fürsətini dəyərləndirə bilmədik. Əvəzində rəqib əks-hücumda bizə qol vurdu. Ancaq tezliklə hesabı bərabərləşdirərək, oyunda üstünlüyü ələ ala bildik. Rəqibin sürətli futbolçuları var idi. Onlar bizə təhlükə yaradırdılar. Buna baxmayaraq, ilk hissəni 2:1 öndə tamamladıq. Fasilədə bir neçə əvəzetmə etdim. Bütün futbolçuları sınamaq istəyirdim. Təlim-məşq toplanışında oyunçuların hazırlığını görmək baxımından bu, bizim üçün vacib idi. İkinci hissədə meydana çıxan futbolçular da oyundan “düşmədilər”. Matçın ritmini əlimizdə saxladıq. Tam olmasa da, qol fürsətlərimizdən istifadə etməyi bacardıq. Yekunda 3:1 qalib gəldik. Komandamın oyunundan tam razı qaldım”.
Nəzərinizə çatdıraq ki, “Sabah” Antalyadakı sonuncu görüşünü yanvarın 22-də İsveçrə “Syon”una qarşı keçirəcək. Komanda üzvləri ertəsi Bakıya qayıdacaq.
HƏBİB