Sizin reklam burada

Samit Nuruzadə danışmaqdan çəkindi

Baxış Sayı:550

Samit Nuruzadə danışmaqdan çəkindi
Bu gün AGİN-də ölkə basketbolunun taleyinə aydınlıq gələcək
Basketbol üzrə ölkə çempionatında iştirak edən klubların daxili birinciliyi boykot etdiklərindən xəbəriniz var. Bu haqda ötən saylarımızın birində xəbər vermişdik. Bundan başqa, “qiyamçı” klubların təşkil etdiyi mətbuat konfransında iştirak edib, onları bu addımı atmağa sövq edən səbəbləri də diqqətinizə çatdırmışdıq.
“Landmark” otelində təşkil olunan konfransda çempionatda iştirak edən bütün klubların nümayəndələri ilə yanaşı, yığmanın sabiq üzvləri də iştirak edirdi. Onlar da “qiyamçılar”ın tərəfində olduqlarını, federasiyanın indiki rəhbərliyinin istefa verməli olduğunu bildirmişdilər.
Ancaq Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov boykotçuların addımını yanlış sayaraq, onların səhv yolda olduğunu bildirməkdən çəkinmir. Nadir bəy qeyd etdiyimiz mətbuat konfransından bir gün öncə mətbuata açıqlama verərək, klubların dövlətin idman siyasətinə qarşı çıxdığını söyləmiş, bu addımın yanlış olduğunu bildirmişdi. Onun sözlərinə görə, “qiyamçılar” 2 il yarım öncə gəncləşdirmə siyasəti çərçivəsində Samit Nuruzadənin federasiyanın baş məşqçisi postuna gətirilməsini həzm edə bilmir və buna görə də bu gün federasiyaya qarşı çıxırlar.
Nadir bəyin səsləndirdiyi fikirləri “Landmark” otelində təşkil olunan mətbuat konfransından sonra yığmanın sabiq kapitanı, müstəqil Azərbaycan basketbol tarixində müəyyən iz qoymuş, hazırda NTD-nin baş məşqçisi olan Tahir Baxşıyevlə ayaqüstü söhbətdə müzakirə etdim. Tahir bəy Nəsibovun açıqlamasını ictimai rəyi yayındırmaq kimi dəyərləndirdi: “Mən və ya başqa veteran basketbolçular, klub rəhbərləri nəyə görə Samitin təyinatına qısqanclıqla yanaşmalıyıq? O kimdi axı? Olmayan yığmanın baş məşqçisi. Mən də U-20-nun çalışdırıcısıydım. Nə olsun? Bir halda ki, Azərbaycanda yığma yoxdu, onun baş məşqçisi olmaq nəyə görə kimisə qıcıqlandırmalıdı? Bu gün Nadir müəllim vəziyyətdən çıxmaq üçün hər şeyə əl atır. Gah deyir kimlərsə Samitə görə bu addımı atır, gah da boykot qərarına siyasi don geydirmək istəyir. Bəlkə də mənim kimi Azərbaycanı sevən ikinci şəxs yoxdu. Biz İslam Həmrəyliyi Oyunlarının qalibi olduqdan sonra ölkə başçısı İlham Əliyev yığmanı qəbul etdi. Həmin görüşdə onun “bu xəbəri mənə çatdıranda çox sevindim. Həmin gün əhvalım çox yüksək oldu, belə də davam edin” deməsi hamımıza əlavə ruh yüksəkliyi verdi. Ondan sonra bizə elə gəlirdi ki, bir az da “artırsaq”, növbəti seçmə mərhələdə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağıq. Və bu yöndə də hazırlaşırdıq. Təəssüf ki, federasiya rəhbərliyi bizə dəstək olmadı, heç bir kömək göstərmədi”.
Tahir bəy bu sözləri qeyri-rəsmi söhbətdə dedi və onun səmimiliynə şübhəm olmadı. Baxşıyevin ürəkyanğısı ilə səsləndirdiyi fikirlərdən belə başa düşmək olardı ki, onun çempionatı boykot edən klubların yanında olmasının arxasında heç bir siyasi motiv yoxdu. İnsan, sadəcə, sevdiyi və bacardığı sahənin inkişafında maraqlıdı.
Basketbol camiəsində yaşananlarla bağlı federasiya prezidentinin adını hallandırdığı Samit Nuruzadəyə də tribuna verməyi lazım bildik. Ancaq Samit bəy danışmaq istəmədi. O əvvəlcə federasiyanın icraçı direktoru Rüstəm Rüstəmovla əlaqə saxlamağımızı istədi, ardınca isə bunları söylədi: “Yaxşı olardı ki, Rüstəm müəllimlə danışın, o sizə ətraflı məlumat verəcək”. Bizə sizin fikriniz maraqlıdı” demişdik ki, olmayan yığmanın baş məşqçisi bunları dedi: “Mən hələ gözləyirəm. İndi danışmağım düz çıxmaz. Bir neçə gündən sonra özüm lazımi müsahibəni verəcəm”.
Nuruzadənin sözlərindən belə aydın oldu ki, işini ehtiyatlı tutmağı lazım bilir. Nəyin necə olacağını, hadisələrin hansı məcrada davam edəcəyini gözləyən mütəxəssis tələsəik addım atıb, özünü ictimaiyyət arasında “pis oğlan” kimi tanıtmaq istəmir.
Sonda xatırladaq ki, bu gün Gənclər və İdman Nazirliyində “qiyamçı” klubların rəhbərləri ilə federasiyanın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri, Basketbol Federasiyasının vitse-prezidenti Həsənağa Rzayev arasında növbəti görüş keçiriləcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR