Elbrus Məmmədov divizion klublarının çalışdırıcılarına səbrli olmağı tövsiyə etdi
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət yığma yanvarın 21-24-ü aralığında Antalyada təlim-məşq toplanışında olacaq. Hazırlığa dəvət alan futbolçuların siyahısı narazılığa səbəb olub. Divizion klublarından bir neçəsi Milan Obradoviçin seçiminə etiraz edir. Əslində təyinatı bir neçə gün əvvəl gerçəkləşən serb mütəxəssisdən çox, köməkçisi Elbrus Məmmədov hədəfə alınıb. 23 nəfərlik siyahını məhz onun hazırladığını düşünürlər. Məsələ burasındadı ki, “Sumqayıt-2”dən nə az, nə çox - 7 nəfərin milliyə çağrılması qıcıq doğurub. Axı Elbrus bəy həm də gənclik şəhəri təmsilçisinin əvəzedicilərinə başçılıq edir. Qəzetimizin ötən sayına açıqlama verən “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov iradını “ötən seçmə mərhələdə iki futbolçumuzu gözaltı edib, oyunlarını izləyirdilər. U-21-in məşqçiləri klub rəhbərliyi ilə söhbətdə qış toplanışında həmin futbolçulara dəvət göndərəcəklərini demişdilər. O uşaqların əsas heyətdə oynamalı olduqlarını demirəm. Amma toplanışa dəvət olunub, sınaqdan keçmək onların haqqıdı. Yığmadakı baş məşqçi dəyişikliyindən sonra açıqlanan siyahıda 4-cü pillədə yer alan “Zaqatala”dan heç kimin olmaması xoş hal deyil. Bu gün sərəncamımda 4-5 nəfər var ki, U-21-ə dəvət alanlardan nəinki geri qalmırlar, hətta üstündülər. Bəlkə də siyahının açıqlanmasında Elbrus Məmmədovun namizədləri əsas götürülüb. Halbuki Zaqatalada “Sumqayıt-2” ilə oynamışdıq və 3:0 hesabı ilə qələbə qazanmışdıq” şəklində çatdırmışdı. Vaxtilə yığmada işləyən “Kəpəz”in çalışdırıcısı Etibar İbrahimovun etirazını da qulaqardına vurmaq olmaz: “Milan Obradoviç heç kimi tanımır. Ancaq köməkçisi Elbrus Məmmədov uşaqları görüb, kimin nəyə qadir olduğunu bilir. Toplanışa 1998-99 doğumlu gənclər çağırılıb. Bu yaş qrupunda futbolçular çoxdu. “Kəpəz”də ən azı yoxlanmağa layiq uşaqlarımız var”. “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev də “baltanı kökündən vurub”: “Ötən il bu qədər uşaq “Qarabağ”dan idi, bu il “Sumqayıt”dan. Mənə maraqlıdı ki, Obradoviç bunları harda görüb bəyəndi? Bu gün bizdə ordakılardan da bacarıqlı futbolçular var. Xəyal Əmirli, Rövşən Şahmuradov, Camal Camalov, İlkin Abdullayev – hər biri bacarıqlı uşaqlardı, yığmaya kömək edə biləcək gücdədilər. Mərkəz müdafiəçisi olan Xəyal rahat U-21-də oynaya bilər. Mütləq hamısının oynamalı olduqlarını demirəm. Hər məşqçinin öz oyun fəlsəfəsi var. Amma dəvət edib, nəyə qadir olduqlarını görmək olardı. İnanın, uşaqlar özləri də soruşur ki, Elçin müəllim, bilmirsiz, biz niyə kənarda qaldıq?”
Belədə qeyri-obyektiv seçimdə ittiham olunan Elbrus Məmmədovun fikrini öyrənməyə bilməzdik. Obradoviçin köməkçisi narazı “cəbhə”nin fikrinə hörmətlə yanaşdığını desə də, seçimini də məntiqli şəkildə izah etdi. “Sumqayıt-2”dən daha çox futbolçu cəlb olunmasına da cavab verdi: “U-21 yeni baş məşqçinin rəhbərliyi altında birinci dəfə yığışır. Bütün namizədləri birdən çağırmaq, 50-60 nəfəri aparıb bir oyunda hamısına şans vermək mümkün deyil. İlk olaraq, əsasən premyer-liqada çıxış edən futbolçulara üstünlük verdik. Sonra divizionun lider komandalarına nəzər saldıq, seçimimizi onların heyətindən etdik. Lider deyəndə ilk “üçlüy”ü nəzərdə tuturam. Bu komandalar isə “Sumqayıt-2”, MOİK və “Neftçi-2”di. Əsas heyətdə özünə yer edən, premyer-liqada oynayan futbolçular var. Belədə biz növbəti toplanışlarda ancaq boş yerlərə namizəd axtaracağıq. Həmkarlarıma demək istəyirəm ki, bir az səbrli olsunlar. Bizim iyun-iyul ayına kimi vaxtımız var. Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq. Təbii ki, kimi bəyənib-bəyənməmək Milan Obradoviçin rəyindən asılı olacaq, son sözü o deyəcək.
O ki qaldı “Sumqayıt-2”dən çox oyunçu çağırılması ilə bağlı iradlara, buna narazılıq bildirənlərin nəzərinə çatdırmaq istəyirəm ki, 7 nəfərin heç də hamısı əvəzedicilərin üzvü deyil. Mənim rəhbərlik etdiyim komandadan 3 nəfər siyahıya salınıb. Qalan 4-ü isə əsas komandanın oyunçularıdı, bu dəqiqə də Antalyada toplanışdadılar”.
MİRAĞA