Ramil Diniyev fitlə birdəfəlik vidalaşdı
İllərdi premyer-liqada oyunlarında hakimlik edən Ramil Diniyev karyerasını başa vurub. Əslində səbəbkar hələ ötən ay qəzetimizə verdiyi açıqlama bu haqda dolayı yolla da olsa, məlumat vermişdi. Dizindən ağır zədə aldığını deyən Diniyev bunun üçün əməliyyata ehtiyac duyduğunu bildirsə də, hakimlikdən uzaq düşmək istəyində olmadığını da etiraf etmişdi. Bunun üçün ədalət təmsilçilərinin hazırda Mingəçevirdə davam edən hazırlıq prosesində iştirak etməli, toplanışın gedişində zədəsinin ciddi olub-olmadığına görə addım atmalıydı.
Əldə etdiyimiz məlumata görə, Ramil Diniyev Mingəçevirə yollanmayıb. Buna səbəb isə hakimlik karyerasını 41 yaşında başa vurmaqla bağlı verdiyi qərardı. Təfərrüatı öz dilindən eşidək: “Düz qeyd edirsiz, Mingəçevirə getmədim. Çünki buna ehtiyac duymadım. Hələ toplanışdan əvvəl fərdi şəkildə hazırlıq keçərkən dizimdəki zədənin məşq etməyə imkan verməyəcəyini hiss edirdim. Ona görə də ora yollanmağın vaxt itkisi olduğunu düşündüm. Çünki artıq neçə müddətdi hakim-inspektorlar üçün nəzərdə tutulmuş məşğələlərdə iştirak edirəm. İndi də yoldayam, məşğələyə gedirəm. Qaydalar və yeniliklərlə tanış olur, iş prosesini öyrənirik. Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq. Sağlıq olsun, ikinci yarıdan etibarən adımı hakim yox, hakim-inspektor qismində yazacaqsız. Özüm hakimlikdə illərin təcrübəsinə sahib olduğum üçün hansısa çətinliklə üzləşəcəyimi düşünmürəm. Hər halda, müəyyən savadımız var. Çətini işə başlamaqdı, davamı gələcək”.
HƏBİB